Proqnoz birrəqəmlidir, bəs reallıq?
Dünya Bankı Azərbaycanda inflyasiyanın tezliklə birrəqəmli səviyyəyə düşəcəyini proqnozlaşdırır. İnflyasiya aşağı düşürsə, bu, hökumətin iqtisadi alətləri daha çevik və səmərəli şəkildə istifadə etməsi üçün imkanlar yaradır. Eyni zamanda, büdcədən xərcləmələrin, sosial paketlərin artmasına imkan yarana bilər.
Azərbaycanda inflyasiya göstəricisi bu il 9 faiz, 2024-cü ildə isə 5,8 faiz səviyyəsində gözlənilir. Bu barədə Dünya Bankının "Regional Economic Outlook" hesabatında bildirilib. Bankın yaz proqnozlarına nisbətən bu gözləntilər 2023-cü ildə 0,5 faiz artıb, 2024-cu ildə isə 0,4 faiz azalıb. Sənədə əsasən, 2025-ci ildə Azərbaycanda inflyasiyanın 5,2 faiz səviyyəsində olacağı proqnozlaşdırılır. Bu, ötən proqnozdan 0,2 bənd azdır. Dünya Bankı qiymətlərin stabilləşəcəyini proqnoz edir, bəs əslində reallıq necədir?
Həm dünyada, həm də regionda inflyasiya səviyyəsi azalır
Millət vəkili Vüqar Bayramov deyir ki, proqnozlar hökumətimizin təqdim etdiyi rəqəmlər əsasında tərtib edilib: “Həm Dünya Bankının, həm də Azərbaycan hökumətinin proqnozlarına görə, 2024-cü ildə inflyasiya səviyyəsi əvvəlki illərlə müqayisədə azalacaq. Bu həm də onunla bağlıdır ki, 2022-ci ildəki yüksək inflyasiya artımından sonra 2023-cü ildə həm dünyada, həm də regionda inflyasiya səviyyəsinin azalmasını müşahidə edirik. Dünya Bankının proqnozları onların xüsusi metodologiyası əsasında, eləcə də Azərbaycan hökumətinin proqnozları nəzərə alınmaqla hazırlanıb. Ona görə proqnozlar müəyyən uyğunluq təşkil edir”.
Deputatın fikrincə, inflyasiya azalarsa, bu, istehlak bazarına da öz təsirini göstərəcək: “Hazırda rəsmi statistikaya əsasən, 11 faizlik qiymət artımları müşahidə olunur. Amma 2024-cü ildə birrəqəmli inflyasiyanın əldə edilməsi imkanları kifayət qədər böyükdür. Çünki gələn il regionda və dünya bazarında inflyasiya səviyyəsinin azalması və idxal inflyasiyasının minimumlaşması gözlənilir. Nəticə etibarilə idxal inflyasiyasının azalması, həm də istehlak bazarındakı qiymətlərə təsir göstərəcək. İstehlak bazarında bu kontekstdən qiymətlərin müqayisəli şəkildə azalmasını müşahidə edəcəyik”.
2024-cü il sabit olacaq
V.Bayramov bildirir ki, 2024-cü il daha nikbin proqnozlarla yadda qalacaq: “Bizim proqnozlar da növbəti ildə inflyasiya səviyyəsinin səngiyəcəyi üzərindədir. Burada regional dəyişikliklərin də təsiri var. Bütün hallarda idxal inflyasiyasının hansı səviyyədə olması proqnozlara birbaşa təsir göstərəcək. Ümumilikdə, 2024-cü illə bağlı proqnozlar pozitivdir. Gələn il iqtisadiyyatla bağlı nikbin proqnozların olması bu istiqamətdə gözləntiləri daha da yüksəldir. Proqnozlara əsasən, 2024-cü il bütövlükdə iqtisadi baxımdan sabit il kimi yadda qalacaq”.
Müsahibimiz qeyd edir ki, rəqəmlərin sabitləşməsi həm vətəndaşlarımıza, həm də iqtisadiyyatımıza faydalıdır: “İnsanlarımız üçün qiymətlərin optimallaşdırılması, daha aşağı inflyasiya səviyyəsi çox vacibdir. Çünki qiymətlər nə qədər aşağı olarsa, bu, vətəndaşlarımızın ailə büdcəsinə müsbət təsir edəcək və xərclərinin azalmasına gətirib çıxaracaq”.
İnflyasiyaya qarşı tədbirlər
İqtisadçı Rəşad Həsənov isə bildirir ki, inflyasiyanın səngiyəcəyi gözlənilən idi: “Trend azalan istiqamətlidir. Çünki inflyasiyanı şərtləndirən bir sıra faktorlar artıq görülən tədbirlər nəticəsində qismən də olsa neytrallaşır. Eyni zamanda, burada baza effekti deyilən yanaşma var. İnflyasiya davamlı olaraq yüksələn səviyyədə özünü göstərə bilmir. Bir müddətdən sonra inflyasiya alıcılıq gücünün zəifləməsinin təsirləri ilə müəyyən bir məcraya yönəldilir. Bu istiqamətdə Azərbaycan hökuməti də humanitar alətlər vasitəsilə müəyyən tədbirlər görür. Bu baxımdan, bu il inflyasiya 2022-ci illə müqayisədə daha aşağı olacaq”.
R.Həsənovun proqnozları inflyasiyanın ikirəqəmli olması istiqamətindədir: “İnflyasiyanın təxminən 10-11 faiz arasında olacağını düşünürəm. Amma Mərkəzi Bankın, Dünya Bankının gözləntiləri daha aşağıdır. İndiki halda tam dəqiq olaraq hansı rəqəmlərin reallaşacağını demək çətindir. Çünki görünən ondan ibarətdir ki, əgər inflyasiya birrəqəmli olacaqsa, növbəti bir neçə ayda ölkədə deflyasiya qeydə alınmalıdır. Amma noyabr və oktyabr aylarında qiymətlərin artımı tendensiyası daha çox müşahidə olunur. Belə olduğu təqdirdə həmin aylarda deflyasiyanın qeydə alınması ehtimalı çox azdır. Bu səbəbdən, mən prosesi ikirəqəmli görürəm”.
Hökumət daha sərt tədbirlər görməli olur
Ekspert qeyd edir ki, insanların rifah səviyyəsinin yüksəlməsi üçün qiymətlər azalmalıdır: “İnflyasiya aşağı düşürsə, bu, hökumətin iqtisadi alətləri daha çevik və səmərəli şəkildə istifadə etməsi üçün imkanlar yaradır. Eyni zamanda, büdcədən xərcləmələrin, sosial paketlərin artmasına imkan yarana bilər. Bu zaman Mərkəzi Bank pul bazasını genişləndirəcək. Bütün bunların fonunda alıcılıq gücü artır və rifah yaxşıya doğru dəyişir. Bunlar bir-biri ilə tərs mütənasibdir. Çünki inflyasiya yüksək olanda hökumət məcburən daha sərt tədbirlər görməli olur. Bu tədbirlərin də nəticəsi əhalinin rifahının zəifləməsi istiqamətindədir. Amma inflyasiya azalarsa, bu, pozitiv meylli imkanlar yaradacaq”.
Zərif Salmanlı