Qazandıqları medalların sayını itiriblər - UĞUR
“Olimpiadalara hazırlıq və qalibiyyət uzun yol qət etməyi tələb edir. Bu yolda uğursuzluq da olur. Əsl qalib qızıl medal alan deyil, bütün proseslərdə məğlub olsa belə, motivasiyadan düşməyən, davamlı iştirak edən, məqsədlərinə çatandır”.
Onlar məqsədləri uğrunda altıncı sinifdən mübarizə aparan məktəblilərdir. Həm dərslərinə hazırlaşır, həm olimpiadada qalib gəlmək üçün Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilən kurslarda iştirak edirlər. Öz istedadları ilə seçilən şagirdlər 6-31 may tarixlərində Özbəkistanda iki mərhələdən ibarət Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat Olimpiadasında da fərqləniblər. Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistandan 135 şagirdin iştirak etdiyi olimpiadadan ölkəyə dörd qızıl medal gətirməyi bacarıblar. Üstəlik, bu medallar onlar üçün nə ilkdir, nə də son.
Müsahiblərimiz Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medalın sahibləri Kimya-biologiya təmayüllü Respublika liseyinin 9-cu sinif şagirdi Rəfiqə Qəmbərova, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 9-cu sinif şagirdi Zəhra İbişova, 287 nömrəli “Zəkalar”’ liseyinin 8-ci sinif şagirdi Fərhad İskəndər, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın 9-cu sinif şagirdi Davud Tarverdili və onların komanda liderlərindən biri, qrup rəhbərləri Ləman Ağazadədir.
Dörd qızıl, iki gümüş, bir bürünc...
Ləman Ağazadə deyir ki, məktəblilərimiz bu olimpiadadan ümumilikdə yeddi medal qazanıblar: “Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat Olimpiadası ilk dəfə ötən il keçirilib. Həmin il bizim komanda bir gümüş, üç bürünc medal əldə etmişdi. Bu il isə dörd qızıl, iki gümüş, bir bürünc olmaqla yeddi medal qazandıq”.
Komanda lideri bildirir ki, şagirdləri keçmiş olimpiadaçılar hazırlaşdırır: “Elm və Təhsil Nazirliyi tərəfindən şagirdləri olimpiadalara hazırlaşdırmaq üçün olimpiadalara hazırlıq mərkəzləri fəaliyyət göstərir. Orada dərs deyən müəllimlər də keçmiş olimpiadaçılar olur və təcrübələrini bölüşürlər. Hətta son illərdə şagirdlər xarici müəllimlərlə də hazırlaşırlar. Bizim şagirdlər istedadlı və çalışqandırlar. Təbii ki, bu mərhələyə gəlmək üçün çox mərhələlərdən keçiblər. Olimpiadalarda şagirdlərin üzərinə böyük yük düşür və mübarizədə qalib gəlməyi bacarırlar”.
“Medallarımın sayını unutmuşam”
Yuxarıda da qeyd etdiyimiz kimi, olimpiadada 135 iştirakçı mübarizə aparıb. Ən yüksək nəticəni isə Rəfiqə Qəmbərova göstərib. Rəfiqə deyir ki, anası riyaziyyatçı olduğu üçün bu fənn artıq onun həyat tərzinə çevrilib: “Altıncı sinifdə ilk qatıldığım fənn olimpiadasında bürünc medal qazandım. Aşağı siniflərdən riyaziyyat fənnində istedadıma görə seçilirdim. Bu istedadımı anamın dəstəyi ilə inkişaf etdirirəm. Daha sonra hər il olimpiadalara qatıldım. İlk qızılımı yeddinci sinifdə qazandım. Səkkizinci sinifdə də beynəlxalq olimpiadadan iki bürünc, bir qızıl almışdım. Əslində, medallarım çoxdur, amma sayını unutmuşam (gülür - A.Ə)”.
“Səhv etmək şansımızın olmadığını düşünürdüm”
İkinci qızıl medalın sahibi Zəhra da uşaqlıqdan riyaziyyatın əhatəsində böyüdüyünü deyir: “İlk dəfə fənn müsabiqəsindən gümüş medal qazandım. Daha sonra mən də Rəfiqə kimi hər il olimpiadalara qatıldım. Medal qazanmaq üçün ciddi şəkildə hazırlaşırdım. Çünki ölkəmizi təmsil edirdim və səhv etmək şansımızın olmadığını düşünürdüm. Yeddinci sinifdə kimya olimpiadasından qızıl medal qazandım. Səkkizinci sinifdə iki gümüş, bu il isə iki qızıl medalım var. Hazırda altı medalımın olduğunu xatırlayıram. Bu yolda ən böyük dəstəkçim anamdır”.
Davud da həmyaşıdları kimi yaşının az olmasına baxmayaraq, öz otağını medalları ilə bəzəyib: “Riyaziyyat ən sevdiyim və ən rahat mənimsədiyim fəndir. Uşaqlıqdan bu marağım digərlərini üstələyib. Ailəm istedadımı kəşf etdikdən sonra məni olimpiadalara göndərirdi. Mən də altıncı sinifdə qızıl medal qazanmışam. Ümumilikdə, üç qızıl, bir gümüş, iki bürünc medalım var”.
Fərhad İskəndər isə onların arasında ən kiçiyidir. Səkkizinci sinifdə oxuyur, amma artıq iki qızıl, iki gümüş medala sahibdir: “İlk beynəlxalq olimpiadamda qızıl aldıqda özümə daha çox güvənməyə başladım”.
“Əsl qalib qızıl medal alan deyil...”
Şagirdlərin uğurları bizi sevindirir. Amma bu uğurların arxasında böyük zəhmət, həyəcanın olduğu danılmazdır. Rəfiqə deyir ki, olimpiadalara hazırlıq və qalibiyyət uzun yol qət etməyi tələb edir: “Bu yolda uğursuzluq da olur. Əsl qalib qızıl medal alan deyil, bütün proseslərdə məğlub olsa belə, motivasiyadan düşməyən, davamlı iştirak edən, məqsədlərinə çatandır”.
Zəhra: “Hər birimiz insanıq və yorulduğumuz anlar olur. Amma prosesə başlayarkən yorulacağımızı bilirdik. Uğur qazanmağın hər yaşda öz çətinlikləri var. Gərginliyə də hazır olmalıyıq. Təbii ki, istədiyini əldə etməyəndə, ruhdan düşmək də haqqındır. Amma özünə zaman verib davam etmək lazımdır”.
Davud: “Bəli, medallarımızı əldə etdikdə, bütün yorğunluğumuzu unuduruq”.
Fərhad: “Arada fasilə etmək lazımdır, amma əndazəni aşmaq olmaz. Qarşımıza hədəf qoymuşuqsa, bu hədəf uğrunda mübarizəmizi lazımsız işlərlə dayandırmaq, vaxtımızı əyləncəyə, yaxud yatmağa xərcləmək günahdır. Müəyyən qədər fasilədən sonra əvvəlki tempdə çalışmağa davam etməliyik. Məsələn, mən həm də piano ilə məşğul oluram. Beynim məsələni, misalı həll etməkdən yorulursa, piano arxasına keçirəm”.
Rəfiqə və Zəhra da pianoda ifa edir. Onlar da təsdiqləyir ki, beynin dincəlməyi üçün piano ən gözəl vasitələrdəndir: “Bəzən həll yolunu tapmayanda piano arxasına keçirik, qayıtdıqda, onu mütləq həll edirik”.
“Riyaziyyatda oğlanlar qızlardan güclüdür” tabusu
Azərbaycanda qızlarda “riyazi narahatlıq” sindromu var deyirlər. Texniki fənlərdə gender balansının pozulduğu danılmazdır. Hətta cəmiyyətdə də “oğlanların riyaziyyat beyni qızlardan güclüdür” deyirlər. Bəs həmsöhbətlərimiz necə düşünürlər?
Davud bu fikirləri təsdiqləyir: “Özümüz də müşahidə edirik ki, bəzi qızlar bu sahədə oğlanlardan kifayət qədər güclüdür. Qızlar oğlanları dəfələrlə məğlub edirlər. Amma etiraf etməliyik ki, ümumi nəticələrə baxdıqda, riyaziyyat sahəsində məhz oğlanların uğurları çoxdur”.
Qrup lideri Ləman isə son dövrlərdə bu tabunu aşdığımızı bildirir: “10 il öncəyə qədər bu fikri mən də təsdiqləyərdim. Son vaxtlar bu statistika dəyişir. Hətta bəzən qızların qalibiyyətləri oğlanlardan daha çox olur. Məsələn, Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO) öncəki illərdə biz medal ala bilmirdik. 2019-cu ildə Fidan Qarayeva ilə axır ki, bu uğursuz ənənəyə son qoyduq. Bundan sonra həmin olimpiadadan üç medal aldıq. Bu amillər qızları həvəsləndirdi və özlərinə inamı artdı. 10 il əvvəl ümumi riyaziyyat olimpiadalarında da komanda üzvləri oğlanlardan ibarət olurdu. İndi minimum iki-üç qız iştirak edir və medal qazanırlar”.
“Qızlar riyaziyyat olimpiadasına getməyə cəsarət etmirdi”
Rəfiqə: “Bəli, bu stereotip idi. İndi sosial şəbəkələrdə qızları həvəsləndirirlər, nazirliyin xüsusi dəstəyi olur və bu, nəticəsini göstərir. Qızlar əvvəl riyaziyyat sahəsində çalışmağa, olimpiadaya getməyə cəsarət etmirdi. İndi bir-birimizdən qüvvət alırıq və ümumi statistikanı da dəyişəcəyimizə inanırıq”.
Məlumat üçün bildirək ki, müsahiblərimiz 25 iyunda Türkiyənin Antalya şəhərində Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında iştirak edəcəklər. Növbəti hədəfləri oradan da qızıl medalla qayıtmaqdır.
Aygün ƏZİZ