Stomatoloqlar narazıdır...

TƏBİB-in dövlət müəssisələrində çalışan stomatoloqlardan hər iş otağı üçün paytaxtda aylıq 1 800 manat, bölgələrdə isə 1 200 manat pul tələb etməsi barədə yayılan məlumatlar narazılıqlara səbəb olub. Stomatoloqlar yanaşmanın doğru olmadığını bildirirlər.
Azərbaycanda fəaliyyət göstərən bir qrup stomatoloq TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) stomatoloji müəssisələrdən pul tələb etdiyini bildirir. Stomatoloqlar sosial şəbəkələrdə iddia edirlər ki, TƏBİB dövlət müəssisələrində çalışan stomatoloqlara hər iş otağı üçün aylıq 1 800 manat, bölgələrdə isə 1 200 manat pul tələb edir. Həkimlər bildirirlər ki, icarə haqqı məsələsi peşə fəaliyyətinə və maddi rifaha ciddi təsir göstərən problemdir.
“Dövlət poliklinikaları bağlana bilər”
Stomatoloq Tural Mirzəyev “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, bu tələbin heç bir hüquqi əsası yoxdur: “Xarici ölkələrdə stomatoloji xidmətin ən azı 70%-i sığorta hesabına qarşılanır. Hazırda dövlət poliklinikalarında kifayət qədər sosial durumu aşağı olan insan stomatoloji xidmət alır. TƏBİB bu tələbi irəli sürməklə dövlət poliklinikalarının bağlanmasına və ictimai narazılıqlara səbəb olacaq”.
“1200 manatı haradan tapıb ödəyəcək?”
Həkim vurğulayır ki, hər kəsin maddi durumu özəl stomatoloji kabinetlərdə xidmət almağa imkan vermir: “Rayonlarda durum daha acınacaqlıdır. Kənd yerində çalışan stomatoloq 1200 manatı haradan tapıb ödəyəcək? TƏBİB-in stomatoloji xidmətin keyfiyyətindən xəbəri varmı? Materialları belə həkimlər özləri alır. Dünyanın harasında uşaq stomatologiyası dövlət poliklinikasında ödənişlidir?!”.
Nə tibb prinsipinə uyğundur, nə də...
Tural Mirzəyev deyir ki, 1200 və 1800 manatlıq "plan" tələbi, nə tibbi prinsiplərə, nə də real iqtisadi və sosial şəraitə uyğundur: "Bu “plan”lar həkimlərə qarşı maddi və psixoloji təzyiq vasitəsinə çevrilib. Bu sistem yalnız vicdanla çalışan həkimlərə deyil, ümumilikdə stomatoloji xidmətlərin keyfiyyətinə mənfi təsir göstərir. Məlum qərarlar fonunda tibbi və stomatoloji təhsili olmayan, qanunsuz şəkildə diş müalicəsi və protezləşmə ilə məşğul olan şəxslərə qarşı hansısa cəza tədbiri görülmür. Əksinə, təhsilli, lisenziyalı və peşəkar stomatoloqlara qarşı təzyiqlər artır, işdən çıxarılma təhlükəsi ilə qarşı-qarşıya qalırlar. Biz, stomatoloqlar olaraq bu ədalətsizliklərə qarşı çıxırıq”.
“Bu, vətəndaşların üzərində əlavə maliyyə yükü yaradacaq”
Almaniyada stomatoloq kimi fəaliyyət göstərən həmyerlimiz Pərviz Rəhimli bildirir ki, xüsusilə bölgələrdə fəaliyyət göstərən həkim-stomatoloqlar üçün bu qərar maliyyə baxımından əlavə yük yarada bilər: “Ödənişlərin məqsədi və hüquqi əsaslandırması tam şəkildə izah olunmadığı üçün bu, şəffaflıq və ədalətlilik prinsipləri ilə bağlı suallar doğurur. Qeyd etmək yerinə düşər ki, 2022-ci ildə Mannheim şəhərində TƏBİB nümayəndələri ilə keçirilən görüş zamanı stomatoloqların fəaliyyəti ilə bağlı verdiyimiz sualı cavablandırılarkən, Azərbaycanda stomatologiyanın ən çətin nəzarət olunan sahələrdən biri olduğu vurğulandı. Bu yanaşma nəzarətin zəruriliyini göstərsə də, sahədəki dərin struktur problemlərin - qeyri-leqal fəaliyyət, lisenziyasız klinikalar, saxta həkimlər və haqsız rəqabətin - hələ də sistemli şəkildə həll olunmadığını ortaya qoyur. Belə bir şəraitdə stomatoloqlara əlavə aylıq ödəniş tələbinin irəli sürülməsi, xüsusilə dövlət klinikalarında çalışan, vicdanla və protokollara uyğun işləyən mütəxəssislər üçün ciddi çətinliklər yarada bilər. Bu ödənişi ödəməyə məcbur edilən həkimlər istər-istəməz göstərilən xidmətlərin qiymətini artırmağa məcbur qalacaq və bu da birbaşa olaraq vətəndaşların üzərinə əlavə maliyyə yükü qoyacaq”.
“Almaniyada otaq üçün rüsum alınmır”
Həkim müqayisə üçün Almaniya modelinə nəzər salmağı faydalı hesab edir: “Almaniyada stomatoloqlardan müalicə otağı üçün sabit aylıq rüsum alınmır. Stomatoloqlar - istər dövlət, istər özəl klinikalarda - protokollara uyğun işləmək, keyfiyyətli tibbi xidmət göstərmək və pasiyent məmnuniyyətini təmin etmək öhdəliyi daşıyırlar. Qarşılığında isə ya sabit yüksək maaş alırlar, ya da klinikaya gətirdikləri gəlirə əsasən maaş və bonuslarla təmin olunurlar. Eyni zamanda, onlar yüksək vergi öhdəliklərini yerinə yetirirlər. Ən əsası, Almaniyada stomatoloji xidmətlərin maliyyə modeli göstərilən xidmət və sığorta sistemləri üzərində qurulub. Bu model həm stomatoloqların fəaliyyətini sabit və şəffaf şəkildə davam etdirməsinə, həm də pasiyentlərin daha əlçatan və keyfiyyətli xidmət almasına imkan yaradır”.
Həmsöhbətimiz vurğulayır ki, Azərbaycanda da stomatoloji sahədə islahatlar həyata keçirilərkən beynəlxalq təcrübə, xüsusilə şəffaf və effektiv idarəetmə modelləri nəzərə alınmalıdır: “Əlavə rüsumların tətbiqi arzuolunan nəticələri verməyəcək, əksinə, peşəkar stomatoloqların fəaliyyətini daha da çətinləşdirəcək və vətəndaşlara göstərilən xidmətin keyfiyyətinə mənfi təsir göstərəcək”.
Bəs TƏBİB nə deyir?
Sorğumuza cavab olaraq TƏBİB-dən bildirildi ki, müəssisələrin maliyyə uçotundan yayınması halları müşahidə edilib: “Son dövrlərdə stomatoloji xidmətlərin təşkili və bu sahədə şəffaflığın artırılması məqsədilə müəyyən təhlil və qiymətləndirmə işləri aparılıb. Bu qiymətləndirmələr zamanı müxtəlif regionlarda fəaliyyət göstərən stomatoloqların xidmət həcmi və mövcud şərait araşdırılıb. Ödənişlərin rəsmi, nağdsız ödəniş sistemi (POS-terminal, bank köçürməsi və s.) üzərindən keçirilməməsi, yəni müəssisənin maliyyə uçotundan yayınması halları müşahidə edilib”.
TƏBİB vurğulayır ki, qarşılıqlı əməkdaşlıq və açıq dialoq prinsiplərinə əsaslanaraq həm stomatoloji xidmət göstərən həkimlərin, həm də pasiyentlərin maraqlarını qorumağa davam edəcək: “Bununla belə, konkret plan və ya öhdəliklərin rəsmi şəkildə tətbiq edilməsi barədə hər hansı qərar qəbul edilməyib. Hazırda məsələ yalnız müzakirə və təklif mərhələsindədir. TƏBİB rəhbərliyinin iştirakı ilə bir qrup həkim-stomatoloqla müzakirələr aparılıb və danışıqlar müsbət nəticə ilə bitib”.
Məlumat üçün bildirək ki, bir qrup stomatoloq yeni tələb və qaydaların yaratdığı sualları aydınlaşdırmaq üçün qurumun binasında toplaşıblar. Onlar jurnalistlərə açıqlamasında etiraza səbəb olan məsələlərə TƏBİB tərəfindən aydınlıq gətirildiyini bildiriblər.
Aygün Əziz
