• şənbə, 20 Aprel, 11:42
  • Baku Bakı 14°C

Rafiq Bayramov: Vərəmlə mübarizədə heç zaman arxayınlaşmaq olmaz

24.03.23 14:27 525
Rafiq Bayramov: Vərəmlə mübarizədə heç zaman arxayınlaşmaq olmaz

1882-ci il martın 24-də Robert Kox vərəmin törədicisi olan mikobakteriyaları kəşf etdiyini bəyan etdiyi üçün 24 mart Ümumdünya Vərəmlə Mübarizə Günü kimi qeyd edilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, vərəm hazırda da dünyada ölümə səbəb olan əsas infeksion xəstəliklərdən biridir. Vərəmə yoluxanların, xəstələnənlərin və həmin xəstəlikdən dünyasını dəyişənlərin sayı müxtəlif dövrlərdə artıb-azalır. Birinci Dünya müharibəsi dövründə müharibədə ölənlərin sayı 1,7 milyon nəfər olduğu halda həmin dövrdə yalnız Rusiyada vərəmdən ölənlərin sayı 2 milyonu ötüb. İlk vərəm əleyhinə dərman olan streptomisinin 1944-cü ildə kəşf edilməsi və vərəmin müalicəsində yüksək effektivliyi ötən əsrin ortalarında hətta tibb ictimaiyyətində vərəm xəstəliyinin kökünün kəsilməsi fikrinin formalaşmasına səbəb olub. Ancaq müəyyən müddətdən sonra rezistentliyin formalaşması ilə əlaqədar olaraq vərəmin epidemioloji göstəricilərinin pisləşdiyi müşahidə olundu. Tarixdə buna bənzər bir çox hallar olub. Ona görə də vərəmlə mübarizədə heç zaman arxayınlaşmaq olmaz.

Bunu Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri tibb üzrə fəlsəfə doktoru, dosent Rafiq Bayramov deyib.

R.Bayramovun sözlərinə görə, koronavirus pandemiyasına qədərki son illərdə dünyada vərəmin epidemioloji göstəricilərində bir qədər müsbət dinamika və nisbi stabillik hökm sürürdü. Ancaq koronavirus pandemiyası vərəmlə mübarizə tədbirlərinə də ciddi mənfi təsir göstərdi. Son on ildə ilk dəfə olaraq vərəm xəstəliyindən ölənlərin sayı koronavirus pandemiyası başlayandan sonra artıb. Belə ki, əvvəlki illərdə hər il vərəmdən ölənlərin sayı 1,4 milyonu ötmədiyi halda, 2020-ci ildə bu göstərici 1,5 milyon, 2021-ci ildə isə 1,6 milyon olub.

Mütəxəssis bildirib ki, vərəm də son illər dünyada ciddi gərginliyə səbəb olan COVID-19 infeksiyası kimi əsasən aerogen, yəni tənəffüs yolu vasitəsilə yoluxur. Xəstəliyin əsas yoluxma mənbəyi vərəm çöpü ifraz edən ağciyər vərəmi olan xəstələrdir. Həmin xəstələrin öskürməsi və asqırması nəticəsində, yəni hava-damcı yolu və yaxud onların bəlğəmi ilə çirklənmiş torpaqdan hava-toz yolu ilə yoluxma daha çox müşahidə edilir. Bundan başqa, vərəmə qida, təmas və s. yollarla da yoluxmaq mümkündür. Vərəm çöpləri ilə yoluxma xəstələnmə üçün vacib olsa da, başlıca amil deyil. Çünki vərəm çöpləri yoluxduğu orqanizmdə latent, yəni “yatmış” formada qalaraq xəstəlik törətməyə bilər və yaxud immunitetin zəiflədiyi zaman aktiv formaya keçərək xəstəlik törədə bilir. Son illər dünyada dərmanlara rezistent vərəmə yoluxma və xəstələnmə hallarının ilbəil artması epidemioloji vəziyyətin daha da gərginləşməsinə səbəb olur. Buna görə də həmin istiqamətdə mübarizə tədbirlərinin gücləndirilməsi lazımdır.

"Vərəm xəstəliyinə ən çox tənəffüs orqanlarında, ağciyərlərdə rast gəlinsə də, orqanizmin bütün orqan və sistemlərinin vərəm mənşəli zədələnməsi mümkündür. Vərəmin lokalizasiyasından asılı olmayaraq həmin xəstəlik üçün xas olan simptomlar axşamlar zəif subfebril hərarətin - 37,2-37,4° C olması, gecələr səhərə yaxın boyun, ənsə və kürək nahiyəsinin tərləməsi, arıqlama, ümumi halsızlıq, zəiflik əlamətlərinin qabarıq büruzə verməsidir. Ən çox ağciyərlərin vərəminə rast gəlindiyi üçün qeyd etmək lazımdır ki, ağciyər vərəminin müxtəlif formalarında daha çox müşahidə edilən əlamətlər 3 həftədən çox davam edən öskürək, bəlğəm ifrazı, döş qəfəsində ağrı, təngnəfəslik və qanhayxırmanın olmasıdır. Qeyd edilən simptomların bir və ya bir neçəsinin olması heç də həmin insanın vərəmlə xəstə olmasını təsdiq etmir. Ancaq sadalanan əlamətlər vərəmə şübhə yaradır və müşahidə edildikdə həkim-mütəxəssisə müraciət etmək məsləhət görülür. Çünki xəstəliyin diaqnozu aparılan kompleks müayinələrin əsasında mümkündür. Qeyd etmək lazımdır ki, vərəm xəstəliyi nə qədər tez aşkar edilib düzgün müalicəyə başlanılarsa, nəticəsi bir o qədər daha effektli olar. Unutmaq olmaz ki, vərəmin müalicəsi uzunmüddətlidir, yəni vərəmin ən məhdud forması olan xəstə minimum 6-8 ay fasiləsiz müalicə edilməlidir. Bir çox hallarda vərəm erkən aşkar edilib tam kompleks müalicə olunduqdan sonra patoloji proses tam sorulur və həmin şəxsin nə vaxtsa vərəmlə xəstə olmasını təyin etmək mümkün olmur.

Hər bir kəs ömrünün istənilən dövründə vərəmlə xəstələnə bilər. Əbəs yerə deyilməyib ki, vərəm elə xəstəlikdir ki, əvvəlcədən öz "vizit kartı"nı heç kəsə göndərmir. Doğrudur, vərəmlə xəstələnməyə görə risk qruplarına aid edilənlər, yəni, şəkərli diabeti olan, hormonal preparatlar qəbul edən, qidalanması, yaşayış şəraiti yaxşı olmayan, zərərli vərdişləri olan və s. şəxslər həmin xəstəliyə daha çox tutulurlar. Ona görə də həmin qrupdan olan insanlar vərəmin heç bir əlaməti müşahidə edilməsə də ildə 1-2 dəfə həmin xəstəliyə görə profilaktik müayinədən keçməlidirlər. Lakin hər kəs vərəmlə xəstələnə bilər. Vərəmlə xəstələnməmək üçün normal qidalanmaq, düzgün gün rejiminə əməl etmək, idmanla məşğul olmaq, immuniteti zəiflədən amillərdən və zərərli vərdişlərdən uzaq olmaq lazımdır", - deyə R.Bayramov qeyd edib. (Azərtac)

banner

Oxşar Xəbərlər