• cümə, 26 Aprel, 01:20
  • Baku Bakı 16°C

Professor: Son dövrlər quru göz xəstəliyinə rastlaşma tezliyi artıb

29.04.23 18:00 501
Professor: Son dövrlər quru göz xəstəliyinə rastlaşma tezliyi artıb

Eynəklərdən qurtulmaq üçün bir müddət eynək taxmaq vacibdir. Əgər eynək taxmaq işdə sizin üçün problem yaradırsa və ya göz zəifliyinizin ölçüsü çox aşağıdırsa, kontakt linzalardan istifadə etmək olar.

Bunu akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunan “Oftalmologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda AZƏRTAC-a müsahibəsində oftalmologiya üzrə türk professoru Öner Gelişken deyib.

Professor göz eynəklərindən qurtulmağın digər yolunun cərrahi əməliyyat olduğunu vurğulayıb: “Bəzən miyopik xəstələr üçün əməliyyat təhlükəli ola bilər. Bu zaman görmə qabiliyyətinin tamamilə itirilmə riski yaranır və əməliyyat tövsiyə edilmir. Göz problemlərinin həlli ilə bağlı ən məqsədəuyğun yol eynəklər və kontakt linzalardır. Kontakt linzalardan istifadə edərkən gigiyena qaydalarına ciddi əməl olunarsa, hər hansı bir problem yaranmaz. Erkən müdaxilə göz xəstəliklərinin müalicəsinin effektivliyini artırır”.

Hazırda gənc qızlar arasında rəngli linzalardan istifadə edənlərin sayının artdığını qeyd edən professor: “Mən heç bir pasiyentimə bunu tövsiyə etmirəm. Gözdə istifadə edilən hər məhsul sağlamlıq üçün əlavə risk faktorudur”, - deyə bildirib.

Ö.Gelişkenin sözlərinə görə, quru göz sindromu normalda 45-50 yaşdan sonra müşahidə edilən xəstəlikdir, lakin son dövrlər bu xəstəliyin rastlaşma tezliyi artıb: “Telefonlara və kompüterlərə yaxından baxarkən gözqırpma refleksi azalır. Bu zaman göz qidalana bilmir. Nəticədə isə quru göz sindromu yaranır. Azərbaycan olduqca günəşli ölkədir. Burada yaşayan insanlara yay aylarında gün eynəklərindən istifadə etmələrini tövsiyə edirəm. Çünki günəş şüalarına normadan çox məruz qalmaq gözdə müəyyən problemlər yarada bilər. Qapalı məkanlarda kondisioner istifadəsi də göz quruluğu yaradan digər bir amildir.

Gözlərində müəyyən problem yaşayan insanlar mütəxəssisə müraciət etməli və göz quruluğunun qarşısını almaq üçün çoxlu su istehlak olunmalıdır”.

banner

Oxşar Xəbərlər