bazar ertəsi, 30 yanvar, 05:00

Baku Bakı 6°C

Qripin müalicəsində antibiotikdən istifadə etmək tövsiyə olunmur

icon 206 icon 20 yanvar 2023 | 05:45 Qripin müalicəsində antibiotikdən istifadə etmək tövsiyə olunmur

Qrip və ya digər respirator xəstəliklərin müalicəsində antibiotiklər, onlarla birgə flukonazol istifadə etmək, steroid və gərəksiz dərman preparatlarını qəbul etmək tövsiyə olunmur. Sadəcə bol maye qəbulu, sağlam qidalanma, aktiv həyat tərzi, çox yüksək hərarət varsa, qızdırmasalıcı dərmanlardan istifadə məsləhət görülür. Üç gün ərzində şikayətlərdə azalma olmursa, mütləq həkimə müraciət etmək lazımdır. Bundan sonrakı mərhələ həkim nəzarəti altında olmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionisti Vasif Əliyev nazirliyin instaqram səhifəsində “Qrip və respirator viruslar” mövzusunda canlı yayım zamanı deyib.

V.Əliyev risk qrupunda olan vətəndaşları bir daha diqqətli olmağa və vaksinasiyadan keçməyə səsləyib: “Risk qrupuna aid olanlara xroniki xəstəliklərdən əziyyət çəkənlər - ürək-damar xəstəliyi, xroniki böyrək, qaraciyər, ağciyər xəstəlikləri olanlar, revmatoloji xəstəliklər səbəbindən daimi olaraq steroid və immunsupressiv dərman istifadə edənlər, onkoloji xəstəliyi olanlar və kimyaterapiya alanlar, orqan transplantasiyası keçirənlər, eyni zamanda, 6 aydan 5 yaşadək olan uşaqlar, yaşı 50-dən yuxarı olanlar və hamilə qadınlar daxildir. Həmin qəbildən olan vətəndaşların respirator xəstəlikləri daha ağır formada keçirmə təhlükəsi olduğu üçün mütləq peyvənd vurdurmaları tövsiyə olunur”.