Neft bazarında narahatlıq yaradan dalğalanma

Tramp administrasiyasının tarif qərarlarından sonra dünya bazarlarında neft qiymətlərində kəskin eniş müşahidə edilir. Bu, Azərbaycana da təsirsiz ötüşmür. Hətta büdcəyə yenidən baxılma zərurəti də yarana bilər.
Son həftələrdə dünya neft bazarında ciddi dalğalanma müşahidə olunur. ABŞ Prezidenti Donald Tramp administrasiyasının atdığı addımlar, dünya ölkələrinə tətbiq etdiyi tariflər neftin kəskin şəkildə ucuzlaşmasına səbəb olub. Trampın tarif qərarlarından sonra neftin qiyməti cəmi bir neçə gün ərzində 10 dollardan çox azalıb və bu, qlobal enerji bazarında ciddi narahatlığa yol açıb. Brent markalı neftin fyuçersləri 2021-ci ilin martından bəri ilk dəfə bir barel üçün 61 dollardan aşağı düşüb. Ticarət müharibəsinin yaratdığı qeyri-müəyyənlik və iqtisadi fəaliyyətlərin yavaşlayacağı ilə bağlı gözləntilər fonunda "OPEC+" ölkələrinin hasilatı artırmaq qərarı da təklifin artmasına səbəb olaraq qiymətlərin enməsini sürətləndirib. Belə bir şəraitdə, iqtisadiyyatını böyük ölçüdə neft gəlirlərinə əsaslandıran Azərbaycan üçün bu proseslərin təsiri daha da vacib əhəmiyyət kəsb edir. Dövlət büdcəsində bir barel üçün nəzərdə tutulan 70 dollar qiyməti ilə bağlı da suallar yaranıb. Bəs görəsən neftin qiymətləri azalmaqda davam edəcəkmi? Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?
"Neftin qiymətində azalma bir müddət də davam edəcək"
İqtisadçı Murad Calalovun sözlərinə görə, Trampın siyasəti təkcə neft sektoruna deyil, iqtisadiyyatın bütün sahələrinə təsir edib: “Birjalarda səhmlərin qiymətlərində də kifayət qədər enmələr var. Hansı ki, güclü yüksəliş gözlənilirdi”.
M.Calalov bildirdi ki, Trampın bu addımları atmaqda əsas məqsədi dünyada hökmranlığı ələ almaqdır: “Rusiya-Ukrayna müharibəsinə görə Rusiyaya sanksiyalar tətbiq edilib. Avropa böyük bir bazarını itirib. Trampın əsas məqsədi bu vəziyyətdən istifadə etməkdir. Tariflərin 25 faiz yüksəldilməsi, amma öz neftinə tarif tətbiq etməməsi, vergilərdən azad olunması onu göstərir ki, Avropa külli miqdarda vəsait itirəcək. İtkiləri kompensasiya etmək üçün ABŞ-dən tədarük etməlidir”.
İqtisadçının fikrincə, neftin qiymətində azalma bir müddət də davam edəcək: “Amma daimi belə olmayacaq. Avropanın verəcəyi qərarlardan asılı olaraq qiymətlər dəyişəcək. Anidən yüksəliş də mümkündür”.
Tədarük qıtlığı müşahidə edilə bilərdi
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyir ki, “OPEC+”un hasilatı artırma qərarı bazarda yenilik oldu. Əvvəlki qərar gündəlik 139 min barel neft həcminin artırılmasından ibarət idisə, indi artım həcmləri 411 min barel olacaq: “Bu qərarın verilməsi səbəblərindən biri odur ki, qarşıdakı aylarda tədarük qıtlığı müşahidə ediləcək. Çünki İranın, Venesuelanın, Rusiyanın beynəlxalq ixrac qabiliyyətlərində problemlər yaşanır. Rusiyanın 186-dan çox tankeri hazırda sanksiya altındadır. Onların beynəlxalq limanlara girişi qadağan edilib. ABŞ İrana tətbiq etdiyi sanksiyaları daha da sərtləşdirib. Eyni problemi Qazaxıstan da yaşayır. Bu səbəbdən “OPEC+” hasilatı artırdı. Bu olmasaydı, gələcək dövrdə qıtlıq yaranardı”.
“Neft qiymətləri 80 dollara qalxmayacaq”
Z.Vəliyevin sözlərinə görə, neft qiymətləri yaxın gələcəkdə 80 dollara qalxmayacaq, lakin yenə də yüksələcək: “Bir neçə ildir qiymətləri geosiyasi faktorlar, hərbi-siyasi vəziyyət, aparıcı dövlətlərin maliyyə siyasəti təyin edir. Düşünürəm ki, bazardakı hazırkı qiymət uzun müddət qala bilməz. İlin əvvəlində proqnoz vermişdik ki, ikinci rübdən sonra neft qiymətlərində sıçrayışlar olacaq. Amma sərt tarif siyasəti neft qiymətlərini təhdid altına alır. Bu məsələ qısa müddətdə aradan qalxmasa, fond bazarlarında sabitləşmə baş verməsə, bu, həm neftə olan tələbata, həm də investisiyalara təsir edəcək. Bu zaman neft qiymətlərində enmə müşahidə olunacaq”. Ekspert bildirir ki, neft qiymətləri 70 dollar və üzərində olacaq. Qiymətin necə qalacağı dövlətlərin verəcəyi qərarlardan asılıdır. ABŞ tarif müharibəsini bir az yumşaldarsa, fond bazarlarında sabitləşmə olarsa, neft qiymətlərində sıçrayışlar olacaq.
Ekspert dünyadakı proseslərin Azərbaycan üçün nəticələrinə də toxunub. O hesab edir ki, neftin qiymətlərindəki kəskin enmə davamlı olarsa, bu, büdcəyə yenidən baxılma zərurəti yarada bilər. Bütün hallarda bizdə də hasilatda azalma baş verir. Yanvar-fevralda 4,5 milyon ton neft hasil edilib. 2024-cü ilin eyni dövründə bu rəqəm 4,8 milyon idi”.
“İqtisadi siyasətə yenidən baxılmalıdır”
İqtisadiyyat üzrə fəlsəfə doktoru Emin Qəribli isə düşünür ki, bu proseslərin ölkəmizə mənfi təsir etməməsi üçün iqtisadiyyatımızı şaxələndirməliyik: “Neftin qiymətinin azalması tələbatla bağlıdır. İstənilən halda, dünya iqtisadiyyatı belə hallara hazırlıqlı olmalıdır. Tələbat normallaşsa qiymətlər də stabilləşə bilər. Bizim iqtisadiyyatımız da neft və qazdan asılıdır. Neft qiymətlərindən asılı olmamaq üçün iqtisadi siyasətə yenidən baxılmalıdır”.
Zərif Salmanlı
