Sosial müavinətlər artır

Prezident İlham Əliyevin fərman və sərəncamları ilə 2018-2025-ci illərdə dörd milyondan çox vətəndaşı əhatə edən beş sosial islahat paketi icra olunub. Bu islahatlar üzrə ayrılan illik əlavə vəsait 7,6 milyard manat təşkil edir.
Vətəndaş rifahının təminatı, sosial müdafiə sisteminin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin əsas prioritet istiqamətlərindəndir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən növbəti sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərin artırılması ilə bağlı son fərman bunun əyani təzahürüdür.
İyulun 1-dən etibarən...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2025-ci ildə müavinət və təqaüdlərin artırılmasına dair təşkil edilən brifinq zamanı nazir müavini Rəşad Mustafayev bildirib ki, bu il iyulun 1-dən şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi və Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün Prezidentin aylıq təqaüdü 600 manatdan 700 manata, müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 500 manatdan 600 manata, 61-80 faiz pozulmasına görə (II dərəcə) 400 manatdan 500 manata, 31-60 faiz pozulmasına görə (III dərəcə) 330 manatdan 400 manata çatdırılır.
2000 manatdan 2200 manata...
Vətən Müharibəsi qəhrəmanlarına Prezidentin aylıq təqaüdünün 2000 manatdan 2200 manata, Azərbaycanın Milli qəhrəmanlarına Prezidentin aylıq təqaüdünün 1800 manatdan 2000 manata, Prezidentin fərdi təqaüdünün 1500 manatdan 1700 manata, uşağın anadan olmasına görə və dəfn üçün birdəfəlik müavinətlərin 500 manatdan 600 manata çatdırılması təmin edilir. Himayədar ailəyə verilmiş əlilliyi olan uşağa görə aylıq müavinət 0-6 yaşarası uşaq üçün 395 manatdan 500 manata, 7-13 yaşarası uşaq üçün 415 manatdan 600 manata, 14-18 yaşarası uşaq üçün 435 manatdan 650 manata, əlilliyi olan şəxslərə müavinət orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 270 manatdan 300 manata, 61-80 faiz pozulmasına görə (II dərəcə) 220 manatdan 250 manata, 31-60 faiz pozulmasına görə (III dərəcə) 150 manatdan 180 manata çatdırılır.
Yeni Fərmanda, həmçinin ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdünün 300 manatdan 350 manata, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Prezidentin aylıq təqaüdünün 200 manatdan 250 manata çatdırılması nəzərdə tutulub.
Eyni zamanda, övladlığa götürülən hər uşağa görə aylıq müavinət 200 manatdan 240 manata, ailə başçısını itirməyə görə aylıq müavinət (hər ailə üzvü üçün) 120 manatdan 140 manata, bir yaşınadək uşağı olan aztəminatlı (ünvanlı yardım alan) ailələrə aylıq müavinət (hər uşağa görə) 100 manatdan 140 manata, beşdən çox uşağı olan qadınlara aylıq müavinət (hər uşağa görə) 105 manatdan 140 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət (hər uşağa görə) 120 manatdan 140 manata, valideyn himayəsindən məhrum uşaqların qəyyumları üçün aylıq müavinət 120 manatdan 140 manata çatdırılır.
Fəxri adları olanlar
Prezidentin aylıq təqaüdü də gələn ayın əvvəlindən 100 manatdan 120 manata, “Xalq yazıçısı”, “Xalq şairi”, “Xalq artisti” və “Xalq rəssamı” fəxri adlarına görə təqaüd 200 manatdan 300 manata, “Əməkdar elm xadimi”, “Əməkdar incəsənət xadimi”, “Əməkdar artist”, “Əməkdar rəssam”, “Əməkdar mədəniyyət işçisi”, “Əməkdar müəllim”, “Əməkdar həkim”, “Əməkdar memar”, “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, “Əməkdar dövlət qulluqçusu”, “Əməkdar jurnalist”, “Əməkdar mühəndis”, “Əməkdar hüquqşünas”, “Əməkdar kənd təsərrüfatı işçisi”, “Əməkdar pilot”, “Əməkdar tibb işçisi” fəxri adlarına görə təqaüd 150 manatdan 200 manata qaldırılıb.
Beş sosial islahat paketi
Qeyd edək ki, dövlət başçısının fərman və sərəncamları ilə 2018-2025-ci illərdə dörd milyondan çox vətəndaşı əhatə edən beş sosial islahat paketi icra olunub. Bu islahatlar üzrə ayrılan illik əlavə vəsait 7,6 milyard manat təşkil edir. Ümumilikdə, bu ilin əvvəlindən icrasına başlanılan sosial islahat paketi 3 milyon insanı əhatə edir və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb.
Bundan əlavə, 2018-2025-ci illərdə minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2 dəfə, minimum pensiya 3 dəfə, orta aylıq pensiya 2,6 dəfə artırılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan sosial siyasət nəticəsində 2019-cu ildən bəri sosial sahəyə ayrılan büdcə vəsaiti 2,2 dəfə artırılaraq 2025-ci ildə 16,9 milyard manata çatdırılıb. Hazırda bu xərclər ümumi büdcənin 41 faizini təşkil edir. Bu il yanvarın 1-dən pensiyalar orta aylıq nominal əməkhaqqının artımına uyğun olaraq 8,1 faiz indeksləşdirilib.
