• cümə axşamı, 28 mart, 12:43
  • Baku Bakı 16°C

Vaşinqton Moskvanı qabaqlayır - TƏHLİL

04.05.23 10:05 1571
Vaşinqton Moskvanı qabaqlayır - TƏHLİL

Uzun fasilədən sonra Azərbaycan və Ermənistan arasında növbəti danışıqlar raunduna start verildi. Bu dəfə danışıqların ünvanı Vaşinqtondur. Özü də müzakirələrin bir gün yox, bir neçə gün davam edəcəyi gözlənilir.


ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Vaşinqtonda növbəti danışıqlara start verilib. Blinken öncə həmkarları ilə təklikdə, daha sonra isə üçlü formatda görüşüb. Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikili görüş də reallaşıb. Maraqlıdır, tərəflər hansı səbəbdən Vaşinqtonu seçdi? Sülh sazişi ilə bağlı ABŞ-nin irəli sürdüyü təkliflər tərəflərin maraqlarına daha uyğun oldumu? 

“Rusiya prosesdən uzaqlaşdırılır” 

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında politoloq Natiq Miri bildirdi ki, ABŞ-nin indiki vəziyyətdə cəlbedici olması və sülh danışıqlarının növbəti dəfə Vaşinqtonda keçirilməsi Rusiyanın prosesdən sıxışdırıb çıxarılması planının tərkib hissəsidir: “Burada əsas oyunçu Ermənistandır. Yəni Paşinyan vasitəsilə Rusiya demək olar ki, prosesdən uzaqlaşdırılır. Biz bunu Azərbaycan-Ermənistan münasibətləri kontekstində də müşahidə edirik. Rusiya sərhədlərin müəyyənləşməsi və bütün kommunikasiyaların açılması ilə bağlı danışıqlarda da demək olar ki, yoxdur. Ötən ilin dekabr ayından üzü bəri prosesdə iştirakdan imtina edən tərəf Ermənistandır. Doğrudur, Ermənistanın Rusiya ilə bağlı konkret iddiaları və bəhanələri mövcuddur. Bu da onunla bağlıdır ki, Rusiya Ermənistan qarşısında müttəfiqliklə bağlı götürdüyü öhdəlikləri yerinə yetirmir. Ermənistan bunu bəhanə edərək öz təhlükəsizliyini təmin etmək üçün alternativ axtarışlara çıxıb. Amma bunlar hamısı bir bəhanədir.


Azərbaycan isə sülh prosesinə töhfə verəcək istənilən alternativə açıq olduğunu bəyan edib. Avropa İttifaqı səviyyəsində bir neçə dəfə belə görüşlər oldu. Hətta qarşılıqlı ərazi bütövlüyü və suverenliyin tanınması ilə bağlı bəyannamə imzalandı. Azərbaycan ABŞ-nin təşəbbüsü ilə istənilən alternativə də açıqdır. Onu deyə bilərəm ki, bu gün ABŞ-nin Ermənistana təsir imkanları Rusiyadan daha çoxdur. Çünki Ermənistan hakimiyyəti gələcək perspektivini Rusiya ilə deyil, Qərblə görür. Ona görə də Ermənistanda Qərbə inteqrasiyanın sürətləndiyini və Rusiyanın nüvəsi olduğu mərkəzlərdən qaçma prosesini müşahidə etməkdəyik”.

“Ermənistan bunu qəbul etmək məcburiyyətindədir”

Politoloq qeyd etdi ki, ABŞ-nin təklif etdiyi konkret məqamlar var: “Burada Azərbaycan üçün müəyyən cəlbedici məqamlar da var. Xüsusilə Qarabağla bağlı məsələdə ABŞ ilə Rusiyanın yanaşması fərqlidir. Rusiya Qarabağın statusunun müəyyənləşdirilməsini sonraya saxlanmasının tərəfdarıdır ki, məhz uzun müddət öz qoşunlarını Azərbaycan ərazisində saxlaya bilsin. Ancaq ABŞ rus qoşunlarının Qarabağdan çıxarılmasında maraqlıdır. Həmçinin Azərbaycanın ərazi bütövlüyünün tamamilə bərpa olunması şərtilə ermənilərin Qarabağda hüquq və təhlükəsizliyi ilə bağlı erməni icması və Azərbaycan dövlətinin görüşlərinin təmin olunmasını təklif edir. Bu, qismən Azərbaycanın maraqlarına cavab verən məsələdir. Xüsusilə Laçında sərhəd keçid məntəqəsinin yaradılmasından sonra Azərbaycanın mövqeləri birmənalı olaraq gücləndi. Bundan sonrakı proses Azərbaycanın Qarabağda ermənilərin yaşadığı ərazilərdə öz suveren hüquqlarının bərqərar olmasından ibarət olacaq və danışıqlar da təxminən bu istiqamətdə gedəcək. Ermənistan bunu qəbul etmək məcburiyyətindədir. Onun havadarları da bunu qəbul edəcək, çünki bu hadisə beynəlxalq hüquq çərçivəsində baş verib. Azərbaycan üçün ABŞ-nin bu cür çağırışı və görüş təşəbbüsü qəbulediləndir. Bu məsələdə Ermənistanın Qərbə inteqrasiya maraqları, təhlükəsizliyi və iqtisadi cəhətdən inkişafını təmin edəcək vəsaitlər dayanır. Bilirsiniz ki, Avropa İttifaqı ilə Ermənistan arasında maliyyə anlaşması var və sülh sazişi imzalandığı halda 2 milyard avrodan artıq maliyyə ayrılacaq. Eləcə də Ermənistanın Birləşmiş Ştatlarından maliyyə gözləntiləri var ki, bunu Rusiya çökdüyü vəziyyətdə qarşılaya bilməz. Bu baxımdan ABŞ həm Ermənistan, həm də Azərbaycan üçün cəlbedicidir. Ötən illər ərzində Rusiya yeganə moderator kimi çıxış edirdi. Lakin Ukrayna müharibəsi fonunda Rusiya zəiflədi və belə olduğu təqdirdə Qərb dərhal hərəkətə keçdi. Nəticə isə ortadadır, Rusiya sıxışdırılır, prosesdən uzaqlaşdırılır. Əgər Vaşinqtonda sülh müqaviləsi ilə bağlı yol xəritəsi razılaşdırılarsa, bu, sülh müqaviləsinin imzalanması perspektivini artıracaq”.

“Kreml özünə uyğun danışıqlar variantını təklif edəcək”

Politoloq Samir Hümbətov bildirdi ki, sülh danışıqları artıq iki ilə yaxındır gedir: “Müəyyən kəsintilərlə də olsa, bu görüşlər Moskvada, Brüsseldə və Vaşinqtonda keçirilir. Amma görünür ki, həm Ermənistan, həm də Azərbaycan üçün məqbul olan Vaşinqton variantıdır.

Çünki Rusiya ABŞ-dən fərqli olaraq bölgədə var. Rusiyanın sülhməramlı qüvvələri burdadırsa, Kreml özünə uyğun danışıqlar variantını təklif edəcək. Hər iki dövləti bir kənara qoyub, özünün maraqlarını təmin edəcək. Vaşinqton isə burada fərqli yanaşma sərgiləyir. Çünki ABŞ-nin burada hərbçiləri yoxdur. ABŞ Rusiyadan fərqli olaraq öz hərbçilərini bura gətirmədən, amma bölgədə təsir imkanlarını formalaşdırmaqla sülh danışıqları prosesini sürətləndirməyə çalışır. Bu baxımdan düşünürəm ki, Antoni Blinkenlə Azərbaycan Prezidenti İlham Əliyev arasındakı telefon danışığında sülh danışıqları prosesinin müzakirə olunması ABŞ-ın bu məsələdə maraqlı olmasından xəbər verir. Ermənistanın da dolayısı ilə danışıqlarda Vaşinqtonu seçməsi İrəvanın Rusiyanın boyunduruğundan çıxmaq üçün bir fürsət axtardığını göstərir. Vaşinqtonun təklif etdiyi variant həm Azərbaycan, həm də Ermənistan üçün keçərlidir”. 
Bəxtiyar Məmmədli 

 

 

banner

Oxşar Xəbərlər