• çərşənbə axşamı, 19 mart, 11:30
  • Baku Bakı 8°C

Qaragüruh şounun iflası 

04.02.23 01:30 1363
Qaragüruh şounun iflası 

Əvvəlcə mükəmməl sənət görünməlidir, sonra şou. İmkan versinlər, sənətçilər sənət göstərsinlər. Şou əsl sənəti boğub. Hanı Rihanna, hanı Beyons və sairələri? Hanı o fonoqramlı, yerdən çıxan, göydən düşən, havada tullanıb akrobatlıq edən müğənnilər?

Azərbaycan estradası 2000-ci illərin əvvəllərində, daha dəqiq desək, ilk onilliyində  xüsusi bir bum yaşamışdı. Sənətçilər arasında rəqabət vardı. Hamısı bir-birindən daha yaxşı mahnılar oxumağa can atırdılar. Bunun nəticəsində hit mahnılar daha çox yaranır, analoji olaraq da estrada inkişaf edirdi. Amma ikinci onillikdən bunun səngidiyini hiss etməyə başladıq. Dinləyicilər arasında apardığımız sorğu da bunu təsdiqlədi ki, bu sahədə səngimə gözəçarpacaq dərəcədədir. 

Sənətçi – tamaşaçı təması

Bəstəkar Gövhər Həsənzadə deyir ki, hələ sovet dönəmində akustikasına görə “Melodiya” şirkəti tərəfindən özəl olaraq seçilən, valların yazılışı, canlı konsert üçün çox gözəl zalı və səhnəsi olan Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzi 2000-2008-ci illərdə müğənnilərlə tamaşaçıların təmasını təşkil edirdi: “Bəli, maliyyə baxımından çətinlik vardı, biletlər ucuz satılırdı. Amma insanlara şou satılmır, pirotexnika hesabına konsert təşkil edilmirdi. Ancaq sənət göstərilirdi. Mübariz Tağıyev, Flora Kərimova, Sərxan Sərxan, Nisə Qasımova, Nazpəri Dostəliyeva, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Eyyub Yaqubov, Ədalət Şükürov, İzzət Bağırov, Baloğlan Əşrəfov, Nadir Bayramlı, Nazəninin konsertləri, “Bu şəhərdə”nin proqramları keçirilirdi. İlk dəfə qəzəl və meyxana gecəsi, o cümlədən Namiq Qaraçuxurlunun ilk solo konserti də orda baş tutub. Oranın akustikası, səhnəsi konsert üçün o qədər mükəmməl idi ki, hətta mikrofona belə ehtiyac yox idi. Aşıq gecələrinin ilk konsertləri (bilet satışı ilə) də orda olub.  Azərbaycanın bütün bölgələrindən aşıqların konsertinə tamaşaçılar gəlirdi. Mən onda başa düşdüm ki, Azərbaycan xalqının xalq musiqisinə bağlılığı necə böyükdür”. 

“24 rəqs qrupu pərən-pərən oldu”

Gövhər xanım deyir ki, sarayda qəzəl və meyxana gecələri də keçirilib: “Qəzəlxanlar, söz ustadları toplaşırdı. Çox gözəl və sanballı tədbirlər alınırdı. Dəyərli qələm sahibi Zəlimxan Yaqubun idarə etdiyi poeziya gecələri unudulmazdır. Demək istəyirəm ki, o konsert meydançasının taleyi 2008-ci ildə bitdi. Orada fəaliyyət göstərən 24 rəqs qrupunun hamısı pərən-pərən oldu. Təsəvvür edin, Azərbaycanın say-seçmə müğənnilərinin toplandığı, fəaliyyət göstərdiyi bir məkanın fəaliyyəti dayandı. Bütün məşhur qruplar mədəniyyət mərkəzində təmənnasız olaraq məşq edir, səsyazma studiyasından yararlanırdılar. Mərkəz fəaliyyətini dayandırdığından, estradanın, yəni canlı səhnə ifalarının və səsyazma studiyasındakı musiqilərin yaranması da inkişafdan qaldı. 800 nəfərlik zala açıq kassa satışı vasitəsi ilə tamaşaçı toplaya bilən sənətçilər peşəkar səhnədə özlərini sübut edərək Heydər Əliyev Sarayında konsert vermək üçün püxtələşirdilər. Ora sanki müğənnilərin daha böyük səhnəyə keçid alması üçün tramplin idi”.

Əvvəl sənət, sonra qazanc

“İndi belə bir imkan, şərait yoxdur” deyir Gövhər xanım: “O şərait yoxdursa, demək, nə mənim fəaliyyətim, nə də o yaradıcı mətbəx yoxdur... Mən səhnə, populyarlıq, reklam istəyən, bunun dalınca qaçan adam olsaydım, ən azından ildə bir dəfə yaradıcılıq gecəmi keçirər, mahnılarımın reklamı ilə məşğul olub, disklərimi buraxardım, təqdimatlar keçirərdim. Əsl sənət üçün sənətkarların yaradıcı və aktiv bir ortamda olmaları şərtdir. Düşünürəm ki, Azərbaycanda yaradıcılıq üçün şərait yaradılan təmənnasız bina, canlı səhnə olsa, yenidən sağlam rəqabət də olacaq, analoji olaraq inkişaf da. Amma bu mətbəx, bu ortam yoxdur indi. Düşünürəm ki, isti bir yaradıcılıq məkanı, peşəkarların, gənclərin toplaşdığı bir mərkəz olmadıqca, milli kadr olan nəsil yetişməyəcək. Qazancı sənət sahəsindən çıxan dəllallara demək istəyirəm ki, pirotexnika, şou ilə sənətə böyük zərbə vurursunuz. Əvvəlcə mükəmməl sənət görünməlidir, sonra şou. İmkan versinlər, sənətçilər sənət göstərsinlər. Şou əsl sənəti boğub. Bu gün dünyada qaragüruh şou artıq yoxdur. Hanı Rihanna, hanı Beyons və sairələri? Hanı o fonoqramlı müğənnilər? Yerdən çıxan, göydən düşən, havada tullanıb akrobatlıq edən müğənnilər? Biz “Avroviziya”ya gedəndə də şou deyil, sənət göstərdik. İlk növbədə muğamımızı, müasir estrada ifaçılıq məharətimizi göstərdik. Bunu bir şou xarakterli görüntü ilə təqdim etdik ki, Avropa tamaşaçısının diqqətini cəlb edək, bizi qəbul etsinlər. Yəni bunu tamaşaçı üçün etmişdik. Çörəkləri bilet satmaqdan çıxan adamlara deyirəm ki, siz şəxsi marağınıza görə sənəti boğmayın. Birinci sənət gəlməlidir, sonra sənət üzərindən qazanc. Sənəti kommersiyaya qurban vermək olmaz. Bu, bizim mədəniyyətimizə, həqiqi təqdimatımıza və şəxsiyyətimizə böyük təhlükədir”.

Klip saatları olmalıdır

Müğənni Murad Arif isə bir qədər fərqli düşünür və deyir ki, əksinə, xüsusən də, 2018-2019-cu illər çox məhsuldar keçib: “Bu dönəmlərdə bir çox mahnılar hit oldu və yadda qaldı. Sonra da 2020-ci ildən pandemiya dünyanı və həmçinin də Azərbaycanı sardı. Digər sahələr kimi bu sektor da dayandı. Düşünürəm ki, yerli kanallar milli musiqiyə, milli estradaya mütləq şəkildə dəstək verməlidir. Klip saatları olmalıdır. Bu da estradanın inkişafına təkan olacaq. Amma inkişaf üçün ayrıca klip kanalımız olmalıdır. Çatışmayan cəhət məhz budur. Siz 2000-ci illərin əvvəllərini ona görə xatırlayırsınız ki, onda ABA kanalı vardı. Orda daim klip saatları olurdu, maraq, həvəs yaradırdı. Bu, daha faydalı, daha effektiv idi. Hər şey medianın əlindədir”.

Xanım Aydın 

banner

Oxşar Xəbərlər