bazar ertəsi, 30 yanvar, 05:49

Baku Bakı 6°C

Təhsilə tədqiqat vasitəsi ilə yanaşma

icon 640 icon 31 dekabr 2022 | 03:30 Təhsilə tədqiqat vasitəsi ilə yanaşma

Azərbaycan tələbələrinin tədqiqat bacarıqları aşağı səviyyədədir. Yığılan informasiyaların tədqiqi, onları analiz etmək və sistemləşdirmək bacarığı da lazımi səviyyədə deyil. Mütəxəssislər problemi həm də sovet tədris sisteminin mirası kimi dəyərləndirirlər. 

Elmi tədqiqat tələbənin elmin mənşəyi ilə tanışlığının başlanğıcıdır. Bu mərhələdə tələbə tədqiqatda ilk addımlarını atır. Problemin həllində tələbələrin marağı, həvəsi və bacarıqları ilə yanaşı təhsil aldıqları müəssisələrin təşviqi də böyük rol oynayır.

Dünya ölkələrində bu proses uğurla həyata keçirilir. Təəssüf ki, Azərbaycanda ali təhsilin ilk pilləsinə qədəm qoyan tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsi məsələsinin hələ də problem olaraq qaldığı qeyd edilir. Keçən həftə məsələnin parlamentin İctimai birliklər və dini qurumlar, Mədəniyyət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında gündəmə gətirilməsi də bu narahatlıqdan qaynaqlanır. Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Biz keyfiyyətli elmi tədqiqatlar istəyiriksə, bununla bağlı maliyyə ayrılmalıdır”, - deyə qeyd edib: “Magistrlərimizin xaricdə tədqiqat keçməsi üçün külli miqdarda maliyyə ayrılır. Amma burada təhsil alanlar üçün əlverişli şərait yaradılmayıb. Tədqiqat aparılması üçün müasir laboratoriyalar hələ də yoxdur”.

Qeyd edək ki, ali təhsil müəssisələrində elmi-tədqiqat işlərinin təşkili və planlaşdırılması haqqında Nazirlər Kabinetinin Əsasnaməsi təsdiq olunub. Sənəd ali təhsil müəssisələrinin elmi təşkilatlarının qarşısına yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması, iqtisadiyyatın, sənayenin və digər təsərrüfat sahələrinin mütəxəssislərinin əlavə təhsilinin təmin edilməsi, milli iqtisadiyyatın inkişafında ali təhsil müəssisəsinin elmi potensialından səmərəli istifadə edilməsi öhdəliyini qoyur.

Təəssüf ki, mövzu ilə bağlı real vəziyyət Milli Məclisdə həll olunmamış problem kimi gündəmə gəlib.

Təhsil ekspertləri isə birmənalı olaraq hesab edirlər ki, rəqabət qabiliyyətli mütəxəssisin hazırlanmasında mühüm həlqə kimi elmi iş də mühüm yer tutmalıdır. Elmi tədqiqat bacarıqları tələbədə universitetdə təhsil aldığı müddətdə və hər şeydən əvvəl onun fəal iştirakı ilə formalaşmalıdır.

Əgər insan resursları yoxdursa...

Böyük Britaniyanın Kembric Universitetinin professoru Qərib Mürşüdov təhsildə tədqiqatın rolunun və vacibliyinin mühüm olduğunu bildirir: “Orta məktəbdən başlayaraq şagirdlərə, tələbələrə axtarış aparmağı, informasiyaya tənqidi yanaşıb analiz etməyi, informasiyaları bir yerə yığıb sistemləşdirərək təqdimatlar etməyi öyrətmək lazımdır. Bu, həm tələbələrin gələcəyi, həm də ölkənin inkişafı üçün vacibdir”. Alimin fikrincə, universitetlərdə və hətta orta məktəblərdə laboratoriyaların, ləvazimatların olmaması bu problemin həllinə mane olmamalıdır. Yəni əgər laboratoriya yoxdursa, onda internetdə axtarışlar etmək, nəzəri tədqiqatlar aparmaq olar: “Əlbəttə, orta məktəbləri, universitetləri təhsilə tədqiqat vasitəsi ilə yanaşmağa hazırlamaq lazımdır. Bu, nəinki laboratoriyaların və ya ləvazimatların hazırlanması deməkdir, həm də müəllimlərin tədqiqat vasitəsi ilə dərs verməyə hazırlanmasıdır. Əgər insan resursları yoxdursa, ləvazimatlar kömək etmir”.

Alim çalışdığı ölkənin təcrübəsindən çıxış edərək qeyd edir ki, Britaniyada və bir sıra ölkələrdəki orta nüfuzlu universitetlərdə tədqiqata kifayət qədər yer ayırırlar: “Müəyyən universitetlərdə təhsil belə olur: 1-ci il, demək olar ki, 100% dərs və imtahan. 2-ci il 75% dərs və 25% layihələr, 3-cü il 50% və 50 %. 4-cü il (bu həm də magistraturadır) isə 25% və 75%. Bu faizlər universitetdən universitetə dəyişir”.

Q.Mürşüdov  bizim ölkəmizdə gənclərin tədqiqat bacarıqlarının zəif olduğunu deyir: “Ümumiyyətlə, Azərbaycanda gənclərlə danışanda üzə çıxır ki, onların tədqiqat bacarıqları aşağı səviyyədədir. Yığılan informasiyaların tədqiqi, onları analiz etmək və sistemləşdirmək bacarığını gücləndirmək lazımdır”.

Laboratoriyaların yaradılmasına dəstək

Azərbaycan Diplomatik Akademiyasının (ADA) professoru Gülməmməd Məmmədov problemi həm də sovet tədris sisteminin mirası kimi dəyərləndirir: “Sovet vaxtı tədqiqat bir növ tədrisdən ayrı proses idi. İndi də fəaliyyət göstərən AMEA strukturu və ayrıca tədqiqat institutlarının fəaliyyəti vardı. İndi dünya təcrübəsinə görə, tədqiqatı tədrislə maksimum inteqrasiya etmək lazımdır. Bunun üçün universitetlərin tədqiqat potensialı gücləndirilməlidir. Laboratoriyalar tədris və tədqiqat tipli olmalıdır. Tədqiqat laboratoriyalarında tamamilə yeni suallar və məsələlər araşdırılır. Belə mərkəzlərin maddi-texniki bazası olduqca baha başa gəlir. Çünki tədqiqata lazım olan cihazlar çox bahalıdır. Tələbələrin tədqiqat məsələlərindən danışanda ilk növbədə belə laboratoriyaların yaradılmasına dəstək göstərmək lazımdır. Bu laboratoriyaları hansısa inzibati kanalla yaratmaq effektiv olmaz. Universitetdə çalışan professor-müəllim heyətinin istəyi, irəli sürdükləri layihələr əsasında yaratmaq lazımdır. Laboratoriyanı işlədən şəxs olmalıdır. Təkcə texnologiyanın alınması deyil, eyni zamanda o cihazları idarə edəcək professor-müəllim heyətinin olması da vacibdir. Belə kadrlar olmadıqda tələbələr tədqiqatlara cəlb edilə bilmir”.

Yaradıcı təfəkkür, kritik düşüncə, tədqiqat mədəniyyəti

Alimin sözlərinə görə, belə tədqiqatlara, əsasən, bakalavr pilləsində təhsil alan tələbələr cəlb olunmaldır: “Magistr, doktorantura səviyyəsində təhsil alan tələbələr təbii olaraq o laboratoriyaların içərisindədirlər. Tədqiqatın effektiv olması, o potensialın formalaşması üçün bakalavr səviyyəsindən başlamaq lazımdır. Ancaq bütün bakalavr səviyyəsində təhsil alanları tədqiqat işinə cəlb etmək də düzgün deyil. Onlar daha çox baza bilikləri öyrənməklə məşğuldurlar. Tələbələri o istiqamətdən, əsas hədəfdən yayındırmaq olmaz. Xüsusi istedadlı tələbələr olur ki, onlar baza biliklərini çox effektiv öyrənirlər və tədqiqata maraq göstərirlər. Belə tələbələrə təhsil aldıqları mərkəzlərdə şərait yaradılmalıdır”. G.Məmmədov tələbələrin ilk kursda belə tədqiqatlara cəlb olunmasını tövsiyə etmir: “Tələbə yuxarı kurslarda elmi tədqiqat laboratoriyalarına getməklə tədqiqat mədəniyyətinə sahiblənir. Onda yaradıcı təfəkkür və kritik düşüncə formalaşır. Tədqiqatın aparılması onda yeni biliyin əldə edilməsi prosesi haqda məlumatlanmağa təkan verir”. Professorun fikrincə, elmi-tədqiqat laboratoriyaları tələbələrin təhsil aldığı mərkəzdən kənarda olmamalıdır: “Ölkəmizdə olan problemlərdən biri də belə laboratoriyaların tədris müəssisələrindən kənarda yerləşməsidir. Bu, sovet dövründən miras qalmış təhsil müəssisələrinin  strukturu ilə əlaqədardır”.  

G.Məmmədov qeyd edir ki, ADA, İqtisad Universiteti (UNEC) kimi universitetlərdə tələbələrin  təhsil alması, istirahəti, bilik öyrənməsi üçün münbit şərait mövcuddur: “Yadımdadır, BDU-da təhsil aldığım illərdə otura biləcəyin yeganə yer auditoriyanın içərisi idi. 3-4 nəfərin tədrislə bağlı hər hansı məsələni müzakirə etməsi üçün normal bir mühit yox idi. Yeməkxana və kitabxana belə müzakirələr üçün uyğun yer deyil. Təəssüf ki, sovet dövründə bu infrastruktur qurulanda həmin məqamlar nəzərə alınmayıb. Hazırda bəzi ali məktəblər bu problemləri aradan qaldırmaq üçün müəyyən işlər görürlər”. 

Təranə Məhərrəmova