Pasportumu verin!
![Pasportumu verin!](https://kaspi.az/storage/posts/large/913aVZ5ixTlXET0WDzP3tHmzTtce4y9hmNi9pM9m.jpg)
Ümumvətəndaş pasportunun səfirlikdə itirildiyini iddia edən vətəndaşa cavab verən yoxdur. Səfirlik dəyən ziyanı ödəməkdən yayınır, ekspertlər bu sahədə ciddi problemlərin olduğu qənaətindədir.
“Azərbaycandakı Almaniya səfirliyi vizanı pasportuma vurduqdan sonra həmin sənədi itirib. Heç bir üzr istənilmədi, heç bir tələbimə cavab verilmədi. Tək təklif bu idi: yeni pasport alın gəlin, biz həmin vizanızı 24 saat ərzində vuracağıq. Oldu, bəs məsuliyyətdən boyun qaçırmaq belə asandır?” Bu sətirləri Pəri Abbaslı adlı şəxs Şengen vizası üçün müraciət etdiyi Almaniyanın ölkəmizdəki səfirliyində pasportunun itirilməsi ilə bağlı sosial şəbəkələrdə paylaşıb. O qeyd edir ki, pasportu 16 yanvardan bəri itib, lakin bu məlumatı yalnız özü e-mail yazıb “sənədlərimdən xəbər varmı?”- deyə maraqlandıqdan sonra öyrənə bilib. P.Abbaslının fevralda xaricə uçuşu olduğu üçün təcili pasport çıxartmalı olub. ASAN Xidmətə əvvəlki pasportu təqdim edə bilmədiyi üçün 10 AZN cərimə, pasportunun bir günə hazır edilməsi üçünsə 210 AZN pul ödəyib. Səfirlik isə öz növbəsində bildirib ki, onlar yalnız pasport hazırlanması üçün ödənilən minimum məbləği ödəyəcəklər. Vətəndaşın digər bir narahatlığı isə Avropada yaşadığı üç il müddətində pasportunda yer alan viza və sərhəd giriş-çıxış möhürlərinin deaktiv olması ilə bağlıdır. “Pasportumun itməsindən 10 gün sonra xəbərləri olur, mənə stres yaşadırlar, bütün işimi-gücümü atıb yeni pasport dərdinə düşürəm. Bunun qarşılığında üzr yoxdur, anlayış yoxdur, vurulmuş zərərə görə lazımı qədər maddi ödəniş yoxdur. Alman dəqiqliyi bu dəfə işləmədi...” - deyə P.Abbaslı qeyd edib.
Vətəndaşın sənədlərini qəbul edən, onu səfirliyə çatdıran və geri qaytarılması üçün cavabdeh olan vasitəçi şirkət isə ümumiyyətlə, yaxasını kənara çəkib. Pasportun itməsi ilə bağlı heç bir geridönüş etməyib.
Əvvəllər də bu problemlə üzləşənlər olub
Sosial platformada, turizm qrupunda oxşar hadisənin baş verməsi ilə maraqlandıqda “şikayət etsəniz növbəti dəfə viza istəyəndə süründürməçiliyə məruz qalacaqsınız”, “təəssüf ki, üzərlərinə götürmürlər. Tanıdığım iki nəfərdə də eyni hal baş verib. Hər ikisi Almaniya səfirliyində”, “təəssüf ki, hər hansı ölkənin səfirliyinin digər ölkənin vətəndaşı qarşısında heç bir real məsuliyyəti yoxdur, ona görə həm itirə, həm də istədiyi süründürməçiliyi edə bilirlər”, “pasport itməsi halları səfirliklərdə baş verir. Sonra nə səfirlik, nə də sənədi qəbul edən vasitəçi şirkət məsuliyyəti boynuna götürür. Vətəndaş get-gələ və lazımsız xərcə düşür...” kimi cavablar qeyd edildi.
Təəssüf ki, səyahət edən, biznes, təhsil, xəstəlik və s. şəxsi səbəblərdən viza üçün müraciət edənlərin heç biri belə bir hadisədən sığortalanmayıb. Artıq bunu deməyə əsas var. Əgər yanaşma belədirsə, vətəndaş öz hüququnu necə qorumalıdır? İşin məhkəmələrə gedib çıxmaması, vətəndaşa vaxtında təzminat ödənməsi, dəyən zərərin aradan qaldırılması üçün məsuliyyət necə müəyyənləşməlidir?
Alman dəqiqliyi harada qaldı?
Almaniyanın Azərbaycandakı səfirliyindən sorğumuza cavab olaraq bildirildi ki, onlar viza ərizəçisinin pasportunun itirilməsi halında hər cür dəstəyi göstərirlər. Azərbaycan vətəndaşlarının Almaniyaya səfərlərinə böyük marağından məmnun olduqlarını bildirən səfirliyin konsulluq sektoru pasportların itməsinin nadir hallarda baş versə belə, istisna hal olmadığını bildirdi: “Məlumatların qorunması qaydaları ilə əlaqədar olaraq ayrı-ayrı hallar barədə məlumat verə bilmərik. Ancaq ümumiyyətlə, deyə bilərik ki, çox sayda viza müraciəti həmişə xüsusi qayğı ilə işlənir. Pasport itkisi ehtimalı çox az olan, lakin heç vaxt istisna edilməyən bir vəziyyətdə, səfirlik, əlbəttə ki, zərərçəkənə bütün mümkün yardımı göstərəcəkdir. Bu cür hadisələrin tez-tez səfirlikdə baş verdiyi iddialarının yalan olduğunu qətiyyətlə təsdiq edə bilərik”.
Vətəndaşa dəyən zərər ödənilməlidir
Turizmçilər də bu cür halların baş verdiyini təsdiq edirlər. Turizmçi Rəhman Quliyev bildirir ki, əgər vətəndaş ümumvətəndaş pasportunu hər hansı bir orqana təqdim edibsə və sənəd orada itirilib, yaxud yararsız hala düşübsə, həmin orqan və ya müəssisə məsuliyyət daşıyır: “Vətəndaşa dəymiş ziyan qarşılıqlı anlaşma şəklində ödənməlidir. Əgər qarşılıqlı anlaşma alınmırsa, bunun hüquqi müstəvidə həlli mümkündür. Çünki vətəndaş viza rəsmiləşdirməsi üçün pasportunu vasitəçi şirkətə təqdim edəndə müqavilədə xidmətin hansı şirkət tərəfindən aparıldığı göstərilir. Belə ki, şirkət sənədlərin toplanması, səfirliyə təqdim olunması və geri qaytarılması üçün cavabdehliyi öz üzərinə götürür. Həmçinin kuryer şirkəti ilə vasitəçi şirkət müqavilə bağlayır. Sənədin geri qaytarılmasında, daşınmasında özləri cavabdehlik daşıyırlar”. Turizmçi bildirir ki, qanuna görə, pasport itirildiyi halda cərimə ödənilməlidir: “Pasportun tez alınması üçün əlavə ödəniş ödənilməlidir. Pasportun içərisində vətəndaşın əvvəl aldığı vizalar da varsa, məsələ bir az da çətinləşir. Çünki o vizalar vətəndaşın gələcək səfərləri üçün başqa səfirliklərdən viza almasına dəstəyi demək idi. Təbii ki, bunlar bazada qalır, amma informasiyaları ayrı-ayrı qurumlardan yığmaq asan məsələ deyil”. Turizmçi bildirir ki, vətəndaşa dəymiş bütün zərər qarşılanmalıdır: “Belə halların baş verməməsi üçün hər kəs öz işinə məsuliyyətlə yanaşmalıdır”.
Vasitəçi şirkət də məsuliyyət daşıyır
Hüquqşünas Ruslan Vəliyev bildirir ki, vasitəçi şirkət sənədləri vətəndaşdan təhvil alanda akt tərtib etməli, götürülən sənədləri sənəddə qeyd etməlidir. Vətəndaş və şirkətin nümayəndəsi aktı imzaladıqdan sonra bir nüsxəsi vətəndaşa təqdim edilməlidir: “Əgər sənəd itərsə, vətəndaş bununla bağlı şirkətə rəsmi müraciət edə, sonra isə sənədi yeniləndikdən sonra xərcləri tələb edə bilər. Bu xərclərə həm real zərər, həm də itirilmiş vaxt və s. aid ola bilər. Yəni maddi və mənəvi zərər. Eyni qayda səfirliyə də şamil olunur”.
Təranə Məhərrəmova
![banner](/images/kaspibanner.jpg)