• şənbə, 26 Iyul, 14:28
  • Baku Bakı 28°C

SOCAR-la "Özbəkneftqaz" arasında mühüm razılaşma

26.07.25 00:35 143
SOCAR-la "Özbəkneftqaz" arasında mühüm razılaşma

Tərəflərin imzaladığı sazişin şərtlərinə uyğun olaraq, ən azı 1000 kv. km sahədə 3D seysmik kəşfiyyat işlərinin aparılması və nəticələrə əsasən bir quyuda geoloji kəşfiyyat işlərinə başlanılması planlaşdırılır. Sənaye əhəmiyyətli karbohidrogen yataqları aşkar ediləcəyi təqdirdə, tərəflər onların işlənməsi və sonrakı hasilatı mərhələsinə keçəcəklər.

Özbəkistanın Energetika Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Özbəkneftqaz" SC Ustyurt neft-qaz regionunun investisiya bloklarında (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) geoloji kəşfiyyat işlərinin aparılmasını və sonrakı karbohidrogen hasilatını nəzərdə tutan hasilatın pay bölgüsü sazişini (HPBS) imzalayıblar. Bu barədə “Report” Özbəkistan Energetika Nazirliyinin məlumatına istinadən xəbər verir.

Enerji tərəfdaşlığının inkişafında mühüm addım

"Sazişin şərtlərinə uyğun olaraq, ən azı min kv. km sahədə 3D seysmik kəşfiyyat işlərinin aparılması və nəticələrə əsasən bir quyuda geoloji kəşfiyyat işlərinə başlanılması planlaşdırılır. Sənaye əhəmiyyətli karbohidrogen yataqları aşkar ediləcəyi təqdirdə, tərəflər onların işlənməsi və sonrakı hasilatı mərhələsinə keçəcəklər", - məlumatda bildirilib.

Nazirlik qeyd edib ki, sazişin imzalanması Özbəkistan və Azərbaycan arasında enerji tərəfdaşlığının inkişafında mühüm addım olub və karbohidrogen ehtiyatlarının kəşfiyyatı və işlənməsi (mənimsənilməsi) sahəsində uzunmüddətli əməkdaşlıq üçün möhkəm təməl qoyub.

SOCAR ilə tərəfdaşlığa verilən dəyər

SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib ki, bu sazişin imzalanması Mərkəzi Asiya və Xəzər regionunda enerji sektorunun inkişafı üzrə iki ölkənin uzunmüddətli strategiyasının sübutudur: “SOCAR toplanmış təcrübə və qabaqcıl texnoloji həlləri tətbiq edərək həvəslə layihənin həyata keçirilməsinə başlayır. Biz əminik ki, bu əməkdaşlıq Özbəkistanın enerji təhlükəsizliyinin təmin edilməsinə və infrastrukturunun inkişafına əhəmiyyətli töhfə verəcək”.

Özbəkistan energetika naziri Jurabek Mirzamahmudov vurğulayıb ki, SOCAR ilə tərəfdaşlıq Yeni Özbəkistanın investisiya mənbələrini şaxələndirmək və ən yaxşı beynəlxalq təcrübələri tətbiq etmək ilə bağlı strateji istəyini əks etdirir: “Ustyurt regionu yüksək potensiala malikdir və HPBS-nın imzalanması onun səmərəli inkişafı üçün yeni üfüqlər açır. Biz əminik ki, bu layihə texnoloji tərəqqi və iqtisadi artımın mühüm hərəkətverici qüvvəsi olacaq”.

"Özbəkneftqaz" SC İdarə Heyətinin sədri Bahodirjon Sidikov isə bildirib ki, bu saziş müəyyən sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi və milli neft-qaz sənayesinin inkişafı yolunda mühüm mərhələdir.

Saziş müddətinin ilkin mərhələsində...

SOCAR-ın məlumatına görə, saziş müddətinin ilkin mərhələsində perspektivli sahələrin təyin olunması məqsədilə geoloji-kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur. Bu müddət ərzində SOCAR operator olaraq fəaliyyət göstərəcək. Sənədə əsasən, axtarış-kəşfiyyat işlərinin və ən azı bir kəşfiyyat quyusunun qazılmasının ilkin olaraq 5 il müddətində yekunlaşdırılması planlaşdırılır.

Qeyd edək ki, "Özbəkneftqaz" və SOCAR 2024-cü il avqustun 22-də neft-qaz sahəsində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinə yönəlmiş saziş imzalayıblar. 2024-cü ilin avqustunda keçirilən biznes forumda Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov SOCAR ilə birlikdə Ustyurt yaylasında geoloji kəşfiyyat işlərinin aparılacağını bildirib.
Bu ilin iyun ayında SOCAR Özbəkistanın Ustyurt regionunda geoloji kəşfiyyat işlərinin aparılması barədə "Özbəkneftqaz" SC ilə razılığa gəldiyini bildirib.

banner

Oxşar Xəbərlər