Peşəkar rinqdə məğlub olmayan boksçu - MÜSAHİBƏ
“İdmançı deyəndə kobud, qaba insanlar ağıla gəlir. Amma kobud insan peşəkar idmançı ola bilməz. İdman incəlik tələb edir. Bir hərəkəti heç bir qaba insan 100 dəfə təkrarlaya bilməz. İllərlə istifadə etdiyim zərbəni hələ də güzgünün qabağında məşq edirəm”.
“Hücumu sevən boksçu deyiləm. Əks-hücumları sevirəm. Elə bir rəqibim olmayıb ki, ilk zərbəni mən almayım. Nokaut etsəm də, ilk zərbə həmişə mənə dəyib. Zərbə almasam, hiss etmirəm ki, döyüşdəyəm”.
24 yaşı var. Məğlubiyyətsiz boksçu kimi tanınır. Peşəkar boksda döyüşdüyü 6 döyüşün hər birində qalib olub. Uduzmağı sevmir. Deyir ki, uduzmağı düşünən və bunu normal qəbul edən qalib ola bilməz: “Əgər uduzmağı fikirləşsəm, uduzaram. Heç vaxt bu fikirdə olmuram. Rinqə girdinsə, qalib gəlməlisən. Başqa yolun yoxdur”.
Müsahibimiz peşəkar boksçu Seymur İsayevdir.
“Döyüşmək mənim üçün adi haldır”
Rusiyada böyüdüyü üçün idmana da Moskvada başlayıb. 9-cu sinifdən Respublika Olimpiya İdman Liseyində təhsil alıb, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub: “Rusiyada çox döyüşmüşəm. Aşağı yaş qruplarında Moskva çempionu oldum. 2014-cü ildə Azərbaycana gəldim. Azərbaycan çempionu oldum və Avropa çempionatına getdim. 2019-cu ilə qədər həvəskar boksda döyüşdüm. Əsgərlikdən sonra peşəkar boksa başladım. Həvəskar boksda 150 döyüşüm olub, 136-nı udmuşam. Peşəkar boksda isə hələ məğlubiyyətim yoxdur. Döyüşmək mənim üçün adi haldır”.
“Əlim ağırdır”
Həmsöhbətimizin idman sevgisi ailədən gəlib: “Babam və əmim güləşçi, digər babam isə futbolçu olub. Boksa olan marağım uşaqlıqdan özünü büruzə verirdi. Uşaqlıqda çox hərəkətli idim. Əlim də ağır idi, divara yumruq vururdum. 5-6 yaşım olanda boks əlcəklərim var idi. Rusiyada orta məktəblərdə idman növləri tədris olunur ki, bu bacarıqlarını inkişaf etdirə bilirsən. Hər yaş qrupundan idmançılar yetişirdi. Mən də boksa yazılmışdım”.
“Udsaq da, uduzsaq da bizə yumruq dəyir”
Həmsöhbətimiz Türkiyədə WBC gümüş boks kəməri uğrunda gecədə özbəkistanlı rəqibinə qalib gəlib. Seymur oradakı qələbəsini Milli qəhrəman Polad Həşimova həsr edib: “WBC boks üzrə dünya çempionatını təşkil edən dörd əsas təşkilatdan biridir. Məhəmməd Əli, Mayk Tayson kimi boks ulduzları burada döyüşüblər. Biz reytinq üçün döyüşürdük. Döyüş reqlamenti 6 raund olmalı idi. İkinci raundda nokautla qalib gəldim. Oradakı qələbəmizi Polad Həşimova həsr etdik və bizi qəhrəmanımızın qardaşı qarşıladı. 1 həftə sonra Bakıda yenidən döyüşdüm. Peşəkar boksda hazırlıq müddəti ən azı 2 ay olmalıdır. 9 günə 2 döyüşdə iştirak etdim. Zədələrlə çətin idi. Udsaq da, uduzsaq da bizə yumruq dəyir. İyul ayında isə dünya kəməri uğrunda döyüşüm planlaşdırılır”.
“Zərbə dəyməsə, hiss etmirəm ki, döyüşdəyəm”
Müsahibimiz deyir ki, bütün yarışlarda ilk zərbə həmişə ona dəyib: “Bəzən kənardan baxanlar deyir ki, boks asandır. Gücün varsa, udacaqsan. Mənim döyüş taktikam heç vaxt elə olmayıb. Hücumu sevən boksçu deyiləm. Əks-hücumları sevirəm. Elə bir rəqibim olmayıb ki, ilk zərbəni mən almayım. Nokaut etsəm də, ilk zərbə həmişə mənə dəyib. Zərbə almasam, hiss etmirəm ki, döyüşdəyəm. Ancaq zərbədən sonra hücuma keçirəm. Yerli boksçulardan Şahin İmranovun, Elvin Məmişzadənin döyüş taktikalarını sevirəm. Məşqçim Elbrus Rzayevdir. Boksda bütün nailiyyətlərimi müəllimimə borcluyam. Məni o rəndələyib”.
“Güclə deyil, taktika ilə qalib gəlirsən”
Gənc idmançı deyir ki, boks şahmatdır: “Bəlkə də şahmatdan da çətindir. Şahmatda düşünmək üçün vaxtın var. Boksda isə 1 saniyə ərzində fikirləşib cavab verməlisən. O zərbə gələnə qədər həm döyüşürsən, həm hesablayırsan. Məsələn, güləş elədir ki, itələşirlər və müddətdə zəif nöqtəni tapırlar. Amma boks elə deyil. 1 raund ərzində hər boksçu ən azı 50-60 yumruq atır. Ən az gedən döyüşdə 3 raund olur. Təsəvvür edin,180 zərbəyə 180 zərbə ilə cavab verməlisən. Burada fiziki gücdən çox, beyin rol oynayır. Fiziki güc aşağı yaş qruplarında əhəmiyyətlidir. Güc, demək olar ki, eynidir, taktika rol oynayır”.
“Kobud insan peşəkar ola bilməz”
Bəzi insanlar idmançı dostları ilə qürrələnirlər. Müsahibimiz deyir ki, gücünü real həyatda tətbiq etməyib: “Uşaqlıqda davalar çox olurdu. İndi elə deyil. Heç dostlarım da davaya çağırmır. Çünki bu, idmançı kimi karyerama ziyandır. İdmançı deyəndə kobud, qaba insanlar ağıla gəlir. Amma kobud insan peşəkar idmançı ola bilməz. İdman da incəlik tələb edir. Bir hərəkəti heç bir qaba insan 100 dəfə təkrarlaya bilməz. İdman elədir ki, illərlə istifadə etdiyim zərbəni hələ də güzgünün qabağında məşq edirəm”.
“Suya həsrətlə baxırıq”
Seymur üçün ən çətini çəki atmaqdır. Məhz bu səbəbdən sözün əsl mənasında su üzünə həsrətdir: “Çəki salma dövrü çox çətindir. Bəzən olub ki, 12 kilo çəki salmışıq. Dünya döyüşündə 62 kilo çəkidə döyüşürəm. Eyni çəkidə qalmaq çətindir. Əsgərlikdən gələndə 85 kilo idim, 61-ə düşdüm. Yanımızda hamı hər şeyi yeyir, amma mən evdə qaynadılmış toyuq əti yeyirəm. Məni məşqlər yox, diyetalar yorur. Hətta suya belə həsrətlə baxırıq. Bilirəm ki, 1 stəkan su 200 qramdır. Suyu qramla ölçüb içirəm. Boğazdan keçən hər şey kökəltməyə bilər, amma çəki verir”.
Aygün ƏZİZ