“Təşkilatımız üzvlərin səmimiyyəti və qayğısı ilə yaşayır” - MÜSAHİBƏ
Kanadada qeydiyyatından keçmiş yeganə Azərbaycan xeyriyyə təşkilatı - Azərbaycan Qadınlarına Dəstək Təşkilatının sədri, Toronto Universitetinin professoru Nazilə İsgəndərova: “Burada xaricdən maliyyə alan təşkilatlara qarşı ehtiyatlı münasibət var və onların Kanada dövlətinə bağlılığına şübhə ilə yanaşılır. Biz bu həssaslığı anlayırıq və şəffaf olmayan layihələrdə iştirak etmirik”.
Kanadada yaşayan azərbaycanlıların sayı hələ çox az olduğu bir dövrdə Ontario bölgəsindəki azərbaycanlı qadınlar bir araya gələrək Azərbaycan Qadınlarına Dəstək Təşkilatını yaradıblar. Azərbaycan qadınlarına yardım etmək, onların sosial, mədəni və ictimai sahələrdəki fəaliyyətlərinə dəstək göstərmək, eyni zamanda yeni immiqrasiya edənlərə istiqamət vermək və icma içində birlik yaratmaq məqsədi ilə fəaliyyətə başlayan təşkilat artıq 20 illiyini qeyd edir.
Təşkilatın sədri, Toronto Universitetinin professoru Nazilə İsgəndərova ilə müsahibəmizdə həm də son illər Şimali Amerikaya yaşamağa, təhsil almağa və s. yollanan həmvətənlərimizin həyatına toxunduq.
“Biz Kanadaya ilk dəfə gələndə belə təşkilatlar yox idi”
- Nazilə xanım, 20 il kiçik tarix deyil. İşinizin miqyası sizi qane edirmi?
- Biz Kanadaya ilk dəfə gələndə belə təşkilatlar yox idi. Sadə bir informasiya almaq belə çətin idi. Çox vaxt öz səhvlərimizdən öyrənirdik. Yeganə dəstəyimiz bir ovuc səmimi dostlarımız idi. Biz bir-birimizə mənəvi dəstək verirdik və bu birlik bizim üçün çox dəyərli idi. 2005-ci ildən bəri təşkilatımız müxtəlif mədəni layihələrdə və festivallarda iştirak etməyə başladı. İlk rəqs dərnəyimizin və dərs sinfimizin, eləcə də "Rogers TV"-də yayımlanan kanalımızın yaradılmasına təkan verdik. Hətta sonralar “Təbriz” qrupu ilə yerimizi bölüşdük, onlar da bizim məkanımızda məşqlərini keçirməyə başladılar. Xeyriyyəçi fəaliyyətimizi davam etdirərək Qarabağ müharibəsi zamanı şəhid və qazi ailələrinə əhəmiyyətli dəstək göstərdik. Müalicəyə ehtiyacı olan şəxslər də bizə müraciət edirdilər. Zaman keçdikcə Kanadaya immiqrasiya edən azərbaycanlıların sayı artdı. Əvvəllər insanlar dövlətin verdiyi yardımlarla dolana bilirdilər. Təəssüf ki, 2016-cı ildən sonra Kanadada iqtisadi vəziyyət xeyli pisləşdi. Artan immiqrasiya iş imkanlarına mənfi təsir göstərdi və bölgədə əmək bazarında rəqabət daha da gücləndi.
"Könüllülük prinsipi əsasında..."
- Siz yeni gələn azərbaycanlılara hansı dəstəyi göstərə bilirsiniz?
- Cəmiyyətimizin imkanları məhdud olsa da, əlimizdən gəldiyi qədər dəstək göstərməyə çalışırıq. Məsələn, elə vətəndaşlarımız vardı ki, sənədləri qaydasında deyildi və bu sahədə ciddi yardıma ehtiyac duyurdular. Və yaxud Azərbaycanda təhsil almış biri diplomunu necə təsdiqlətməli olduğunu bilmirdi. Kimsə iş və təhsil üçün öz keçmişini hazırlamaqda çətinlik çəkirdi. Qurucularımızdan biri, mərhum Elmira Məmmədova onlara kömək edirdi. O, yardım proqramlarına müraciət qaydalarını yaxşı bilirdi və bəzən şiddətə məruz qalan qadınları sığınacaqlara yerləşdirirdi. Hazırda bu işlərdə Könül Qurbanova böyük dəstək göstərir. O, yeni gələnlərə psixoterapiya xidməti ilə də yardım edir. Kanadaya yeni gələnlər arasında ev əşyalarına ehtiyacı olanlar olur və biz onların təmin olunmasına da kömək göstəririk. Eyni zamanda, dövlət yardımına müraciət etməkdə və OSAP – tələbə yardım proqramına yönləndirməkdə dəstək veririk. Minirə Babayeva yardım üçün müraciət edənlərin həqiqətən ehtiyac sahibi olub-olmadığını araşdırır. Yeganə Cəfərova isə artıq 20 ildir cəmiyyətimizin dəstəyi ilə yaradılmış Ana dili məktəbini idarə edir. Biz bütün bu işləri könüllülük prinsipi ilə həyata keçirmişik və bu qayda ilə işləməyə davam edirik.
“Təşkilatımız üzvlərin səmimiyyəti və qayğısı ilə yaşayır”
- Kanada dövləti sizin təşkilata yardım edirmi?
- Təşkilatımız üzvlərin səmimiyyəti və qayğısı ilə yaşayır. Kanadada bu sektorda fəaliyyət göstərənlər yaxşı bilirlər ki, verilən qrantlar çox cüzi miqdarda olur, lakin qarşılığında genişmiqyaslı işlər tələb olunur. Xeyriyyə təşkilatı olduğumuza görə tədbirlərimizə görə icarəyə götürdüyümüz məkanlar daha münasib qiymətlərlə təqdim olunur ki, bu da bizim üçün bir növ dəstəkdir. Kanadada qeyri-hökumət təşkilatları heç vaxt yalnız dövlət yardımı ilə fəaliyyət göstərə bilməz. Bu səbəbdən tez-tez ianə kampaniyalarıtəşkil edilir və ya xeyirxah insanların dəstəyi ilə icmalara xidmət göstərilir. Bizim imkanlarımız bu təşkilatlarla müqayisədə çox azdır və hətta müqayisə belə edilə bilməz. Lakin xeyirxah insanlarımız bizim fəaliyyətimizi görür və təqdir edirlər. Onlar bilirlər ki, biz şəxsi maraqlara xidmət etmirik və bu işləri mükafat və ya orden almaq üçün deyil, vicdanla və könüllü şəkildə həyata keçiririk. Bizim iş prinsipimiz tamamilə şəffafdır.
“Şəffaf olmayan layihələrdə iştirak etmirik”
- Kanadada başqa qeydiyyatdan keçmiş Azərbaycan xeyriyyə təşkilatı varmı?
- Təşkilatımız dövlət qeydiyyatından keçmiş yeganə Azərbaycan xeyriyyə təşkilatıdır. İmkanlarımız məhdud olsa da, qazi ailələrinə dəstək göstəririk. Bəzən dava-dərman almaqda çətinlik çəkənlərə də yardım etməyə çalışırıq. Ehtiyacı olan xarici tələbələrə yemək bağlamaları göndəririk, azərbaycanlı tələbələrin isti geyim və qida ilə təmin olunmasına kömək edirik. Hər ay 25 azərbaycanlı ailəyə ərzaq yardımı verilir. Əlbəttə, biz demirik ki, qadınların və onların ailələrinin bütün problemlərini həll edirik. Buna gücümüz çatmaz, amma ən azı onlara yalnız olmadıqlarını xatırlatmaq istəyirik. Bəzən öz aramızda zarafatla deyirik ki, biz bir nazirliyin və ya departamentin görə biləcəyi işləri məhdud büdcəmizlə görürük. Yaxından əməkdaşlıq etdiyimiz millət vəkilləri və dövlət xadimləri fəaliyyətimiz haqqında yaxşı məlumatlıdırlar. Bu səbəbdən təşkilatımızın 20 illik yubileyi münasibətilə baş nazir də daxil olmaqla, bir çox rəsmi şəxslər bizə təbrik mesajları göndərdi. Azərbaycandan isə heç bir təbrik almadıq...
Biz heç bir xarici dövlətdən yardım almırıq. Burada xaricdən maliyyə alan təşkilatlara qarşı ehtiyatlı münasibət var və onların Kanada dövlətinə bağlılığına şübhə ilə yanaşılır. Biz bu həssaslığı anlayırıq və şəffaf olmayan layihələrdə iştirak etmirik.
- Elə başa düşdüm ki sizin cəmiyyət qadınlara dəstək çərçivəsindən kənara çıxaraq daha genişprofilli fəaliyyət göstərir. Azərbaycanlıların iş tapmalarına da köməklik edirsinizmi?
- Nəsə axtaranlara yol göstərmək, məsləhət vermək bizim əsas fəaliyyət istiqamətlərimizdəndir. İş vakansiyaları barədə elanları mütəmadi olaraq öz qrupumuzda paylaşırıq. Yardım proqramlarının linklərini veb saytımızda yerləşdiririk ki, ehtiyacı olanlar bu imkanlardan yararlana bilsin. Hazırda ofisimiz olmasa da, bələdiyyələr tədbirlərimiz üçün məkan məsələsində bizə az ödəniş qarşılığında dəstək göstərirlər.
Təranə Məhərrəmova
Bakı-Toronto