• çərşənbə, 13 Noyabr, 02:43
  • Baku Bakı 10°C

“Xanımlar daha yaxşı sürücüdür” iddiasında olan təlimçi - MÜSAHİBƏ

20.08.22 04:30 2496
“Xanımlar daha yaxşı sürücüdür” iddiasında olan təlimçi - MÜSAHİBƏ

Adil Nəbiyev: “Evdə qardaşı, həyat yoldaşı, atası öyrətməyə cəhd edib, amma alınmayıb. Belə hallar çoxdur. Deyir ki, həyat yoldaşım ömür boyu mülayim, mehriban olub. Amma mənə maşın sürməyi öyrədəndə, təhqir etməyə, söyməyə başlayıb. Bahalı maşın alanlar təlimə axıra qədər gəlirlər. Bilirlər ki, qəza etsələr, çox xərcə düşəcəklər”. 

“Sürücülük mədəniyyəti” anlayışını qəbul etmir. Deyir ki, insanda bir mədəniyyət olur və hər yerdə ona uyğun davranır. “Nə cür yeriyirsən, o cür də avtomobil idarə edirsən” yanaşması ilə razıdır. “Avtomobil idarə etmək insanın xarakteridir” deyən müsahibimiz sürücülük təlimçisi Adil Nəbiyevdir.

“Yollarda qəzaların sayının azalması üçün...” 

- Sürücülərin neçə faizi ilə bağlı “yaxşı təlim görüb” demək olar?
- Yollarımızdakı sürücülərin 10 faizi peşəkar ola-olmaya. Yolda hərəkət edəndə hər saniyədə qanun pozuntusu görürsən.

- Təcrübəli sürücülər az deyil. Vəziyyət niyə bu cürdür?
- Vəziyyətin bu cür olmasının səbəbi avtomobili idarə etməyi doğru mənimsəməmiş yola çıxmaqdır. Ümumiyyətlə, bəylər avtomobil idarə etmək üçün kursa az hallarda gedirlər. Dədə-baba qaydası ilə, atasının, əmisinin, qonşusunun yanında öyrənir. Mən ilkin sürməni yaxın adamların öyrətməsini düzgün hesab etmirəm. Avtomobil idarə etmək üçün təlimə gələnlərin 80 faizi xanımlardır. Xanımlar təlimə getməmiş, kursu başa vurmamış avtomobil idarə etməyə risk etmirlər. Xanımlar daha məsuliyyətli idarə edirlər, daha yaxşı sürücüdürlər.

- Təlimçinin öyrətdiyi nəyi dost-tanış öyrədə bilmir? 
- Təlimçi deyil, adi bir sürücü sizi öyrədirsə, ancaq öz bildiyini öyrədə bilər. Ara məsafəsi saxlamayan sürücünün öyrətdiyi adam da ara məsafəsini düzgün saxlamayacaq. Bir də ki, ola bilər adam yaxşı sürücüdür, amma öyrətmə qabiliyyəti elə də yaxşı deyil.

- Nələri mənimsəmədən nəqliyyat vasitəmizlə yola çıxa bilmərik?
- Sürücülük 18 manevrdən ibarətdir. Sükanı düzgün idarə etmək, ara məsafəsi saxlamaq, zolaqda qalmaq, güzgülərdən düzgün istifadə etmək, vizual baxış və s. bunların hamısını mənimsəmək lazımdır ki, gələcəkdə yollarda qəzaların sayı azalsın.

“Tez-tez o imtahanda iştirak edirəm, səhvləri görürəm”

- Nə vaxt öyrənməyə başlamağın fərqi varmı?
- Gənc də gəlir, orta yaşlı da, yaşlı da. Bəzən 50-60 yaşlarında adam gənclərdən tez öyrənir. Ancaq ümumi götürsək, gənc nəsil daha tez öyrənir. Yaşdan da çox, sürücülük təlimində əsas məsələ reaksiyadır. Məsələn, “qaz pedalına sıx” deyirəm, dərhal hərəkətə keçirsə, o adamda tez alınır. Bəzən 10 dəfə deyirsən ki, əyləci sıx, ayağını qoyur ,ancaq düşünür, əyləci sıxmağa ürəyi gəlmir. Onlarda bir az gec alınır.

- Deyirlər ki, avtomat sürət qutusu olan avtomobilləri idarə etməyə nə var ki...
- Əsas məsələ avtomobili təhlükəsiz idarə etməyi öyrənməkdir. Hansı tip avtomobildə öyrənməyin fərqi yoxdur. Avtomat sürət qutusunu normal idarə edən insan üçün mexaniki sürət qutusunu öyrənmək çox asandır, eyni zamanda əksinə. Onu bir-iki günə normal öyrədirik.

- Qaydaları çox adam bilir, amma praktiki sürücülük qabiliyyətinin yoxlanması imtahanı olan “yezda”da isə problem yaranır. İmtahan çox çətindir?
- Birinci cəhddə imtahandan keçmək hər adama qismət olmur deyə, çox adam həvəsdən düşür, sonra getmir. Ancaq getmək lazımdır. Normalda həm nəzəriyyə, həm praktikanı hazırlaşan adam üçüncü imtahandan keçir. İmtahanı götürən şəxs bu sahədə mütəxəssisdir. Baxır ki, avtomobili işə salmamış sürət qutusuna keçirməyə başlayır. Yaxud əyləşir, kəməri bağlamır. Sadə dönmə işığını yandırmadan idarə edirsə, təbii ki, imtahandan kəsilir. Düzdür, bəzi hallarda əhval-ruhiyyə yaxşı olanda xırda məsələləri yola verirlər. Amma öyrənən adamların hamısı keçir. Mən də tez-tez o imtahanda iştirak edirəm, səhvləri görürəm.

“Hansı xanım park edə bilmirsə, deməli...”

- Sürücülük təlimində insanlar ən çox nəyi çətinliklə öyrənirlər?
- Məsələn, xarici işıq cihazlarını ayırmaqda çətinlik çəkirlər. Əvvəllər yox idi, son zamanlar tibbi yardımı da imtahana saldılar. Tibbdən anlayışı olmayanlar tibbi yardım mövzusunda problem yaşayırlar. Bir də Dövlət Yol Polisi əməkdaşları nizamlayıcı kimi yolda dayanırlar, o nizamlayıcının əl hərəkətlərinin nə demək olduğunu yadda saxlamaq çətin olur.

- Xanımların park etmək mövzusu da çox məşhurdur. 
- Əslində, bu məsələdə xanım-bəy fərqi yoxdur, öyrənməkdən asılıdır. Hansı xanım park edə bilmirsə, deməli, sürücülük təlimində axırıncı dərsə getməyib. Çünki park etməyi həmişə ən axırıncı dərsə salırıq. Avtomobili irəli idarə edə bilmirsə, avtomobilin enini, uzununu, qabaritini, intervalını hiss etmirsə... Avtomobili düzgün idarə etməyi öyrənən tələbəyə bir neçə saata park etməyi öyrədirik. Park etməyi vaxtından qabaq öyrənməyə başlasan, adamı əldən salır, bezdirir.

- Tələbələrin neçə faizi təlimə axıra qədər gəlirlər?
- Çox az tələbə təlimin sonuna qədər gəlir. Proqramda yazılıb ki, B və BC kateqoriyalı sürücülük vəsiqəsini almaq üçün 70 saatlıq dərs alınmalıdır. Köhnə sürücülük məktəblərində tələbələr 3 ay gedirdilər. İndi gələn adamlar isə bir günün içində öyrənib getmək istəyirlər. Amma onu da deyim ki, bahalı maşın alanlar təlimə axıra qədər gəlirlər. Bilirlər ki, qəza etsələr, çox xərcə düşəcəklər (gülür).

- İlk maşında qəza çox olur – deyirlər. Bu, belə olmalıdır?
- “İlk maşındır, qəza olmalıdır” deyə bir şey yoxdur. 2007-2008-ci ildə bir tələbəm var idi, 4-5 il öncə qardaşını təlimə gətirmişdi, dedi ki, indiyə qədər nəinki xırda bir qəza keçirib, heç vaxt ona cərimə belə yazılmayıb. Adamdan asılıdır.

“Bir dəfə tələbəyə dedim ki...”

- Qiymət məsələsindən danışaq. Fərqli qiymətə kurslar var.
- 10-15 manata təlim keçənlər var. Ancaq həmin təlimçini yoxlasaq, görərik ki, özünün təlimə ehtiyacı var. Əvvəllər fərdi təlimçilər çox idi, indi təlim şirkətləri. Bu şirkətlərin bəziləri kimi gəldi təlimçi kimi götürürlər. Ona görə, təlim keçən adamı imtahan etmək, sertifikatlaşdırmaq lazımdır.

- Hər peşənin sahibləri iş prosesində maraqlı hadisələrlə üzləşirlər. Belə hadisələr başınıza gəlirmi?
- Bir dəfə tələbəyə dedim ki, dönmə işığını söndür, yolun ortasında maşını söndürdü. Bəzən “sağ dönmə işığını yandır” deyirəm, solu yandırır. Sağ əvəzinə sola baxır. Özlərini qınayırlar ki, heç vaxt sağımla solumu səhv salmamışam (gülür). Bir də qaz əvəzinə əyləc, əyləc əvəzinə qaz pedalına basma halları çox olur. Təlimçini ən çox əsəbiləşdirən əyləclə qazın yerinin səhv salınmasıdır. Bu, birbaşa qəza deməkdir.

- Bəzən xanımlar deyirlər ki, həyat yoldaşım mənə maşın sürməyi öyrətməyə çalışdı, amma səbri çatmadı, indi kursa gedirəm. Belə tələbələriniz olurmu?
- Evdə qardaşı, həyat yoldaşı, atası öyrətməyə cəhd edib, amma alınmayıb. Belə hallar çoxdur. Deyir ki, həyat yoldaşım ömür boyu mülayim, mehriban olub. Amma maşın sürməyi öyrədəndə, təhqir etməyə, söyməyə başlayıb. Gələn adamların əksəriyyəti də belələridir.

- Diqqəti dağınıq, reaksiyası zəif insanlar var... 
- İndiki dövrdə reaksiyası zəif adamlar çoxdur. Onu da aradan qaldırmağın metodları var. Yol gedərkən söhbət etmək lazımdır ki, danışa-danışa sürməyi öyrənsin. Olub ki, mən danışıram, üzümə baxır, yol yaddan çıxır. Deyirəm ki, mənə baxma, yola bax, sadəcə səsə qulaq as. Elə adamlar da məşq edəndən sonra yaxşı sürücü ola bilirlər. Elə bir adam olmayıb ki, maşın sürməyi öyrənmək istəsin, amma alınmasın. 

Aygün Asimqızı

 

banner

Oxşar Xəbərlər