• bazar, 24 Noyabr, 05:52
  • Baku Bakı 13°C

“O dövr üçün danışmağa məndə çox söz var...” - MÜSAHİB

09.09.23 02:02 8137
“O dövr üçün danışmağa məndə çox söz var...” - MÜSAHİB


Xalq artisti Rafiq Əzimov: “Kiçik rollar oynayıb bu mərtəbəyə çatmaq asan deyil. Əməkdar artist, Xalq artisti fəxri adları, Prezident təqaüdü, “Şöhrət” ordeni - bunlar boşuna verilmir”.


85 yaşını adlasa da, ömrünün 60 ilini teatr və kino sənətinə həsr eləsə də, özünə “sənətkar” deməyi xoşlamır. “Sənətin tavanı yoxdur. Əgər sənətkaram deyiriksə, sənət orada bitir”,- deyir. Xalq artisti Rafiq Əzimovun fikrincə, tamaşaçı qəlbinə yol tapmaq, ondan geri qalmamaq, o sevgini qoruyub saxlamaq üçün daim sənətin sirlərinə yiyələnmək lazımdır. 

Görkəmli aktyor “Kaspi” qəzetinə müsahibəsində hələ oynamaq istədiyi rolların sirrini də açdı: 

60 il fasiləsiz...

- Sizinlə müsahibə üçün 20 il əvvəl görüşmüşəm. Zaman baxımından az deyil. O vaxtdan bu vaxta sənət aləmində nə dəyişib?

- Sənətimizin çiçəklənən dövrü idi. İstər kino, istər teatr, istər televiziyada... O vaxt hara, indi hara? Mən heç vaxt taleyimdən şikayət etməmişəm. Bu gün də etmirəm. Çünki uşaqlıq vaxtlarımdan - həm məktəb, həm institut illərimdən aktyor olmaq, teatrda işləmək, filmlərə çəkilmək, televiziyada çıxış etmək arzularımın hamısına nail oldum. Hələ gənclik dövrümdə bütün bu arzularıma çatdım. Siz dünən zəng edəndə səhərə qədər yatmadım. Bilirsiniz niyə? Vaxt vardı, müsahibə verəndə işlərimiz haqqında bülbül kimi ötürdük. İndi çətinlik çəkirik - nədən başlayaq, nədə qurtaraq? Amma mən nikbin adamam. Ona görə ki, sənət aləmində fasiləsiz olaraq 60 il Milli Akademik Dram Teatrında çalışan ikinci bir aktyor yoxdur. Tamaşaçı bizi bizdən yaxşı tanıyır. Mən sənət aləminə kiçik epizodik rollarla gəlmişəm. Baş rollarım da olub. Professor İlham Rəhimli öz kitabında mənim yaradıcılığımı İsmayıl Osmanlının yaradıcılığı ilə müqayisə edib. O da ömrü boyu epizodik rollar oynayıb, amma SSRİ Xalq artisti adına layiq görülüb. Ona görə də, bizə institut dövründə sənət haqqında dərslər keçəndə “Rolun böyüyü, kiçiyi yoxdur, aktyorun böyük-kiçiyi var” deyirdilər. İsmayıl Osmanlı o qəbil aktyorlardan idi ki, İlham Rəhimli də məni onun kimi “zərgər aktyor” deyə dəyərləndirib. Mən bununla həmişə fəxr etmişəm. Kiçik rollar oynayıb bu mərtəbəyə çatmaq asan deyil. Əməkdar artist, Xalq artisti fəxri adları, Prezident təqaüdü, “Şöhrət” ordeni - bunlar boşuna verilmir. Ona görə də mən həmişə öz sənətimlə fəxr edirəm. 

- Bəs dəyişən nədir?

- Bu gün doğrudan da sənətimizin çox çətin, ağrılı-acılı günlərini yaşayırıq. Amma son aylar keçirilən kino və teatr forumlarında nazir Adil Kərimli bütün sənət adamları üçün problemləri, təklifləri söyləməyə şərait yaratdı. Bu tədbirlər gələcək işlərdə uğurlar olacağına bizə ümidlər verdi. Əminəm ki, forumun nəticələri bizi naümid qoymayacaq. Bizim istedadlı insanlarımız çoxdur. Onlara öz sənətlərini nümayiş etdirmək üçün meydan lazımdır. Mən institutu qurtaranda 3 nəfər Milli Dram Teatrına təyinat aldıq. Təsəvvür edin ki, kinolarda gördüyümüz o aktyorlarla artıq tərəf-müqabil olurdum. Fatma Qədri, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Əli Zeynalov, Ələsgər Ələkbərov kimi nəhəng aktyorlar bu teatrda çalışırdılar. Tofiq Kazımov uzun illər teatrın bədii rəhbəri olub. Gənclərin əksəriyyətini - Səməndər Rzayevi, Amaliya Pənahovanı, Hamlet Xanızadəni hələ tələbə ikən teatra baş rollara dəvət elədi. Bu aktyorlar az yaşadılar, amma nələr qoyub getdilər... Adlarını çəkdiyim sənətkarları indi sağıma da, soluma da baxıb görə bilmirəm. Gəlib bu yaşa çatmışam. Gənclik illərində həmişə özümdən yaşlı rolları oynamışam. Mən axı keçmiş zamanda oynamışam. İndi əsl dövrümdür ki, bu günü oynayım.

Nəbi Xəzrinin “Burla Xatun” mənzum pyesində İxtiyar - Dədə Qorqud rolunu oynadım. Ulu öndər gəlib tamaşaya baxdı. O, həmin dövrlərdə mənim oynadığım 4 tamaşaya baxmışdı. Eşidəndə ki, Ulu öndər Heydər Əliyev gəlib tamaşaya baxır, biz həm qürur hissi, həm də həyəcan keçirirdik. Ümummilli lider bizi dəyərləndirirdi, hədiyyələr verirdi. Bu fəxr deyil, nədir? Bunlar hamısı tarixi faktlardır. O dövr üçün danışmağa məndə çox söz var. Mən işə piyada gedib gəlirəm. Tamaşaçılarla ünsiyyətdə çox oluram. Onlar bizi sorğu-suala tuturlar: hanı o filmlər, hanı o tamaşalar? Mən yalan danışa bilmirəm. Onlara bir söz deyirəm: bizim xalqımız istedadlı xalqdır. Su gələn arxa bir də gələr. 

Sentyabr ümidi

- 60 il ərzində teatrda çoxlu bədii rəhbərlərlə işləmisiniz. Hər yeni təyinat həyatınızda hansı dəyişiklik yaradıb, sənətinizdə hansı izi qoyub?

- Bu teatrda bədii rəhbərlərin də, baş rejissorların da, müdirlərin də sayı çox olub. Deyəndə ki, mən 60 il bir teatrda işləmişəm, bu o deməkdir ki, onların hamısı ilə işləmişəm. Səhnədə hələ məktəbli ikən Mirzəağa Əliyevi, Sidqi Ruhullanı görmüşəm. Fatma Qədri ilə tərəf-müqabil olmuşam. Bu teatrda Ədil İsgəndərov baş rejissor olub. Onun işlədiyi aktyorlar tələbələri olublar. Daha sonra Mehdi Məmmədov bu səhnədə necə mükəmməl tamaşalar səhnələşdirib... Əli İsmayılov direktor olub. Maqbet Bünyadov direktor olanda bütün teatr nümayəndələrinin iştirakı ilə mənimlə Kamal Xudaverdiyevin 60 illik yubileyimizi qeyd elədi. Əbülfəz Qarayevin əmri ilə 70 illik yubileyim də bu teatrın səhnəsində yüksək səviyyədə keçirildi. Əliabbas Qədirov da, İsrafil İsrafilov da, Azərpaşa Nemətov da bizim teatrda direktor oldu. Hər birinin öz yeri olub. 

Hazırda teatra tanınmış rejissor Mehriban Ələkbərzadə bədii rəhbər təyin olunub. Kollektivimiz onu çox gözəl qarşıladı. Mehriban xanım hazırda Çingiz Aytmatovun “Gün var əsrə bərabər” əsəri üzərində işləyir. Əminəm ki, teatrın bütün kollektivi bu tamaşada çalışacaq. Şuşada onunla bəzi söhbətlərimiz oldu. Mehriban xanımın  istedadına bələdəm və vaxtilə onun hazırladığı tamaşada oynamışam. Ümid edirəm ki, Mehriban xanım unudulmuş illərimizi, yüksək səviyyəli tamaşalarımızı qaytaracaq. Əli İsmayılov adlı bir müəllimimiz vardı. Həmişə deyərdi: “Dünənə görə çox sağ ol, mənə bu gündən danış”. Mən bu gündən o vaxt danışacağam ki, yeni teatr mövsümi gəlsin. 

Aktyorun yaş məhdudiyyəti...

- Bir ara aktyorların təqaüd yaşı ilə bağlı söz-söhbətlər meydana çıxdı, qızğın müzakirələr getdi. Deyəsən o “təhlükə” sovuşdu...

- Yaşlı nəsil aktyorların yaş məhdudiyyəti, onların sənətdən uzaqlaşdırılması ilə bağlı söz-söhbət yarandı.  Amma sağ olsun xalqımız, deputatlarımız, həmçinin nazirliyimiz bu məsələyə həssaslıqla yanaşdılar. Sağ olsunlar ki, bu məsələyə nöqtə qoyuldu. Aktyorun yaş məhdudiyyəti yoxdur, istedadlısı və istedadsızı var. O aktyor ki, hafizəsi yoxdur, danışığını bilmir, buyursun, getsin. Dövlət onsuz da onlara qayğı göstərir. Nə qədər canımızda qüvvə var, çalışırıq. Repertuarda bir çox tamaşalarda oynayıram. Əminəm ki, yeni mövsüm də mənim üçün uğurlu tamaşalarla yadda qalacaq. Hazırda teatrda iki tamaşaya quruluş verilir. Tofiq Kazımovun vaxtilə hazırladığı “Sənsiz” tamaşası yeni quruluşda hazırlanır. Bu, onun 100 illik yubileyinə gözəl hədiyyə olacaq. Həmçinin Anarın “Dantenin yubileyi” əsəri üzərində iş gedir. 

“Rasimin Prezidentlə görüşü təkcə onun görüşü deyildi” 

- Tamaşaçılar sizi həm də kinodan tanıyır. “Yeddi oğul istərəm” də Şahsuvar, “Arxadan vurulan zərbə”də Hüseynov, “Qızıl qaz” da Gündüz, “Xatirələr sahili”ndə Vəli, “Sevil”də Zabit və neçə-neçə filmlərdə rollar... O tamaşaçılar üçün hansısa sürpriz olacaqmı?

- İndi mən sizə sual verim: kino var? 

- ....

- Rasim Balayevin Prezidentlə görüşü təkcə onun görüşü deyildi, bütün teatr və kino adamlarının görüşü idi. O, hamımızın adından öz fikrini dedi. Rasim Balayev bu gün kinomuzun fəxridir. Onun kimi sənətkarlarımızı qorumaq lazımdır. Bir az ayağından şikayətlənsə də, hələ canında qüvvə var. Biz çox deyilik, barmaqla sayılacaq qədər qalmışıq. Rasim də bu gün ümidlə yaşayır. Bizim borcumuz var: biz qazilərimizə, şəhidlərimizə, ordumuza, Ali Baş Komandanımıza borcluyuq. İstedadlı gənclərimiz onların qəhrəman obrazlarını yaratmalıdırlar. Sənət aləmi zərrəbinlə hər şeyi göstərə bilər. Şuşada - Xarıbülbül Musiqi festivalında iştirak edəndə əzəmətli dağları görüb “İlahi, bizim igidlərimiz bura necə dırmaşıblar?”, - deyə heyrət etdim. Bizim o igidlərimizə borcumuz var. Analarımızın gözü yoldadır. Onların qəhrəmanlığını dünyada tanıtmaq lazımdır. Elə filmlər çəkilməlidir ki, 44 günlük müharibədəki qələbəmizi tərənnüm eləsin. 

“Yaxşını yaxşı, pisi pis demək lazımdır”

-Vaxtilə həvəslə baxdığımız teletamaşalar da yoxdur artıq... 

- O vaxt televiziyada maraqlı tamaşalar çəkilirdi. Heç yadımdan çıxmır: “Göz həkimi” tamaşasında professor İvanovu oynayırdım. Əvvəl rolu Hamlet Qurbanova vermişdilər. O, məşqlərə gəlmədi. Sonra Lütfi Məmmədbəyov rolu mənə verdi. O zaman tamaşanın məsləhətçisi Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun direktoru Nazim Əfəndiyev idi. Professora zəng edib “Xəstəxanaya gələ bilərəm?”, - deyə soruşdum: “Mənə rol tapşırılıb. Xəstə-həkim münasibəti, göz əməliyyatı olandan sonrakı prosesləri, xəstənin davranışlarını və s. gözümlə görmək istəyirəm”, - dedim. Əgər 2-3 gün xəstəxanaya getməsəydim, rolum elə alınmayacaqdı. 

Göyçayda qastrolda olanda mehmanxana ilə üzbəüz mağaza vardı. “Yaxşı mallar gəlib, gedək baxaq”,- deyə sənət yoldaşlarıma dedim. Birdən bir qoca qadın piştaxtanın arxasından çıxıb məni qucaqlayaraq: “Sənə qurban olum, gözlərin açıldı?”, - deyə ağladı. Aktyor yoldaşlarım gülüşdü. “O tamaşa idi”, - deyə qadını güclə sakitləşdirdik.   

- Sənət baxımından sovet dövrünün nostaljisini yaşayırsınız?

- Yaxşını yaxşı, pisi pis demək lazımdır. Biz o dövrü yaşamışıq. Bu tarix qalır, onu pozmaq mümkün deyil. Biz pioner qalstuku da taxmışıq, komsomol nişanı da. Mən teatrda partiya təşkilatının katibi idim. İndi şikayət etməyə haqqım yoxdur. 80 illiyimlə əlaqədar hörmətli Prezidentin sərəncamı ilə mənə “Şöhrət” ordeni verildi. Amma 85 illiyim Mədəniyyət Nazirliyində rəhbər dəyişikliyi olan dövrə düşdü. Ramiz Məlikin 80 yaşı oldu. Cənab Prezident onu Fəxri Diplomla təltif etdi. Prezident heç kəsi mükafatsız buraxmır. Mən yubileyimlə bağlı car çəkmək istəmirəm, amma sakitcə müraciət edəcəyəm.

Hər adam buna dözə bilməz

- Ailənizdə sənətinizi davam etdirən varmı? 

- Oğlum uşaq vaxtı 3 filmdə çəkilib. Sonra Eldar Quliyev onu “Nizami” filmində Məcnun roluna çəkmək istədi. Onda oğlum 10-cu sinifdə oxuyurdu. İnstituta daxil olmalı idi. Təhsilinə mane olmasın deyə, razı olmadım. Bu, çox çətin sənətdir. Hər adam buna dözə bilməz. Ona görə oğlumun aktyor olmasını istəmədim. Heç peşman da deyiləm. Bizim sənət adamlarının uşaqlarının bəziləri sənətdə yerlərini tutublar, bəziləri yox.  

- “Kaş onu da oynayaydım”, - deyə içinizdə hansı rol qalıb? 

- Arzular genişdir. Həmişə bu barədə düşünürəm. Bilmirəm, Mehriban xanımın hazırladığı tamaşada varammı? Amma Nabrana istirahətə gedəndə kitabı özümlə aparıb təkrar oxudum. Oxuduqca obrazlar gözümün önünə gəlir və “Bu, mənə nə qədər doğmadır?”, deyə özümə sual verirəm. İndiyə qədər bir rejissora deməmişəm ki, mənə hansısa rolu verin. Bir də görürsən ürəyindən keçən rol sənə verilmir. Heç olmasa, dublyor versinlər, o da olmur. Bu da aktyorun içində qalır. Bu teatr mövsümünü böyük ümidlə gözləyirəm...
 
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər