• çərşənbə, 25 Dekabr, 06:42
  • Baku Bakı 8°C

Ölümü ilə hamını yandıran aktrisa - ANIM

18.05.24 02:24 10452
Ölümü ilə hamını yandıran aktrisa - ANIM

Vəfa Fətullayevanın ailə həyatı uğursuz alınır. 42 yaşında sevdiyi səhnə ilə də, həyatla da vidalaşır. Ölümündən bir neçə ay sonra atası da, anası da dünyasını dəyişir. Onlar Vəfanın ölümünə dözə bilmirlər. 

“Vəfa həyatının son dörd ayını xəstəxanada keçirdi. Son günlərində də onun yanında oldum. Hətta onun haqqında veriliş hazırlamaq niyyətində idim. Bir gün “hamıya veriliş hazırladın, bir məndən başqa” dedi. “Sənə yaxşı bir veriliş hazırlayacam, o verilişdə oynamaq istədiyin rolları üzə çıxaracam” deyəndə, çox sevindi. Hətta verilişin planını da tutmağa başladıq”. Bu sözləri mənə bir neçə il öncə Əməkdar artist, Milli Dram Teatrının aktrisası Vəfa Fətullayevanın əmisi oğlu, tanınmış kinorejissor Hafiz Fətullayev demişdi. “Ömür vəfa etsəydi” filmi ekranlara çıxanda isə Vəfa Fətullayeva artıq xərçəng xəstəliyindən vəfat etmişdi. Aktrisa dünyasını dəyişəndə 42 yaşı vardı…. 
Vəfa Fətullayeva ilk dəfə səhnəni 8-9 yaşından tanımışdı. Şekspirin “Qış nağılı”nda anası ilə eyni səhnədə rol alması onun gələcək sənət taleyini  müəyyən edir. İki böyük sənətkarın - teatrın baş rəssamı Nüsrət Fətullayevin və SSRİ Xalq artisti Hökumə Qurbanovanın ailəsində doğulması, ailələrində teatr köklərinin olması onun səhnəyə gəlişində rol oynayır.

Vaxtilə onunla səhnədə oynayan, teletamaşalara birlikdə çəkilən aktyorlar indi Vəfa Fətullayevanı səmimi insan, vəfalı dost və bəxtsiz qadın kimi xatırlayırlar.

“Açın gözlərinizi, yoldaş İvanov, açın...”

“Mən 61 ildir teatrda işləyirəm. Vəfa teatra gələn gündən birlikdə çalışmışıq, müxtəlif tamaşalarda tərəf-müqabil olmuşuq”, - deyə Xalq artisti Rafiq Əzimov xatırlayır:

“Vəfanın teatra gəldiyi illər çox maraqlı idi. Görkəmli sənətkarımız Tofiq Kazımov onu institutda oxuduğu vaxtlarda İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər”  tamaşasında Fəridə roluna dəvət etdi. Vəfanın bu rolu çox uğurlu alındı”. R.Əzimov mərhum aktrisa ilə birlikdə çəkildiyi “Göz həkimi” teletamaşasını xatırlayır: “Yaddaşımda daha çox qalan “Göz həkimi” teletamaşasındakı İradə obrazıdır. O tamaşada İvanov rolunu oynamağa sonradan dəvət olunmuşdum. Rol əvvəlcə Hamlet Qurbanova verilmişdi. Amma o, məşqlərə gələ bilmirdi. Rejissor Lütfi Məmmədbəyov bu rolu mənə verdi. Vaxtilə bu rolu teatrda Ağadadaş Qurbanov oynayırdı. Çətin, psixoloji bir roldur. İvanov rolu mənə tapşırılanda artıq çəkilişlər başlamışdı. Mən az qala şok keçirdim. Səhnələrim də Vəfa xanımla bir yerdə idi. Ona yaxınlaşıb “Əgər sizi məşqə saat 10-a çağırıblarsa, biz 9-da görüşək”, - deyə xahiş etdim. Vəfa xanım etiraz etmədi. Biz özümüz hər məşqdən əvvəl bir saat çalışırdıq ki, o biri aktyorlardan geri qalmayaq. Bu rolu demək olar ki, ikimiz bir yerdə hazırladıq. Çəkilişlər Botanika bağında həyata keçirilirdi. Xəstəxananın baş həkimi Nazim Əfəndiyev tamaşanın məsləhətçisi idi. “Olarmı, xəstəxanaya gəlim, rolumun təbii alınması üçün xəstələrin müayinə və əməliyyat prosesini izləyim?” - deyə professora müraciət edəndə o, mənə şərait yaratdı. Mən doktor İradə xanımın gözümü əməliyyat edəndən sonra “Açın gözlərinizi, yoldaş İvanov, açın...” səhnəsini oynamaq üçün boş vaxtlarımda xəstəxanada həmin prosesləri izləyirdim. “Mahnı dağlarda qaldı” tamaşasında da onun Gülgəz rolu uğurlu alınıb. Hətta tamaşa Dövlət mükafatına təqdim olundu. Fuad Poladov hərbi xidmətə gedəndə Rəhman surətini mənə tapşırdılar. Mən yenə Vəfa xanıma müraciət etdim ki, birlikdə məşqlər edək. Yenə imtina etmədi, birlikdə məşq etdik”. R.Əzimov deyir ki, Vəfa Fətullayeva hər rolda başqalaşmağı bacarıb. Onun sevilməsinin, rollarının uğurlu olmasının səbəbi də bu idi: “Vəfanın şaqraq gülüşü indi də qulağımdadır. Ölüm ona yaraşmırdı. Hamımız onun xəstəliyini eşidəndə sarsılmışdıq. Vəfanın ailə həyatı da uğursuz oldu. Ölümündən bir neçə ay sonra atası da, anası da dünyasını dəyişdi. Onlar Vəfanın ölümünə dözmədilər. Vəfanın ölümü hamımızı yandırdı”.

“Vəfa daha təbii, koloritli və müasir idi”

“Vəfa Fətullayeva ilə aramızda az yaş fərqi vardı. O məndən 2 yaş böyük idi”, - deyə Xalq artisti İlham Namiq Kamal xatırlayır: “Vəfa ilə bir institutda oxuyurduq. O, teatrşünaslıq fakültəsində təhsil alırdı. Onda heç ağlıma gəlməzdi ki, teatrda işləyəcək. Hələ institutda oxuyanda mühazirə dərslərində, bufetdə bir yerdə otururduq. Sonradan teatrda da bir çox tamaşalarda tərəf-müqabil olduq. “Göz həkimi” televiziya tamaşasında bir çəkildik. Vəfa həddindən artıq səmimi, həyati bir insan idi. Optimist, zarafatcıl idi, amma hər şeydə əndazəni bilirdi. Təəssüf ki, onun ailə həyatı da uğursuz oldu. Biz onun xəstə olduğunu da bilmirdik. Heyf ki, xəstəlik onu erkən apardı. O, hələ çox rollarda oynaya, filmlərdə çəkilə bilərdi. Çox təbii aktrisa idi. Anası Hökumə xanım da böyük sənətkar idi. Amma deyərdim ki, Vəfa daha təbii, koloritli və müasir idi. O, zamanla ayaqlaşa bilən insan idi”.  

“O, hər şeyi səhnəyə qurban verdi” 

Tanınmış diktor, Xalq artisti Şərqiyyə Hüseynova aktrisa ilə tələbə yoldaşı və yaxın rəfiqə  olub. “Vəfa teatrşünaslıqda oxuyurdu, səhnəyə o qədər həvəsi yox idi. O, anasının təkidi ilə səhnəyə gəldi və qısa müddət ərzində nə qədər gözəl obrazlar yaratdı”,  – deyə Şərqiyyə xanım xatırlayır: “Vəfa tez-tez bizim evimizə gələrdi. Mənim atam hərbçi idi. Biz hərbi şəhərcikdə yaşayırdıq. Böyük həyətimiz vardı. Vəfa bizə gəlməyi xoşlayırdı. Çox səmimi, vəfalı dost idi. Vəfanın çox gözəl gülüşü vardı. Xırda bir şeyə elə ürəkdən gülərdi ki, az qala uğunub gedərdi. Bizim o illərimiz çox şən keçirdi. O, Zaur adlı voleybolçu ilə nişanlı idi. Mən də nişanlı idim. Biz dördlükdə gəzməyə çıxırdıq. Vəfa səhnəyə gedəndən sonra bizim yollarımız bir qədər ayrıldı. Mən televiziyada işləyirdim. Vaxt üzündən müntəzəm görüşə bilmirdik. O, Zaurla evlənəndən bir il sonra ayrıldı. Zaur onun səhnədə olmasını istəmirdi. Onların övladları olmalı idi. Bu cür söz-söhbətlər onların ailəsini dağıtdı. Vəfa hər şeyi səhnəyə qurban verdi”. 

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər