• cümə, 19 Aprel, 18:33
  • Baku Bakı 24°C

Peşəkarlaş, xidmət göstər və yaxşı qazan - ARAŞDIRMA

30.04.22 02:30 1723
Peşəkarlaş, xidmət göstər və yaxşı qazan - ARAŞDIRMA

Ekspertlərin fikrincə, tibb kolleclərinin publik hüquqi şəxsə çevrilməsi imkan verəcək ki, bölgələrdə, eləcə də Bakıda müasir biliklərə yiyələnən yeni nəsil tibb kadrları yetişsin. Kolleclər gəlir əldə etməklə, maddi-texniki bazanı yüksəltmək, strukturu mütəmadi olaraq dəyişmək imkanı qazanacaqlar. 

Baş nazir Əli Əsədovun yanvarın 31-də imzaladığı qərarla Azərbaycandakı 10 tibb kolleci publik hüquqi şəxsə çevrilib. Sözügedən qərar nəticəsində 1 nömrəli Bakı Tibb Kollecinin, 2 nömrəli Bakı Baza Tibb Kollecinin, Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Cəlilabad, Quba və Saatlı Tibb Kolleclərinin fəaliyyəti yenidən təşkil olunacaq. Bu dəyişiklik həmin kolleclərin fəaliyyətinə necə təsir göstərəcək?

Yeni nəsil tibbi kadrlar yetişsin

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda kolleclərin publik hüquqi şəxsə çevrilməsinə böyük ehtiyac var. Onun sözlərinə görə, ölkədə əhalinin sayı hər il artır və belə bir dövrdə peşəkar tibbi kadrlara ehtiyac yaranır. Millət vəkili hesab edir ki, bu tələbatı ödəmək üçün kolleclərə publik hüquqi şəxs statusu verilib: “Dövlət üzərinə düşəni edib. Artıq adları sadalanan kolleclər, həmçinin bu təhsil müəssisələrinin fəaliyyətinə nəzarət edən müvafiq qurumlar təhsilin keyfiyyətinin yüksəlməsinə öz müsbət töhfələrini verəcək. Azərbaycanda tibb sahəsində ən çox ehtiyac duyulan peşələrdən biri də tibb bacısı, əczaçı və sairdir. Bu nöqteyi-nəzərdən tibb kolleclərinin publik hüquqi şəxsə çevrilməsi imkan verəcək ki, bölgələrdə, eləcə də paytaxt Bakıda müasir biliklərə yiyələnən yeni nəsil tibb kadrları yetişsin. Ümumilikdə isə bu, səhiyyə sisteminin inkişafına, bu sahədə ehtiyacın təmin olunmasına xidmət edəcək”.

Rəqabət mühitini artırmaq

Azərbaycan Tibb Universitetinin (ATU) müəllimi, həkim-mütəxəssis Şirazi İbrahimov söyləyib ki, hal-hazırda kolleclərdə təhsilin keyfiyyəti o qədər də yüksək deyil. Müəllimin fikrincə, bu amil nəzərə alınaraq, ölkəmizdə bütün sahələrdə olduğu kimi, tibb kolleclərinin fəaliyyətinin təşkilində də islahatların aparılmasına ehtiyac duyulur: “İstedadlı həkimlərlə yanaşı, səriştəli orta təhsilli tibb işçilərinə böyük tələbat var. Bu tələbatdan qaynaqlanaraq, həmçinin mövcud çatışmazlıqları aradan qaldırmaq üçün tibb kolleclərinin publik hüquqi şəxsə çevrilməsi zərurəti yarandı. Bununla sözügedən təhsil müəssisələrinin sərbəst və səmərəli fəaliyyəti təşkil oluna bilər. Onu da qeyd etmək yerinə düşər ki, dövlət büdcəsi hesabına yaşayan təhsil müəssisələri rəqabət mühitini zəiflətdiyi üçün yeniliyə ehtiyac duyulurdu. Tibb kolleclərinin publik hüquqi şəxsə çevrilməsi, eyni zamanda bu ehtiyacı ödəməyə hesablanıb. Ümid edirəm ki, belə fəaliyyət təkcə büdcəyə qənaət etməyəcək, eyni zamanda daha bacarıqlı, savadlı tibb mütəxəssislərinin hazırlanmasına səbəb olacaq”.

Ödənişli xidmətlər təklif etmək

Təhsil eksperti Kamran Əsədov söyləyib ki, tibb və ya kənd təsərrüfatı ixtisaslı təhsil müəssisələri yalnız dövlətdən daxil olan, yaxud təhsilalanların ödədiyi vəsaitlərlə özlərini saxlamalı deyil. Ekspertin sözlərinə görə, təhsil müəssisələri ona görə publik hüquqi şəxsə çevrilir ki, peşəkar mütəxəssis olaraq xidmət göstərib gəlir əldə edə bilsinlər: “Publik hüquqi şəxs dövlətin kommersiya maraqlarını həyata keçirən bir qurumdur. 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” Qanunda göstərilirdi ki, təhsil müəssisələri ödənişli əsaslarla xidmət göstərib vəsait qazana bilərlər. Hazırda dünyada, o cümlədən ölkəmizdə pandemiya şəraiti hökm sürür. İndiki dövrdə insanların mütəmadi olaraq tibbi xidmətdən istifadəyə tələbatı artıb. Ən azından ilkin tibbi yardımın göstərilməsi, iynə vurmaq, sistem qoşmaq kimi bacarıqlara yiyələnmiş tibb işçilərinin xidmətinə böyük ehtiyac duyulur. Belə bir ehtiyac müqabilində ölkəmizdəki tibbi mütəxəssislərin, həkimlərin, ümumən tibbi personalın sayı kifayət qədər azdır. Məhz publik hüquqi şəxsə çevrilən tibb kollecləri özləri məzunlarının ödənişli xidmətlərini təşkil edəcək, buradan gəlir götürə biləcəklər. Xidməti göstərən tələbə də gəlir əldə edəcək, özünü inkişaf etdirməklə daha çox maddi qazanc əldə etməyə çalışacaq”.

Sərbəst tənzimləmə

K.Əsədov deyib ki, publik hüquqi şəxs kimi fəaliyyət göstərən kolleclər maddi-texniki bazasını yüksəltmək, strukturu mütəmadi olaraq dəyişmək imkanı qazanacaqlar: “Misal üçün, təhsil müəssisələri faktiki olaraq yalnız Nazirlər Kabinetinin təsdiq etdiyi ixtisaslar üzrə qəbul həyata keçirə bilirlər. Amma publik hüquqi şəxsə çevriləndən sonra həmin təhsil müəssisəsi ştat vahidlərini artıra, tələbat duyulan əlavə ixtisaslar üzrə qəbul həyata keçirə biləcəklər. Bununla yanaşı, işə qəbul prosesini, hətta mövsümi işçilərin işə qəbulunu özləri sərbəst şəkildə tənzimləyəcəklər. Tutaq ki, günvurma ilə bağlı bir aylıq kurslar təşkil edib məzunları yay aylarında çimərliklərə, turizm şirkətlərinə və sairə ezam edəcək, orada ödənişli xidməti təşkil edəcəklər. Bu kimi xidmətlər müqabilində müəyyən vəsait əldə ediləcək”.

İxtiraları, kəşfləri pula çevirmək

Təhsil eksperti hesab edir ki, ümumiyyətlə təhsil müəssisələri dövlət büdcəsindən maliyyələşməməlidir. K.Əsədov, hətta Təhsil Nazirliyinin də publik hüquqi şəxsə çevrilməsini zəruri sayır: “Əgər onlar, həqiqətən də, peşəkar kadrlardırsa, dövlət büdcəsindən deyil, göstərdikləri xidmət müqabilində əldə etdikləri gəlirlə maliyyələşməlidirlər. Bu sıraya Azərbaycan Milli Elmlər Akademiyasını da əlavə etmək olar. Nə üçün bu quruma dövlət büdcəsindən vəsait ayrılmalıdır? Həqiqətən də, oradakılar alimdirlərsə, icadları, kəşfləri varsa, buyursunlar, o ixtiraları pula çevirsinlər, özlərini maliyyələşdirsinlər”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər