• bazar ertəsi, 02 dekabr, 01:32
  • Baku Bakı 8°C

Tək ağcaqanadların “düşməni” deyil

08.07.23 05:00 4298
Tək ağcaqanadların “düşməni” deyil

Ağcaqanadlardan qorunmaq üçün fərqli maddələrdən istifadə olunur. Bu vasitələr əsasən 2 qismə bölünür. Birincisi yağlar, krem şəklində olan maddələr və spreylərdir. Hansı ki, dərinin açıq nahiyələrinə tətbiq edilir. İkincisi isə elektriklə işləyən cihazlardır.

Yayın gəlişi ilə hər il evimizə “sevimli” qonaqlarımız kimi ağcaqanadlar da təşrif buyururlar. İnsanlar onlardan qurtulmaq üçün fərqli üsullardan istifadə edir. Bu yollardan biri də dərmanlardır. Həm sprey, sulu aparat formasında, həm də yandırmaq üçün tabletə bənzəyən bu dərmanlar bizi ağcaqanadlardan qoruyur. Bəs əslində bu dərmanlar xilaskarımızdır, yoxsa sağlığımız üçün zərərli?

Müharibələrdə də istifadə olunub

Allerqoloq Aytəkin Həsənzadə dedi ki, ağcaqanad dərmanları müxtəlif formalarda istifadə olunur: “Ağcaqanadları məhv etmək üçün istifadə olunan dərman vasitələrinin tərkibi formalarından asılı olmayaraq trietilamin tillomed adlanan kimyəvi molekullardan ibarətdir. Hansı ki, bu tərkibli dərmanlardan daha çox kənd təsərrüfatında zərərverici həşəratları məhv etmək üçün tətbiq edilir. Zərərli təsirləri çoxdur. Hətta bu maddədən müharibələrdə də istifadə olunub. Zərərli təsirləri müharibə bitdikdən sonra aşkarlanıb. Ona görə də, “Körfəz savaşı qalıntısı” əlamətləri kimi ədəbiyyatlarda qeyd edilir”.

Dəri qıcıqlanması, kontakt dermatit, övrə...

A.Həsənzadə bildirdi ki, bu dərmanların otaqdakı təsiri günlərlə qalır: “Əlavə təsirlərə gəldikdə, həmin maddələr ilk olaraq tənəffüs yollarında qıcıqlandırıcı təsirə malikdir. Uzun müddət istifadə etdikdə hətta kanserogen təsir də göstərə bilər. Eyni zamanda, çox uzun müddət istifadə etdikdə insanlarda baş ağrıları, yuxusuzluq, halsızlıq, yaddaş pozuntusu əlamətləri müşahidə olunur. Dəriyə sprey formasında tətbiq edilənlərin də tərkibində eyni adlı maddə var. Bu maddə dəri qıcıqlanması, kontakt dermatit, övrə və s. yarada bilər. Bəzən insanlar fikirləşirlər ki, “dərmanı yandırım, bir müddət otaqda olan ağcaqanadlar ölsün, sonra pəncərəni açıb otağın havasını 1-2 saat dəyişərəm”. Əslində 1-2 saat, hətta bütün gün ərzində otağı havalandırmaq belə, bu maddələrin təsirinin azalmasına şərait yaratmır. Yəni, zərərli havanın çox az bir hissəsi otaqdan təmizlənir”.

Ən yaxşı qorunma təbii vasitələrdir

Allerqoloq bildirdi ki, ağcaqanadlardan ən yaxşı qorunma təbii vasitələrdir: “Bu zərərdən qaçmaq üçün təbii yağlardan istifadə etmək məsləhətdir. Otağımıza qoya, yaxud dərimizə sürtə bilərik. Bu, zərərvericilərin, həşəratların uzaq durmasına kömək edir. Hər hansı həssaslığımız mövcud deyilsə, ağcaqanad əleyhinə lavanda, qərənfil, rozmarin yağlarını rahatlıqla istifadə edə bilərik”.

Sinir sistemlərimizə də təsir edir

Pulmonoloq Əsəd Beydullayevin sözlərinə görə, ağcaqanadlardan qorunmaq üçün hər il fərqli maddələr istifadə olunur: “Bunlar əsasən 2 hissəyə bölünür. Bir qismi yağlar, krem şəklində olan maddələr və spreylərdir. Dərinin açıq nahiyələrinə tətbiq edilir. İkincisi, cihazlardır. Hansı ki, elektrik şəbəkəsinə taxılır və xüsusi qoxular yayaraq ağcaqanadları bizdən uzaq tutmağa çalışır. Hər iki qoruyucunun tərkibində “n dietil meta toluamid” deyilən bir maddə var. Bu çox zərərlidir və istifadəsi zamanı yan təsirlərdən də qaçmaq olmur”.

Ə.Beydullayev bildirdi ki, bu dərmanlar həm allergiya yarada, həm sinir sisteminə təsir edə bilər: “İstifadə olunan kremlər, losyonlar, spreylərin tərkibindəki zəhərli maddələr birbaşa dəriyə toxunduğu zaman allergiya, həssaslıq yaradır. Daha çox uşaqlarda istifadə edildiyi üçün ələ, əlin içinə, ağıza, gözlərinə dəyən zaman zəhərlənmə də mümkündür. Eyni zamanda, elektrikə qoşulan xüsusi maddələrin havaya buraxdığı buxar fərqli xəstəliklərin kəskinləşməsinə səbəb olur. Əgər insan astmadırsa, həssas tənəffüs yollarına malikdirsə, bu iylər xəstəliyin kəskinləşməsinə, xəstənin allergik, astmatik statusa keçməsinə təkan verir. Ən sadə halda öskürək yaradır. Kimyəvi maddələr ağcaqanadların sinir sistemində keçiriciliyi pozmaq yolu ilə problemə yol açır, yəni sinir sisteminə təsir edir. İnsanlarda da sinir sistemi zəif olsa, bu halları yaradır. Əgər bir insanda ciddi sinir problemləri, epilepsiya, beyinlə bağlı problem varsa, bu halların ağırlaşma ehtimalı da var”. Mexaniki qorunmaya daha çox üstünlük verək “Mümkün olduğu qədər qapı-pəncərələrdə torlardan istifadə etmək lazımdır. Fərqli yağlar, limon, mixək. Bunları sınayıb hansı ağcaqanadları qaçırmaq üçün daha yaxşı təsir edirsə, ondan istifadə olunması məsləhətdir. Uşaqların yataqlarının ətrafına miçətkənlər çəkilsin. Uşaqlara uzun qollu libaslar geyindirmək, bədənin açıq sahələrinin az qalmasına çalışmaq lazımdır. Həyətyanı sahələrdə gölməçələr, su yığılan yerlər varsa, onların qurudulması yaxşı olardı. Mexaniki qorumaya daha çox üstünlük vermək lazımdır”, - deyə həkim sonda bildirdi.

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər