• çərşənbə, 11 Dekabr, 18:44
  • Baku Bakı 10°C

Xarici investorlar tikinti sektorunda

07.12.24 03:49 554
Xarici investorlar tikinti sektorunda

Hazırda daha çox Körfəz ölkələrindən olan iş adamları bu sahəyə sərmayə yatırmaqda maraqlı görünürlər. Bəs, görəsən, xarici sərmayəli tikinti şirkətlərinin Azərbaycana gəlməsi əmlak bazarına nə vəd edir? 

Azərbaycanın tikinti sektoru xarici investorların diqqət mərkəzindədir. Hazırda daha çox Körfəz ölkələrindən olan iş adamları bu sahəyə sərmayə yatırmaqda maraqlı görünürlər. Ekspertlər bildirirlər ki, əslində pandemiyadan öncə də xarici investorların Azərbaycanın tikinti sektoruna marağı yüksək olub. Lakin COVID-19-la bağlı dünyada tətbiq olunan məhdudiyyətlər səbəbindən iş adamları biznes planlarını rəfə qaldırmalı olublar. Hazırda həmin biznes planların icrası üçün əlverişli şərait yarandığından xarici sərmayədarlar yenidən Azərbaycan bazarına maraqlarını ifadə edirlər.

Bəs, görəsən, xarici sərmayəli tikinti şirkətlərinin Azərbaycana gəlməsi əmlak bazarına nə vəd edir? Ümumiyyətlə, hazırda bu sahədə xarici investora məxsus şirkət fəaliyyət göstərirmi?

Hazır binalar və biznes mərkəzləri 

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə də son vaxtlar xarici investorların Azərbaycanın əmlak sektoruna maraq göstərdiyini təsdiqləyir. Onun müşahidələrinə görə, hazırda həm Ukraynada, həm də Rusiyada biznesi olan iş adamları Azərbaycanın əmlak bazarı ilə maraqlanırlar: “Məsələn, tanıdığım bir şirkət var ki, hazırda yeni tikililərdə 30-40-a yaxın mənzil axtarışındadır. Bu investorların əksəriyyəti azərbaycanəsillidir. Amma İran, Pakistan kimi ölkələrdən olan investorlar da Azərbaycanın əmlak bazarına daxil olmaqda maraqlı görünürlər. Eyni zamanda, ərəb ölkələrinin investorları da bizim daşınmaz əmlak bazarı ilə maraqlanırlar. Onlar daha çox hazır binalara, biznes mərkəzlərinə investisiya yatırmaq istəyirlər. Bildiyiniz kimi, xarici vətəndaşlara torpaq satışı həyata keçirilmir. Amma hazır tikililərə xarici sərmayəli şirkətlərin investisiya yatırmasına heç bir məhdudiyyət yoxdur. Ona görə də bu istiqamətdə tələblər yüksəkdir".
Ekspert vurğulayıb ki, hazırda xarici sərmayəli tikinti şirkətlərinin Azərbaycanın tikinti bazarında birbaşa fəaliyyəti yoxdur. Onun sözlərinə görə, xarici tikinti şirkətləri bu sektorda yalnız podratçı qismində iştirak edirlər: "Hazırda onlar bizim yerli şirkətlərin sifarişi əsasında müvafiq tikinti işləri aparırlar. Birbaşa tikintini həyata keçirən xarici sərmayəli tikinti şirkəti yoxdur. Onlar sərmayələrini əsasən ticarət məqsədilə hazır əmlaklara yönəldirlər. Xarici sərmayədarları daha çox cəlb edən qeyri-yaşayış sahələridir".

R.Qasımzadə bildirib ki, xarici sərmayəli tikinti şirkətlərinin Azərbaycan bazarına daxil olması bu sahənin inkişafına təkan verəcək: "Bu, həm də bazarda yeniliklərə gətirib çıxaracaq. Belə ki, bazara yeni müasir texnologiyalar, yeni standartlar daxil olacaq. Eyni zamanda, bazarda rəqabət artacaq ki, bu da daha rəqabətli qiymətlərin yaranmasına səbəb olacaq".

Tələbat qeyri-yaşayış sahələrini 3 dəfə bahalaşdırıb

Ekspertin sözlərinə görə, son vaxtlar həm yerli, həm də xarici investorların qeyri-yaşayış sahələrinə maraq göstərməsi əmlakın bu seqmentində qiymət artımına səbəb olub: "Məsələn, 2-3 il bundan əvvəl 1 kvadratmetri 5 000 manata təklif olunan qeyri-yaşayış sahələrinin kvadratmetri hazırda 15 000 manatdır. Yəni qiymətlər son 3 ildə təxminən 3 dəfə artıb. İlin birinci yarısı ilə müqayisədə indi qiymətlərdə 10 faiz əlavə artım müşahidə olunur. İnvestorlar daha çox Səbail, Nəsimi və Nərimanov kimi mərkəzi ərazilərə maraq göstərirlər".

Bazarda yeni formalar meydana çıxacaq

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev hesab edir ki, əmlak sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədə aparılan islahatlar yerli bazarı xarici investorlar üçün cəlbedici edib: ”Bununla bağlı “yol xəritəsi” hazırlanıb və işçi qrupu yaradılıb. Əsas məqsəd də odur ki, Azərbaycanda bu sahədə maraqlı olan investorların qarşılaşdıqları bürokratik əngəllər qısa zamanda aradan qaldırıla bilsin. Bu istiqamətdə işlər davam etdirilir və ciddi nəticələr əldə olunub. Məsələn, artıq daşınmaz əmlakın qeydiyyata alınması, tikintinin həyata keçirilməsinə icazələrin verilməsi və s. asanlaşdırılıb. Bu addımlar da öz növbəsində xarici investorları cəlb edir''.

Ekspert bildirib ki, Körfəz ölkələrindən investisiyaların əmlak bazarına daxil olması bu sektor üçün əlavə maliyyə mənbələrinin formalaşması deməkdir. Onun sözlərinə görə, bu investisiyalar əmlakın əldə olunması istiqamətində yeni formalar meydana çıxaracaq: ''Bu formalardan biri ondan ibarətdir ki, halal yolla əmlakın əldə olunmasına imkanlar yaranacaq. Bazarda bir çox müştərilər var ki, uzunmüddətli və ədalətli şərtlərlə əmlak əldə etmək istəyirlər. Yeni məhsulların ortaya çıxması məhz həmin müştərilərin bazarda aktivləşməsinə səbəb ola bilər''.

Xüsusi tədbirlər planına ehtiyac var

Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev isə deyib ki, Azərbaycanın tikinti və əmlak sektorunda xarici investorlar məhdud saydadır: “Əslində xarici sərmayəli şirkətlərin Azərbaycana gəlməsi bizim xeyrimizədir. Bu, əmlak bazarının daha da inkişafına təkan verəcək. Əvvəllər Rusiyadan investorlar bizim tikinti və əmlak bazarına daha çox maraq göstərirdilər. İndi maraq nisbətən zəifləyib. Müşahidələr göstərir ki, xarici investorlar daha çox Türkiyə bazarına meyl göstərirlər. Etiraf edək ki, Türkiyənin tikinti və əmlak bazarına daxil olmaq xarici investorlar üçün daha cəlbedicidir".

Ekspert vurğulayıb ki, xarici sərmayəli tikinti şirkətlərinin Azərbaycana cəlb edilməsi üçün müəyyən güzəştlərin nəzərdə tutulması vacibdir. Onun fikrincə, bununla bağlı xüsusi tədbirlər planının hazırlanmasına ehtiyac var.

“Bu sektor yerli biznesmenlərə yaxşı gəlir qazandırır”

İqtisadçı ekspert Cəfər İbrahimli bildirib ki, hər bir dövlət xarici investorları ölkəsinə cəlb etməkdə maraqlıdır: “Xarici investorun hər hansı bir ölkəyə gəlməsi həmin ölkə üçün əlavə dəyər yaradır. Son dönəmlər xarici investorların ölkəmizə marağının artması Azərbaycanın iqtisadiyyatı ilə bağlıdır. Çünki onlar beynəlxalq reytinq təşkilatlarının rəyini nəzərə alaraq hər hansı ölkəyə sərmayə yatırırlar. Bunun son nümunəsi odur ki, bu yaxınlarda “Fitch Ratings” beynəlxalq kredit reytinqi agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitentin defolt reytinqini stabil proqnozla “BB+”dan “BBB-”yə yüksəldib. Bu, Azərbaycanın iqtisadi dayanıqlığını və güclü xarici iqtisadi tarazlığını göstərir, investisiya və iqtisadi artım üçün perspektivli gələcəyə işarə edir”.

İqtisadçının fikrincə, xarici sərmayədarların Azərbaycanın tikinti və əmlak bazarına maraq göstərməsi heç də təsadüfü deyil. Onun sözlərinə görə, ölkəmizdə bu sektor uzun illərdir ki, yerli biznesmenlərə yaxşı gəlir qazandırır: “Çünki bu sahədə tələb həddindən artıq çoxdur. Qarabağın işğaldan azad olunması ilə tələb daha da yüksəlib. Hazırda həmin ərazilərdə böyük yenidənqurma və infrastruktur işlərinin həyata keçirilməsi xarici investorların da diqqətini çəkir”.

Sevinc Abbasova 

banner

Oxşar Xəbərlər