“Rus Evi” müəmması
Azərbaycan “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərib. Səbəb kimi ölkə qanunvericiliyinin tələblərinin pozulması göstərilib.
Azərbaycanda son zamanlar xarici kəşfiyyat orqanlarının destruktiv fəaliyyətinin qarşısının alınması istiqamətində ciddi tədbirlər görülür. Böyük rezonansa səbəb olan Fransaya məxsus casus şəbəkəsinin ifşasından sonra ABŞ-nin USAID təşkilatının da ölkəmizdə fəaliyyətinə xitam verildi. İndi isə növbədə Azərbaycanda fəaliyyət göstərən "Rus Evi"dir. Son günlər mərkəz ətrafında müzakirələr səngimir. Xüsusilə də Rusiya mətbuatında “Rus Evi”nin bağlanması barədə qərara görə, ölkəmiz yenidən hədəf halına gəlib. Lakin rəsmi Bakının bu məsələdəki mövqeyi aydındır. Hansı dövlətə məxsus olmasından asılı olmayaraq, ölkə qanunvericiliyinin tələblərini pozan mərkəzlərin fəaliyyətinə son veriləcək.
Rusiyaya nota verildi
Artıq Azərbaycan tərəfi məlum məsələ ilə bağlı Rusiyaya nota da verib. Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi - “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra 2025-ci il fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.
"Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir. Azərbaycan tərəfinin ölkəmizdə “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək, Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir", - məlumatda vurğulanıb.
Qarşı tərəfi təşvişə salan əsas məqam
Qarşı tərəfi təşvişə salan əsas məqam isə bir neçə gün əvvəl “Baku TV”də “Rus Evi”nin casus şəbəkəsi olduğunu isbat edən faktların ortaya qoyulmasıdır. Materialda vurğulanıb ki, "Rossotrudniçestvo" adlanan qurumun tabeliyində olan "Rus Ev"ləri ölkəsinin müxtəlif kəşfiyyat orqanlarından aldıqları əmr və tapşırıqlar əsasında fəaliyyət göstərir, bir növ casusluqla məşğul olurlar. Ortaya qoyulan faktlarla bağlı hüquqi müstəvidə tədbirlər görülməsi bu "evlər"ə nəzarət edən "Rossotrudniçestvo"nun rəhbəri Yevgeni Primakovdan istənilib. 90-a yaxın ölkədə fəaliyyət göstərən təşkilat məhz casusluğa görə altı ölkədə fəaliyyətini dayandırmalı olub. Avropanın beş ölkəsində Rus mədəniyyət və elm mərkəzləri - "Rus Evləri" bağlanıb. Bunlar Sloveniya, Xorvatiya, Makedoniya, Monteneqro və Rumıniyadır. "Rossotrudniçestvo"nun casusluğunun sübut olunduğu ölkələr sırasında Almaniya da var. Bu, xüsusilə də Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hərbi müdaxiləsinin başlanğıcından bəri daha da güclənib. Yayılan məlumatlara görə, Almaniya hökuməti Berlindəki "Rus Evi"ni bağlamağa hazırlaşır. Bəzi məlumatlara görə, bu mərkəzin nümayəndələrindən biri "Vaqner" hərbiləşdirilmiş dəstəsinin üzvüdür.
“Bunun nizamlana bilən anlaşılmazlıq olduğunu hesab edirik”
Yeri gəlmişkən, Rusiya da rəsmi səviyyədə “Rus Evi” ilə bağlı məsələyə münasibət bildirib. “Kreml Bakıda “Rus Evi”nin bağlanmasını anlaşılmazlıq hesab edir”, - bunu jurnalistlərə açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, Kreml vəziyyətin nizamlanacağına ümid edir: “Təəssüflənirik və bunun nizamlana bilən anlaşılmazlıq olduğunu hesab edirik. Bu məsələni həmkarlarımızla müxtəlif səviyyələrdə müzakirə edəcəyik və bu məsələnin dövlət başçıları səviyyəsində qaldırılacağını istisna etmirik”.
Peskov vurğulayıb ki, Moskva bu məsələləri Bakı ilə olan ənənəvi mehriban münasibətləri rəhbər tutaraq dialoq vasitəsilə həll edəcək.
F.ABASOĞLU