• şənbə, 24 Fevral, 00:50
  • Baku Bakı 4°C

Zamanı olmayanların “qida dostu”

20.01.24 04:01 2384
Zamanı olmayanların “qida dostu”

Konservləşdirilmiş məhsullar qida rasionumuzun ayrılmaz tərkib hissədir. Lakin bu məhsullardan istifadə zamanı zəhərlənmə və ölüm hallarına da rast gəlirik. Konservləşdirilmiş məhsullar xeyirli, ya ziyanlıdır? Daha çox nələrə diqqət etməliyik? 

Müasir həyat tərzimiz qida rasionumuza da ciddi təsir göstərir. Zamana qənaət etmək üçün bir çoxlarımız qida qəbulu zamanı konservləşdirilmiş məhsullara üstünlük veririk. Meyvə, tərəvəz, həmçinin ət və balıq məhsullarını həm təbii, həm də konservləşdirilmiş formada da yeyirik. Qida məhsullarının konservləşdirilməsinin kəşfi fransız aşpazı Fransua Apperin adı ilə bağlıdır. O, bu üsulu 1809-cu ildə ixtira etsə də, qısa zamanda bütün dünyaya yayılıb.

Doğrudanmı konservləşdirilmiş məhsullar ziyanlıdır?

Konservləşdirilmiş məhsullar haqda fikirlər heç də birmənalı deyil. Cəmiyyətin bir hissəsi onun xeyirli, digər kəsim isə, əksinə, ziyanlı olduğunu iddia edir və qətiyyətlə bu tip qidalardan imtinaya çağırırlar. Bəs reallıq necədir? Doğrudanmı konservləşdirilmiş məhsullar ziyanlıdır? Gəlin birlikdə araşdıraq. 

Dünya alimlərinin tədqiqatlarına görə, konservləşdirmə prosesi zülal, karbohidrat və yağlara heç bir mənfi təsir göstərmir və ərzağın qida maddələrinin xeyli hissəsi olduğu kimi qalır.  Bundan başqa, bir çox minerallar, həmçinin A, D və E vitaminləri dağılmır. Amma konservləşdirmə prosesi çox vaxt yüksək temperatur altında həyata keçirildiyi üçün qidaların tərkibindəki ən zəruri sayılan C vitamini məhv olur. Bir çox məhsullar var ki, əksinə, konservləşdirmə zamanı tərkibindəki xeyirli maddələr artır. Məsələn, yüksək temperatur altında pomidordan daha çox antioksidant ayrılır ki, bu da həmin tərəvəzi sözügedən maddələrlə daha da zəngişləşdirir. Aparılan araşdırmalara görə, təzə pomidorda 0,5 qram zülal, 3 qram  karbohidrat, az miqdarda yağ olduğu halda, 100 qram konservləşdirilmiş pomidorda 1 qram zülal, 3,8 qram karbohidrat, az miqdarda yağ var. 

Emal zamanı vitaminlər məhv olur 

Meyvə və tərəvəzlərlə yanaşı, konservləşdirilmiş qidalar arasında ən geniş yayılmışlardan biri də balıq məhsullarıdır. Məlumdur ki, balıq xarab olmaması üçün tutulan kimi ya dondurulmalı, ya da konservləşdirilməlidir. Konservləşdirmə bəzi xeyirli elementləri (məsələn, maqnezium, kalsium, kalium, fosfor və s.) və B qrupuna aid vitaminləri saxlayır. Onlar əsəb və ürək-damar sisteminə yaxşı təsir edir. Təbii ki, termiki emal zamanı müəyyən qədər vitaminlər məhv olur. Yağlı balıq növlərində həmçinin omeqa-3 vitamini də qalır. Balıq konservlərinin bir neçə növü var: yağlı, öz şirəsində, tomat sousunda və s. Amma ən məsləhətlisi tomat sousunda olanlardır. Onların kalorisi də aşağıdır. 

Qaydaları gözləmədikdə kütləvi zəhərlənmələr qaçılmazdır

Həkim-infeksionist İbrahim Rufullayev deyir ki, zəhərlənmələrə əsas səbəb evdə bağlanan konserv məhsullarıdır: “Ev şəraitində konservləşdirmə sanitar rejim tam gözlənilməklə baş verməlidir. Xanımlar evdə əsasən turşular, kompotlar bağlayır. Onlar bilməlidir ki, meyvə, tərəvəz öncə yaxşı yuyulmalı, emal olunmalıdır. Daha sonra bağlanacaq bankalar da qaynadılmalı, sterilizə edilməlidir. Qaydaları gözləmədikdə kütləvi zəhərlənmələr qaçılmazdır. Bəzən həkimlər belə, bunun qarşısını ala bilmirlər. Çünki zəhərlənmənin dərəcəsi yüksək olur. Oksigen olmayan şəraitdə botulizm xəstəliyi yaranır. Yəni orada toksinlər əmələ gəlir və zəhərlənməyə səbəb olur. Konservləşdirilmiş məhsulların bağlandığı bankanı açanda diqqətli olmaq lazımdır. Əgər bankada qaz varsa, qapağı qalxmağa başlayacaq. Yaxud, açan zaman qazlı səs çıxır. Və ya dadına baxanda xoşagəlməz dad  hiss edirlərsə, onu istifadə etmək olmaz. Bu, həmin məhsulun zəhərli olduğunu göstərir. Məsləhət görərdim ki, insanlar daha çox sənaye üsulu ilə hazırlanan konservləşdirilmiş məhsullara üstünlük versinlər. Burada praktiki olaraq zəhərlənməyə əsas qalmır. Amma ev şəraitində hazırlanan məhsullar, əlbəttə ki, təhlükəlidir”. 

Ən çox zəhərlənmələr bu halda baş verir

Həkim-terapevt Məlahət Qədirova deyir ki, konserv məhsulu alarkən üzərində saxlanma müddətinə baxmaq çox vacibdir: “Bir çox ət konservlərinin saxlanma müddəti 3 ildən 5 ilə qədərdir. Konservləşmiş məhsulları alarkən etiketdəki məlumatlar, markalanma, qabın səthində mümkün olan  defektlər, pas ləkələri, məhsulun yığım ölçüsü və vəziyyətinə  diqqət yetirilməlidir. Bəzən qabların daxili səthində sterilizə  zamanı göy rəngli ləkələr əmələ gəlir. Bu təbəqədən qorxmaq lazım deyil. Çünki ziyansızdır. Sadəcə, konservlərin xarici görünüşünü dəyişir. Şüşə bankalarda belə hallar daha çox olur.  Dəmir-sulfidin tünd rəngli təbəqəsi əmələ gəlir. Köhnə, iy gələn,  vaxtı keçmiş ət və balıq konserv məhsullarından istifadə etmək qəti qadağandır və insan orqanizmində mənfi fəsadlara yol aça bilər. Belə məhsullardan zəhərlənmə zamanı ölüm faktları da qeydə alınır. Ən çox zəhərlənmələr bağlı qablardakı turşu məhsullarından istifadə zamanı baş verir. Turşuya qarışan  botulotoksin zəhərlənməyə səbəb olur və bəzən ölümlə nəticələnir. Açıq turşularda belə hallar baş vermir və botulizm  olmur. İnsanlar bilməlidirlər ki, turşu qoyulan balonlarda qapaq şişibsə, suyu bulanıqdırsa belə məhsulları yemək olmaz. Bu tək ev şəraitində deyil, fabrik  istehsalı olan məhsullara da aiddir. Bəzən plastik qablarda  qoyulan turşular da zəhərlənməyə səbəb olur. Bu, turşunun tərkibində olan maddələrin qabın tərkibində olan zəhərli  maddələrlə qarışması zamanı baş verir. Hər kəsə konserv məhsullarından istifadə edərkən dadında, iyində, görünüşündə hər hansı bir şübhə əmələ gələrsə, qəti olaraq yeməməyi tövsiyə edirəm”.

Xanım Aydın

banner

Oxşar Xəbərlər