• cümə axşamı, 20 mart, 18:33
  • Baku Bakı 7°C

Novruz bayramı: əvvəl və indi

20.03.25 03:28 157
Novruz bayramı: əvvəl və indi

Novruz bayramı ilə bağlı olan adətlər şəhər yerlərində demək olar ki, unudulmaq üzrədir. Keçmiş ənənələrə bağlılıq itir, dünya qloballaşır və Azərbaycan insanı da buna ayaq uydurmağa çalışır.

Bu gün Azərbaycanda Novruz bayramıdır. Novruz - baharın gəlişini, təbiətin oyanışını, yeni ilin başlanğıcını simvolizə edən ən qədim bayramlardan biridir. Həm də digərlərindən seçilən, insana ümid, motivasiya verən, gələcəyə olan inamını artıran, milli kimliyini xatırladan ən önəmli bayramlardandır.

Lakin xüsusilə, şəhərləşmə prosesi Novruzun bəzi adətlərini unutdurur. Bəs hansı adətlər unudulub, yaxud unudulmaq üzrədir? Novruz əvvəl necə qeyd edilirdi, indi necə?

“Yumurta boyayır, noxud, buğda qovururam”

Evdar qadın Fərqanə Şəbiyeva bəzədiyi Novruz süfrəsində adətləri yaşatmağa çalışır. Çünki bu, ona ailəsindən aşılanıb. Hətta atasının ona verdiyi kiril hərfləri ilə yazılan “Novruz” kitabını saxlayır, unutmamaq üçün hər il o kitaba baxır, adətləri yerinə yetirməyə çalışır.
Deyir ki, hər dəfə bayram süfrəsində mütləq yeddi növ nemət olmalıdır: “Bizim ailədə sonuncu çərşənbə Novruz bayramından seçilmir. Həmin günlər çox şən, əsl toy-bayram ab-havasında olur: “Süfrəmdə mütləq səməni olur. Ümumiyyətlə, süfrəyə adları “s” hərfi ilə başlayan yeddi nemət düzürəm. Bura sumax, sirkə, süd, səməni, su, səbzi, sünbül daxildir. Şəkərbura, paxlava, qoğal olmadan Novruz bayramını təsəvvür etmirəm. Mütləq yumurta boyayır, noxud, buğda qovururam”.

“Axşam od, səhər su üzərindən tullanardıq”

Həmsöhbətimiz deyir ki, kənddə olanda çərşənbədən bir gün sonra sübh vaxtı bulaq başına gedərdilər: “Hava işıqlanmadan bulaq başına gedər, suyun üzərindən tullanardıq. Çərşənbə axşamı od üzərindən, çərşənbə günü isə axar su üzərinə ağırlığımızı tökərdik. İndi şəhərdə bunu etmirik, getməyə yer yoxdur. Yadımdadır, anam saçımızın ucundan kəsər, xəstəlikləriniz bununla getsin deyər, axar suya atardı”.

Ağdamda qalanan böyük tonqallar

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyir ki, Novruz bayramında böyük tonqallar qalanar, uşaq, qadın, kişi - hamı o tonqalın ətrafına toplaşardı: “Novruz bayramı xalqımızın min ildən bəri gələn milli bayramıdır, ilin təzələnməsi, təbiətin dəyişməsidir. Təbiətin dəyişməsi eyni zamanda ruhun, insan qəlbinin, şövqünün təzələnməsi ilə müşayiət olunur. Uşaqlığım Ağdamda bir nömrəli məktəbin yanında dörd mərtəbəli binada keçib. Yadımdadır ki, o illərdə binamızın yanında Ceyran bağı var idi. Orada çərşənbə axşamları və Novruz bayramında böyük tonqallar qalanardı. Böyük, uşaq, qadın, kişi - hamı heyrətlə tonqal ətrafına toplaşar, “ağırlığım bu tonqalda” deyib tullanardı”.

“Həvəslə torbamızın qaytarılmasını gözləyərdik”

Novruz deyəndə ağıla gələn ən maraqlı adətlərdən biri papaqatdıdır. Bu adət də artıq unudulmaq üzrədir. Çünki nadir hallarda qonşu qapını açar, papağı götürər. İndi “qapını açma, papaqdır” sözləri daha çox eşidilir. Açdıqda isə, papağa pul qoyurlar.

R.Məcid deyir ki, bu mərasim uşaqlar üçün çox maraqlı idi: “Bizim evə də torba atırdılar, içini şirniyyat, qoz-fındıqla doldurardıq. Biz özümüz də qonşulara torba atar, həvəslə qaytarılmasını gözləyərdik. Ən maraqlısı isə yumurta boyamaq və yarışdırmaq idi. Yumurtanı soğan qabığı ilə qırmızıya boyayardılar, heyrətlə ona baxardım. Yumurta döyüşdürmək prosesi isə bir yarışa çevrilirdi”.

“Uşaq qapı pusur, ev sahibi görüb onu acılayır...”

Folklorşünas alim Elxan Yurdoğlu deyir ki, Novruz bayramı ilə bağlı olan adətlər şəhər yerlərində demək olar ki, unudulmaq üzrədir: “Kənd yerlərində isə adətlər mümkün dərəcədə qorunub saxlanılır. Unudulma səbəblərindən biri insanların həddən artıq praqmatik olmasıdır. Şəhər həyatı və müasir texnologiyalar insanların ənənəvi bayramları qeyd etməsinə təsir edir. İnsanlar kənd təsərrüfatına və təbiətə bağlı həyat tərzindən uzaqlaşdığı üçün bəzi adətlər zamanla yaddan çıxır. Üstəlik, onların texnoloji avadanlıqlara yönəlməsi inanc sisteminə tədricən təsir edib. Məsələn, vaxtilə qapı pusmaq kifayət qədər maraqlı hesab olunurdu və insanlar arzu tutub qapı pusurdu. Artıq bu nəinki şəhər, kənd yerlərində də sıradan çıxıb. Çünki əksəriyyət bunu normal qəbul etmir. Özüm şahidi olmuşam ki, uşaq qapı pusur, ev sahibi görüb onu acılayır. Yaxud uşaqlar qapıya torba atır, qapını açmırlar. Bu adətlər yavaş-yavaş sıradan çıxmağa başlayır”.

“Keçmiş ənənələrə bağlılıq itir”

Mütəxəssis deyir ki, keçmiş ənənələrə bağlılıq itir, dünya qloballaşır və Azərbaycan insanı da buna ayaq uydurmağa çalışır: “Novruzdan əvvəl ilaxır çərşənbənin sabahı günəş doğmadan insanlar su başına gedər, su gətirər, evin künc-bucağına, həyət-bacaya, mal-qaranın olduğu yerə səpirdilər. Bunun mənası yenilik, təmizlik, yeni həyata qədəm qoymaq idi. Bu adət artıq yoxdur. İnsanlar mifə inanmır, keçmiş ənənələrə bağlılıq itir, öz dəyərlərindən uzaqlaşır. Məsələn, axır çərşənbədəki Novruz tonqalının külünü insanlar həyətdəki ağacların dibinə tökərdilər. Yəni od külə çevrilsə belə, yenidən həyat verirdi. Bunlar indi yoxdur. Tonqalların da ətrafında nadir hallarda böyüklər olar”.

Gəlinə gedən Novruz payı

Həmsöhbətimiz deyir ki, ən maraqlı adətlərdən biri valideynlərin öz qızı gəlin köçübsə, evinə Novruz payı göndərmək idi: “Məsələn, anamın 70 yaşı var. Hər il bayram günü tonqal qalanana kimi ata evindən onun payı gəlir. Düzdür, valideynləri, iki qardaşı, bacıları dünyadan köçüb, amma buna baxmayaraq, o evdə olan dayım uşaqları anamın payını gətirirlər. Çünki ataları bunu edərdi. Bunlar müasir dövrdə yoxdur. Məsələn, biz kosa, keçəli ancaq müəyyən tədbirlərdə görürük. Amma bunun ənənəsi var idi”.

Aygün Əziz

 

banner

Oxşar Xəbərlər