Transfer bazarında durğunluq
Klublar artıq birdəfəlik transferlər əvəzində icarə variantlarına üstünlük verirlər. Eyni zamanda, azad agentlərə yönəlmələr artıb. Yaşlı oyunçular üçün isə ümumiyyətlə böyük məbləğlər ödənmir.
Transfer dövrləri azarkeşlərin futbolda ən çox sevdiyi zaman kəsimidir. Üstəlik, son on ildə məbləğlər o qədər artıb ki, bu rəqabəti izləmək getdikcə daha maraqlı olur. Lakin son zamanlar İngiltərə klubları, ərəb milyarderlər və Səudiyyə Ərəbistanı klublarının “həddi aşması” UEFA, xüsusilə Premyer Liqa rəhbərliyinin maliyyə tənzimləmələrini sərtləşdirməsi ilə nəticələnib. Mütəxəssislər hesab edirlər ki, bu, yaxın gələcəkdə klubların transfer fəaliyyətində daha təmkinli davranmasına səbəb olacaq. Artıq indidən təsirlər hiss olunur. Bu qış transfer pəncərəsi zamanı böyük transferlər çox azdır. Gələcəkdə bunun davam edəcəyi gözlənilir.
Vəziyyət bu həddə necə çatdı?
Əsrin əvvəllərində futbol sənayesinə böyük maliyyə axını ilə transfer qiymətləri də artdı. Təməlini “Real Madrid”in qoyduğu irihəcmli oyunçu alışlarını daha sonra “Çelsi”, “Mançester Siti”, PSJ, Çin klubları və son olaraq Səudiyyə Ərəbistanı təmsilçiləri davam etdirdi. Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) araşdırmasına görə, 2015-ci ildə transferlərə 5.88 milyard avro xərclənibsə, 2024-cü ildə bu rəqəm az qala iki dəfə çox - 10,98 milyard avro olub. Rekord 2023-cü ildə qeydə alınıb - 12,24 milyard avro.
Azarkeş və mütəxəssislərin bir çoxu rəqəmlərin şişirdildiyi qənaətindədir. Transfer bazarında şişirdilmiş rəqəmlər dedikdə isə ağla ilk olaraq Premyer Liqa gəlir. İngiltərə bazarı tam başqa bir dünyadır. Orada yarım mövsüm ortabab performans sərgiləyən hər hansı oyunçu üçün 50 milyon avronun ödənilməsi çoxdan adiləşib. İngiltərə klubları son on ildə transferlərə 23 milyard avro xərcləyiblər. Premyer Liqanın ən yaxın izləyicisi İtaliya A Seriyasında bu rəqəm on milyard avrodur. Bu, ingilislərin bazarda necə bir hegemonluq qurduğunun əyani göstəricisidir.
Ədalətli rəqabət cəhdləri
Yalnız pulu çox olanın qalib gəldiyi futbolda haqsız rəqabətin qarşısını almaq üçün UEFA maliyyə feyr-pleyi qaydalarının tətbiqinə başladı. Lakin bu qaydalar komandalara görə dəyişdiyi üçün ədalətin bərpası mümkün olmadı. Son illərdə milyardlar xərcləyən böyük klublar bu qaydalara ilişməsələr də, nisbətən kiçik komandalar cəzalarla üzləşdilər.
UEFA-nın tədbirlərinin işə yaramaması liqaların özlərinin tənzimləmələr həyata keçirməsini labüdləşdirib. İngiltərə Premyer Liqası rəhbərliyi xərclərin həddən artıq qalxması səbəbindən maliyyə feyr-pleyi qaydalarına oxşayan nizamlamalarla vəziyyəti yoluna qoymağa çalışır. Bu, UEFA-nın qaydalarından daha sərtdir, sərhədləri daha dar və konkretdir. Qaydalara görə, klublar hər il gəlir və zərərlərini açıqlamaq məcburiyyətindədirlər. Ümumilikdə üç il ərzində maliyyə itkiləri maksimim 105 milyon funt-sterlinq ola bilər.
Ən əsası, bu qaydalar yalnız kağız üzərində qalmır, tətbiqinə diqqət edilir. Məsələn, “Everton” zərərinin limitdən çox olması səbəbindən keçən mövsüm altı xalının silinməsi ilə üzləşmişdi. “Nottinqem Forest” transfer fəaliyyətindəki uyğunsuzluqlara görə dörd xalından olmuşdu. İndi də “Mançester Siti” və “Çelsi” ittihamlarla üz-üzədir. Hər iki klubun son illərdə çox böyük məbləğlər xərcləməsi diqqətləri onlara yönəldib. Görünür, bu qaydalar transfer bazarında böyük dəyişikliklərə səbəb olacaq.
Bazar sakitləşir
Son on ildə transferlərə ən çox pul xərcləyən on klubun altısı İngiltərə təmsilçiləridir. Lakin indi ingilis klubları əvvəlki qədər pul xərcləyə bilməyəcəklər. Bu isə ümumilikdə transfer bazarına təsir göstərəcək. Qaydaların sərt tətbiq olunmağa başlandığı 2023/24 mövsümündən etibarən xərclərdə azalma müşahidə olunur. Bu mövsüm iki milyarda yaxın maliyyə xərclənib. Üstəlik transfer əməliyyatlarının sayında da eniş var. Qış transfer pəncərəsi ümumiyyətlə sakit keçir. Xviça Kvaratsxeliyanın “Napoli”dən PSJ-yə, Omar Marmuşun “Ayntraxt”dan “Mançester Siti”yə keçidləri istisna olmaqla böyük ödənişli keçidlər, demək olar ki yoxdur. Bu gedişlə əvvəlki fantastik transfer əməliyyatlarına qayıdışın olmayacağı gözlənilir. Yəni, hələ uzun illər Neymarın 222 milyon avroya “Barselona”dan PSJ-yə transfer rekordu qırılmayacaq.
İngiltərə ilə yanaşı, digər liqalar da qaydaları sərtləşdirirlər. Məsələn, İspaniya La Liqasında tətbiq olunan tənzimləmələr “Barselona”nın Messinin gedişinə göz yumması ilə nəticələnmişdi. Katalonlar hələ də oyunçu qeydiyyatı prosesində problemlərlə üzləşirlər. Fransada son illərdə bir çox klub çətinlik yaşayır. “Bordo” müflis olub, “Lion” aşağı liqaya düşmək təhlükəsi ilə üz-üzədir. Xərclərin artdığı yeganə liqa İtaliya A Seriyasıdır. Lakin orada da iki il əvvəl transfer əməliyyatlarındakı uyğunsuzluqlar səbəbindən “Yuventus” cəzalara məruz qalmışdı.
Klublar artıq birdəfəlik transferlər əvəzində icarə variantlarına üstünlük verirlər. Eyni zamanda, azad agentlərə yönəlmələr artıb. Hətta “Real Madrid” Mbbappe üçün PSJ-yə ödəniş etmək əvəzinə onu azad agent kimi cəlb etmək üçün səbirlə gözləməyi üstün tutmuşdu. Klublar artıq daha gənc oyunçulara və akademiya yetirmələrinə yönəlirlər. Yaşlı oyunçular üçün isə ümumiyyətlə böyük məbləğlər ödənməməsinə diqqət yetirilir. Çünki onlardan qazanc əldə etmək ehtimalı aşağıdır. İndi nəinki strategiyanı gənc istedadları üzə çıxarmaq üzərində quranlar, hətta böyük klublar da irihəcmli transferlərdənsə gənc oyunçuları tapıb daha aşağı məvaciblə cəlb etməyə yönəlirlər. Transfer strategiyaları dəyişməkdədir, xərclərdə böyük eniş müşahidə olunur və bu, yaxın gələcəkdə ümumən futbolu dəyişəcək.