çərşənbə, 08 Fevral, 04:52

Baku Bakı 3°C

Noyabrın 14-ü Ümumdünya Diabetlə Mübarizə Günüdür

icon 941 icon 14 noyabr 2022 | 12:00 Noyabrın 14-ü Ümumdünya Diabetlə Mübarizə Günüdür

1991-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyasının təşəbbüsü ilə noyabrın 14-ü Ümumdünya Diabetlə Mübarizə Günü kimi qeyd edilir. 2007-ci ildən həmin gün BMT-nin himayəsi altında keçirilir. 2006-cı ildə isə BMT Baş Assambleyası şəkərli diabetlə bağlı qətnamə qəbul edib. Qətnamənin qəbul edilməsində məqsəd ictimaiyyəti xəstəliyin yaranma səbəbləri, əlamətləri, fəsadları, müalicəsi və profilaktikası barədə məlumatlandırmaq, inkişafının qarşısının alınması yollarını araşdırmaqdır.

AZƏRTAC tibbi mənbələrə istinadən xəbər verir ki, 1922-ci ilin yanvarında Frederik Bantinq ilk dəfə insulinin inyeksiyasını şəkərli diabetin ağır formasından əziyyət çəkən 14 yaşlı oğlana vuraraq onun həyatını xilas edib. O, bundan sonra ixtira etdiyi insulinə patent almaq hüququnu Toronto Universitetinə verib. Həmin ilin axırlarında yeni preparat dərman bazarına çıxarılıb.

Frederik Bantinqin Con Makleodla birlikdə ixtira etdiyi hormon milyonlarla diabet xəstəsinin həyatını xilas edib. Şəkərli diabet indi də sağalmayan xəstəliklər sırasına daxil olsa da, insulinin hesabına onu nəzarətdə saxlamaq mümkündür. 1923-cü ildə biokimya və təbabət sahəsində Bantinq və Makleoda Nobel mükafatı verilib.

Şəkərli diabet orqanizmdə bəzi mübadilə proseslərinin pozulması nəticəsində qanda şəkərin normadan artıq və ya bəzən də az olmasıdır. Tam müalicə olunmadığına görə həmin xəstələr daim ciddi nəzarət altında olmalı, müəyyən qayda və qadağalara riayət etməlidirlər. Elə buna görə də bəzən şəkərli diabet xəstəlik yox, həyat tərzi hesab edilir.

Hazırda şəkərli diabet ateroskleroz və xərçənglə yanaşı, dünyada ən çox əlilliyə və ölümə səbəb olan ilk üç xəstəlikdən biri hesab edilir. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, bu problem dünya əhalisinin ölüm faizini 2-3 dəfə artırır. Xəstəlik, eyni zamanda, yayılma miqyasına görə də aktuallığını qoruyur. Əgər 1980-ci ildə şəkərli diabetdən 108 milyon nəfər əziyyət çəkirdisə, 2014-cü ilin hesablamalarına görə həmin rəqəm 422 milyona çatıb. Yəni, hər il şəkərli diabetdən əziyyət çəkənlərin siyahısı artmaqda davam edir. Xəstəliyin risk qrupuna 24-60 yaş arasında olanlar daxil edilir.

Əvvəllər qanda qlükozanın miqdarı 1 litrdə 6,6 millimoldan çox olanlar diabet xəstəsi hesab edilirdi. İndi isə qanda qlükozanın miqdarının 3,3-5,5 millimola qədər olması norma hesab edilir. Bu, şəkərli diabet xəstələrinin sayının artması deməkdir. Hər yerdə olduğu kimi, Azərbaycanda da diabet xəstəliyinin əsas səbəbi azhərəkətli həyat tərzi, qeyri-düzgün qidalanma və artıq çəkidir. Hazırda ölkəmizdə şəkərli diabet xəstələrinin sayı 300 minə yaxındır.