• cümə axşamı, 13 iyun, 05:08
  • Baku Bakı 24°C

Xəstə içir, faydasını “firma” görür

29.04.23 03:00 1324
Xəstə içir, faydasını “firma” görür

Bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılması qanunla qadağan olsa da, buna əməl edilmir. Üstəlik, son vaxtlar bu qida əlavələrinin reseptlərə yazılması halı daha da çoxalıb. İnsanlar da bu vasitələrə daha çox inanır.  

Həkim resept yazır, alırıq və dərmanları qəbul edərkən üzərində belə bir cümlə oxuyuruq: “Dərman vasitəsi deyil. Bioloji fəallığa malik qida əlavəsidir”.

Əslində isə bioloji fəallığa malik qida əlavələrinin reseptə yazılması qanunla qadağandır. “Dərman vasitələri haqqında” qanunumuz deyir ki, bioloji aktiv qida məhsulları orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəz etmir və bioloji aktiv qida məhsullarının həkim reseptinə yazılması qadağandır.

Qadağandır, amma yazılır. Üstəlik, bu hallar getdikcə artır. Həkimlər immun sistemimizin zəif olduğunu əsas gətirib yazır, insanlar isə həkimlərin firmalarla əməkdaşlıq etdikləri üçün belə halların artdığını deyirlər. Əsl səbəb nədir?

“Dünyada tələb artır”

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli bildirdi ki, bioloji fəallığa malik qida əlavələrinə yalnız Azərbaycanda deyil, dünyada da ehtiyac və tələb artıb: “İqlim dəyişiklikləri, əhalinin qapalı məkanlarda daha çox vaxt keçirməsi, oturaq həyat və s. faktorlar insanlarda maddələr mübadiləsinin pozulmasına və aktiv bioloji maddələrin insan orqanizmində azalmasına gətirib çıxarıb. Nəticədə insanlarda həm immun, həm də sümük-oynaq sistemlərinin çox ciddi böhranlı vəziyyəti müşahidə olunur. D, A vitaminləri, sink, selen, kalsium, kalium və s. kimi həyati əhəmiyyətli maddələrin insan orqanizmində çatışmazlığı sürətlə yayılır. Yəni bioloji fəallığa malik qida əlavələrinə ciddi tələbat yaranıb”.

Sertifikatlaşması və ölkəyə idxalı daha asandır

İ.Hüseynli bildirdi ki, bioloji fəallığa malik qida əlavələrinin sertifikatlaşması və ölkəyə idxalı da asan başa gəlir. Ona görə dərman idxalı ilə məşğul olan şirkətlər buna daha çox maraq göstərirlər: “Şirkətlər bunu gətirirlər, qida əlavələrinin yazılması ilə bağlı həkimlərlə onu gətirən şirkətlər arasında bəzi hallarda müəyyən sövdələşmələr baş verir. Düşünürəm ki, kütləvi şəkildə hamıya yazmaq yox, ehtiyacı olana yazmaq normaldır”.

Elmi təsdiqini tapmayan vasitə

Almaniyada çalışan azərbaycanlı həkim Elvin Hüseynov deyir ki, bioloji fəallığa malik qida əlavələrinin müalicəvi təsiri tibb elmində sübut olunmayıb: “Bir tibb elmi var, bir də alternativ təbabət. Tibb elmində müalicə elmi tədqiqatlarla təsdiqini tapan dərman vasitələri ilə aparılır. Alternativ təbabət isə klassik tibb və tədqiqatlarla təsiri sübut olunmamış metodlardır. Komplementar təbabət də alternativ təbabətin bir qoludur. Bioloji fəallığa malik maddələrlə müalicə komplementar təbabət adlanır. Elmi olaraq müalicəviliyi sübuta yetirilməmiş hər hansı maddənin tibdə köməyinə şübhə ilə yanaşırıq. Almaniyada resept yazarkən o maddələrdən istifadə edilmir”.

E.Hüseynov bildirdi ki, tibdə yalnız bir neçə halda bioloji fəallığa malik qida əlavələrinin tətbiqi məsləhət görülür: “Məsələn, hamilə qadınlarda fol turşusunun qəbulu məsləhətdir. Bir də 65 yaşdan sonra müəyyən miqdarda D vitamini məsləhət görmək olar. Bu, daha az risk almaq deməkdir. Amma cavan insanlara qanda D-nin miqdarını yoxlamadan kor-koranə şəkildə vitamin D məsləhət görmək tibbi cəhətdən yanlışdır”. E.Hüseynov bioloji fəallığa malik qida əlavələrinin ziyansız olması düşüncəsini yanlış hesab edir. 

“Tibdə immuniteti qaldıran preparat yoxdur”

E.Hüseynov qeyd etdi ki, tibdə immuniteti qaldıran hər hansı preparat yoxdur: “İmmun sistemini gücləndirmək həyat tərzinə bağlı olan şeydir. O insanlar sağlam olur və xəstəlikləri yüngül formada keçirir ki, onların yanaşı xəstəlikləri azdır, aktiv həyat tərzləri var, idmanla məşğul olurlar, qidalanmalarında müəyyən aspektlərə fikir verirlər. Siqaret çəkmirlər, alkoqol istifadə etmirlər”.

Birinci maraqlı tərəf istehsalçı şirkətlərdir

Həkimin sözlərinə görə, bioloji fəallığa malik qida əlavələri ilə müalicə alırsınızsa, burda xeyri siz yox, istehsalçı şirkətlər, idxal firmaları, həkimlər görür: “Bunların təyin edilməsində birinci maraqlı tərəf istehsalçı şirkətlərdir. Çünki o dərmanların nə kəşfinə, nə də istehsalına böyük vəsait tələb olunmur. Yüksək miqdarda da gəlir gətirir. İdxal firmalarına da bu dərmanları satmaq sərf edir. Bu vasitələri çox təyin edən həkimlər də yəqin ki, dərman firmaları ilə əməkdaşlıq şəklində fəaliyyət göstərirlər. Oradan müəyyən məbləğ alırlar”.

“Qida təhlükəsizliyi haqqında” qanunun tələblərinə görə, 2023-cü il yanvarın 1-dən Azərbaycanda da həmin məhsulların istehsal obyektinin təsdiqedici sənədi və qeydiyyatı tələb olunur.

150 manatdan 200 manatadək cərimə

Yanvarın 1-indən etibarən Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bioloji fəallığa malik qida məhsullarının satışı ilə bağlı apteklərə nəzarətin gücləndirildiyi qeyd edilir. Bildirilir ki, tibbi reseptlərdə həmin məhsulları dərman vasitəsi kimi qeyd edən həkimlər inzibati məsuliyyətə cəlb olunacaq.

AQTA-dan sorğumuza cavab olaraq bildirildi ki, Nazirlər Kabinetinin 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın tələbləri nəzərə alınmaqla "Analitik Ekspertiza Mərkəzi" MMC tərəfindən bioloji aktiv qida məhsulu olduğu müəyyənləşdirilən vitamin və mineral tərkibli bioloji aktiv qida məhsullarının adlarının həkim reseptinə yazılması "Dərman vasitələri haqqında" qanunla qadağan edilib.

Eyni zamanda AQTA qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 221.9-cu maddəsinə əsasən, bioloji aktiv qida əlavələrinin həkim reseptinə yazılmasına görə vəzifəli şəxslərin əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslərin yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər