• cümə, 26 Aprel, 06:42
  • Baku Bakı 12°C

Pestisid və aqrokimyəvi maddələrdən istifadə zamanı gözlənilməli qaydalar

10.07.22 15:00 579
Pestisid və aqrokimyəvi maddələrdən istifadə zamanı gözlənilməli qaydalar

Pestisidlər ziyanverici, xəstəlik və alaq otları ilə mübarizə aparmaq, onlara nəzarət etmək və zərərlərini azaltmaq, eləcə də məhsuldarlığı artırmaq məqsədilə geniş istifadə olunan kimyəvi maddələrdir. Pestisidlərdən istifadənin bir çox problemləri onların ksenobiotik, yəni təbiət üçün yad kimyəvi birləşmələr olmasından irəli gəlir. Pestisidlərin daşınması, tətbiqi və saxlanması təhlükəsiz qaydada həyata keçirilməlidir. Texniki təhlükəsizlik qaydalarına və tətbiqolunma təlimatına dəqiq riayət edildikdə pestisidlər ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərmir. Əksinə, bitkilərin zərərli orqanizmlərini məhv etməklə itkinin qarşısını alır, məhsulun əmtəəlik keyfiyyətinin qorunub saxlanmasına səbəb olur.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən Kaspi.az-a ünvanlanan maarifləndirici materialda bildirilir.

Pestisidlərin tətbiqi mütləq təlimata uyğun olaraq həyata keçirilməlidir. Bundan başqa, əkin sahələrinin vəziyyəti, bitkilərin ziyanverici, xəstəlik və alaq otları ilə sirayətlənmə səviyyəsi nəzərə alınmalıdır. Təlimatda nəzərdə tutulmuş istehlak nisbətlərini və onlardan istifadə dozalarını artırmaq və ya azaltmaq qadağandır. Həmçinin tətbiq edilərkən pestisidin xüsusiyyətinə, toksiklik dərəcəsinə, məsrəf normasına diqqət yetirilməlidir.

Pestisidlər texniki təhlükəsizlik qaydaları və sanitariya-gigiyena tələbləri gözlənilməklə hermetik qablarda saxlanmalıdır. Eyni zamanda həmin kimyəvi maddələr xüsusi nəqliyyat vasitələri ilə daşınmalıdır. Ərzaq məhsullarının yem və sərnişinlərlə birlikdə daşınmasına yol verilməməlidir.

Kimyəvi mübarizə aparılacaq sahənin ətrafına “Sahə dərmanlanmışdır!”, “Sahə zəhərlidir!”, “Mal-qaranın buraxılması qəti qadağandır!” sözləri yazılmış müvafiq xəbərdaredici lövhələr vurulmalıdır. İnsanların və digər canlıların dərmanlanmış sahəyə daxil olması məhdudlaşdırılmalıdır.

Dərmanlama zamanı təhlükəsizlik tədbirlərinə əməl edilməsi şərtdir. Belə ki, pestisidlərlə aparılan mübarizə tədbirləri zamanı küləyin sürəti və istiqaməti nəzərə alınmalıdır. Küləyin sürəti 3-4 metr/saniyədən çox olduqda və yağışlı havada dərmanlama işi dayandırılmalıdır. Qeyd edək ki, zərərli orqanizmlərlə kimyəvi mübarizə tədbirlərinin səhər və axşam saatlarında, həmçinin küləksiz və sakit havada aparılması daha effektiv nəticə verir. Kimyəvi mübarizə zamanı bütün tədbirlər təlimata uyğun aparılmalıdır ki, torpaqda, suda, canlı orqanizmlərdə, ətraf mühitdə və məhsulda pestisid qalığı icazə verilən həddən artıq olmasın.

Dərmanlamadan sonra da bir sıra təhlükəsizlik tədbirləri görülməlidir. Preparatın tətbiq təlimatına uyğun olaraq göstərilmiş müddətdə dərmanlanmış sahədə hər hansı aqrotexniki tədbirin aparılması, eləcə də 30 gün müddətində ərazidə mal-qaranın otarılması qadağandır. Arı yeşiklərinə yaxın sahələr isə axşam saatlarında bal arıları pətəyə daxil olduqdan sonra dərmanlanmalıdır. Civə tərkibli, fosfor və xlor üzvi birləşməli preparatlarla iş günü 4 saat, qalan pestisidlərlə isə 6 saat müddətində nəzərdə tutulur. 18 yaşına çatmayanların, hamilə və südəmər uşaqlı qadınların pestisidlərlə işləmələrinə icazə verilməməlidir.

Pestisidlərlə işləyərkən qoruyucu geyim və fərdi mühafizə vasitələrindən (xüsusi geyim, rezin əlcək və çəkmə, qoruyucu eynək, respirator və s.) istifadə edilməsi şərtdir. Həmçinin şəxsi gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Unutmayın ki, yüksək toksiki-ekoloji təhlükəli preparatlar orqanizmə tənəffüs yolları, dəri, göz və selikli qişa vasitəsilə daxil olur. Pestisidlərlə zəhərlənmə zamanı ilkin olaraq baş gicəllənməsi, mədə bulanması, baş ağrıları kimi əlamətlər müşahidə olunur. Pestisidlərin təsirinə məruz qalan zaman zərərçəkən mütləq təmiz havalı yerə aparılmalı, üzərindən fərdi mühafizə vasitələri soyundurulmalı və ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılmalıdır.

Xəstəlik və zərərvericilərin məhv edilməsinə qarşı aparılan mübarizənin effektivliyini artırmaq məqsədilə pestisidləri tətbiq edərkən işçilərin təlimatlandırılmasına və qaydalara riayət olunmasına torpaq mülkiyyətçiləri, fermerlər də ciddi nəzarət etməlidirlər.

banner

Oxşar Xəbərlər