Soyuq hava xəstəlik səbəbi deyil - MÜSAHİBƏ
Burun-boğaz əməliyyatı üçün mövsümün heç bir fərqi yoxdur. İnsan özünü hansı mövsümdə rahat hiss edirsə, ona nə vaxt uyğundursa əməliyyat etmək olar. Bu işdə yaş məhdudiyyəti də yoxdur. Amma əsasən 3 yaşına qədər uşaqlarda məsləhət görülmür.
Çoxumuz ömrümüzdə bir dəfə də olsa burun, boğaz, qulaq xəstəlikləri ilə bağlı həkimə müraciət etmişik. Həmsöhbətimiz otorinolarinqoloq, uzman həkim Əli Əliyev bu xəstəliklərlə bağlı suallarımızı cavablandırıb.
Angina və ya boğazgəlmə, burunda artıq ət
Xalq arasında “burun-boğaz əti” adıyla məşhur olan adenoid və tonzillərin aradan qaldırılması ilə bağlı fikirlər birmənalı deyil. Bəziləri “lazımdır, qalmalıdır” deyir, digərləri “mütləq şəkildə əməliyyat olunub zərərsizləşdirilməlidir” qənaətindədir. Əli Əliyev də deyir ki, burun və boğaz ətinin əlbəttə ki, bəlli funksiyası var: “İmmunitetimiz üçün önəmlidir, orqanizmin giriş yollarındadır. Bədənimizə daxil olan mikroblar ilk növbədə onlarla qarşılaşırlar. Amma onların zərəri faydasından çox olursa, qurtulmaq məsləhətdir. Belə vəziyyətdə onlar “artıq ət” adlana bilər. Zərəri nədən ibarətdir? Əgər nəfəsi, yeməyi-içməyi əngəlləyirsə, daha çox ziyanı var. Mikrobları başqa vasitəylə də öldürmək olar. Boğazın tez-tez şişməsi – angina zamanı da onları zərərsizləşdirməyə – əməliyyat vasitəsilə aradan götürməyə ehtiyac yaranır. Daha nadir səbəblər də var. Məsələn, onkoloji vəziyyətlərdə də boğaz şişməsi olur və bu halda da əməliyyatsız ötüşmək mümkün deyil”.
Burun-boğaz əməliyyatı üçün yaş və mövsüm fərqi
Həkim deyir ki, burun-boğaz əməliyyatı üçün mövsümün heç bir fərqi yoxdur: “İnsan özünü hansı mövsümdə rahat hiss edirsə, ona nə vaxt uyğundursa əməliyyat etmək olar. Bu işdə yaş məhdudiyyəti də yoxdur. Amma əsasən 3 yaşına qədər uşaqlarda məsləhət görülmür. Çünki yaş nə qədər kiçikdirsə, anesteziya risklidir. Digər fəsadlar da ola bilər”.
Nəfəsalmanı çətinləşdirən çəpər əyriliyi
“Burunda çəpər əyriliyi, balıqqulaqlarının şişkinliyi burun tıxanıqlığı problemi yaradır”, – deyir həkim: “Bu, həm nəfəsalmanı çətinləşdirir, həm də müəyyən qədər gecələr xoruldamalara gətirib çıxarır. Burun çəpəri doğuluşdan da əyri ola, əyrilik sonradan travmalar nəticəsində də yarana bilər. Burunun bir tərəfində daralma varsa, digər tərəfində genişlənmə var deməkdir. Belə olanda genişlənən yerdə balıqqulağı şişir, boşluğu doldurur. Ona görə çəpər əyriliyini əməliyyat edəndə balıqqulaqlarına da müdaxilə edirik. Amma çəpər əyriliyi olmayan xəstələrdə də bu, müşahidə olunur. Məsələn, allergik rinitdə – burun allergiyasında da balıqqulaqlar şişə və nəfəsalmanı zəiflədə bilir”.
Xoruldamanın araşdırılması kompleks işdir
Həkim xorultunu yaradan səbəblərdən də danışdı: “Xoruldamanın bir çox səbəbi var. Amma əsasən yaş faktoru, artıq çəki və çəpər əyriliyi, balıqqulaqlarının şişməsi, burunda və ya boğazda artıq ətlər, dilin böyük olması, çənənin balaca olması və s. səbəbindən yaranan nəfəs darlığıdır. Bəzən bunların heç biri olmadığı halda da insan xoruldayır. Bu, artıq genetik faktordur”. Son zamanlarda xoruldama əleyhinə “kapa”ların reklamına tez-tez rast gəlirik. Bəs onlardan istifadə etmək nə qədər doğru və faydalıdır? Həkim deyir ki, xoruldamanın araşdırılması kompleks işdir: “Pulmonoloq, stomatoloq, nevropatoloq, bəzən psixiatr, çənə cərrahının işi buna daxildir. İlkin olaraq xoruldamanın səbəbi aşkarlanmalıdır. Məsələn, əgər səbəb artıq kilolardırsa, çəki azaldılmalıdır. Çənə quruluşunda problem varsa stomatoloq, burun əti problemidirsə, biz baxmalı və səbəbi aradan qaldırmalıyıq. Əməliyyatdan, CPAP cihazlarından fayda ala bilməyən xəstələr üçün kapalar məsləhət verilə bilər”.
“Çox isti də ziyandır, çox soyuq da”
Biz isti çay içməyə alışqan xalqıq. Soyuq su içmirik ki, boğazımız şişər. Amma digər xalqlarda çay mədəniyyətinə az-az hallarda rast gəlirik. Qəhvəni nəzərə almasaq, əsasən yay-qış soyuq içkilər içildiyini görürük. Bəs biz bundan niyə qorxuruq? Həkim bildirir ki, soyuq özü təkbaşına bir infeksiyanın səbəbi deyil: “Hər nə qədər sübutu olmasa da, Avropada da buna ümumilikdə soyuqdəymə desələr belə, bu, virus infeksiyasıdır. Soyuğun ümumiyyətlə götürsək, immun sistemimizə təsiri var. Məsələn, həddindən artıq soyuq havada qalmaq insanın immun sistemini zəiflədə bilər. “Hər hansı bir infeksiyanın səbəbi soyuq havadır” deyilən bir anlayış yoxdur. Amma insanlar var ki, soyuq su içən kimi, dondurma yeyən kimi xəstələnir. Bu artıq onların orqanizminin xüsusiyyətidir. Yəni daha çox bədənin nəyə öyrəşməsi şərtdir. Əgər insan balaca vaxtından istiyə öyrəşibsə, əlbəttə ki, bir balaca soyuq dəyən kimi xəstələnəcək. Yadda saxlamaq lazımdır ki, paltar üşüməmək üçündür, tərləmək üçün deyil! Çox isti də ziyandır, çox soyuq da”.
Qulaq ifrazı düzgün təmizlənməlidir
“Qulaq kanalı dəri ilə örtülüdür”, – deyir həkim: “Qulaq kanalının girişində də qıllar var. Bu qılların dibindəki vəzilər qulaq kiri dediyimiz maddəni əmələ gətirir. Bu maddə ağ rəngdən qara rəngə qədər dəyişir, daha çox sarımtıl rəngə çalır. Bu ifrazın içində yüzlərlə fərqli molekullar var. Onlar qulağı müxtəlif mikroblardan qoruyur, qulaq kanalını yağlayır, kanala girmiş tozcuqları yavaş-yavaş dolaraq kənara çıxardır. Biz qulaq çöpü vasitəsilə ifrazın çölə çıxanını ehmallıca təmizləsək, yetərlidir. Dərin təmizləmə qulağı mühafizəsiz buraxır və qulağa infeksiya düşə bilər”.
Qulaq pərdəsinin zədələnmə səbəbləri
Həkim bir çox insanları narahat edən qulaq pərdəsinin zədələnmə səbəblərindən də danışdı: “Səbəb çox olsa da, ikisi önə çəkilir. Birincisi, akustik və ya mexaniki travma, ikincisi isə infeksiya nəticəsində olur. Qulağa infeksiya yığılır və qulaq pərdəsinə təzyiq göstərərək onu yırtır. Travma nəticəsində olanlar özü-özünə da qapana bilir. Yanaşı müalicə isə ona tez və yaxşı sağalması üçün köməklik göstərir. Əgər qulaqda axıntı varsa, çirk gəlirsə, bu artıq həyəcan təbilidir”.
Həkim deyir ki, bir çox insanlar qaymoritdən qorxurlar: “Hazırda punksiyaya da ehtiyac yoxdur, çoxlu antibiotiklər, spreylər var. Onlarla müalicə də uğurlu və rahat keçir. Əsas vaxtında həkimə müraciət etsinlər və düzgün müalicə alsınlar”.
Söhbətləşdi: Xanım Aydın
Fotolar: Rüfət Mikayılov