• cümə, 22 Noyabr, 08:51
  • Baku Bakı 14°C

“Əməkdaşlığımız bütün sahələri əhatə edir”

08.07.23 02:00 6260
“Əməkdaşlığımız bütün sahələri əhatə edir”

Branko Zebiç: “Azərbaycanda olduğu kimi Xorvatiyada da oxşar problem var idi, Qarabağ boyda ərazidə minalar basdırılmışdı. Buna görə də Xorvatiyanın bu sahədə təcrübəsi Azərbaycan üçün olduqca əhəmiyyətlidir”.

Xorvatiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlər bütün sahələr üzrə inkişaf edir. Hər iki dövlət ikitərəfli əməkdaşlığın daha da genişlənməsində maraqlıdır. Xorvatiyanın Azərbaycandakı ilk fövqəladə və salahiyyətli səfiri Branko Zebiç “Kaspi”yə müsahibəsində bu istiqamətdə görüləcək işlərdən danışıb.

Qarşılıqlı əlaqələrin önəmi

- Cənab səfir, siz Xorvatiyanın Azərbaycanda ilk səfiri kimi xüsusilə xalqlar arasında əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunuzu demisiniz. Hazırda əməkdaşlıq hansı sahələri əhatə edir?

- Bizim əməkdaşlığımız bütün sahələri əhatə edir, buna görə də heç birini fərqləndirmək istəməzdim. Vurğulamaq istərdim ki, bu əlaqələr 2013-cü ildə Xorvatiya Prezidenti ilə Azərbaycan Prezidenti arasında imzalanmış strateji tərəfdaşlıq sazişi əsasında formalaşır. 2019-cu ildə - biz səfirliyi açandan bəri Xorvatiyanın iki xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlib. Hazırda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Zaqrebə rəsmi səfəri gözlənilir. Ən önəmli məqam budur ki, 2018-ci ildə Prezident İlham Əliyevin Zaqrebə rəsmi səfərindən sonra bu il ərzində Xorvatiyadan da Azərbaycana yüksək səviyyəli rəsmi səfər gözlənilir. Rəsmi səfərlərin bu sıxlıqda davam etməsi Azərbaycan- Xorvatiya dövlətlərinin qarşılıqlı əlaqələrə nə dərəcədə önəm verməsinin göstəricisidir. Son illərdə müxtəlif beynəlxalq forumlar, məsələn, Davos Zirvə toplantısı çərçivəsində keçirilən görüşlər də sübut edir ki, hər iki dövlət əlaqələrin yüksək səviyyədə saxlanmasına diqqət yetirir.   
İqtisadi əməkdaşlığa gəlincə, ticarət dövriyyəsi keçən il 1 milyard 250 milyon ABŞ dolları civarında olub. Bu rəqəmin bu qədər yüksək olmasında əsas səbəb Azərbaycan neftinin Xorvatiyaya ixrac olunmasıdır. Həmçinin, başqa məhsullar üçün də ticari əməkdaşlıqlar həyata keçirilir. Səfirlik Xorvatiyanın qida məhsullarının Azərbaycan bazarlarına çıxarılması ilə bağlı ölkənin müxtəlif nazirlik və şirkətləri ilə əməkdaşlığa çalışır. İdman və mədəniyyət sahələri üzrə də əməkdaşlıq davam edir. Biz hər üç ildən bir mədəni sahədə əməkdaşlığa dair memorandum imzalayırıq. Təəssüf ki, hazırda böyük layihələr yoxdur. Amma il ərzində bir neçə dəfə səfirliklər vasitəsilə mədəni mübadilə həyata keçiririk. Əlbəttə, böyük mədəni tədbirlərin  keçirilməsində maddi məsələlər də rol oynayır. Səfirlik gələcəkdə geniş miqyasda sərgilərin həyata keçirilməsinə dəstək göstərməyə çalışacaq.  

İqtisadi əməkdaşlığın şaxələndirilməsi

- İki ölkə arasında iqtisadi əlaqələrə toxundunuz. Müştərək investisiya layihələri mövcuddurmu?

- Hələ ki qarşılıqlı investisiyalar yoxdur. Hesab edirəm ki, qarşıda duran əsas vəzifə iqtisadi əməkdaşlığın şaxələndirilməsidir. Buna nail olduqdan sonra investisiyalar haqda danışmaq olar. 

Qarabağda mina təmizlənməsi

- Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma işlərində Xorvatiya şirkətləri də yer alıb. Bu istiqamətdə hansı işlər görülüb?

- ANAMA və Xorvatiya Minaların Təmizlənməsi Təşkilatı uzun illərdir ki, əməkdaşlıq edir. Azərbaycanda olduğu kimi Xorvatiyada da oxşar problem var idi, Qarabağ boyda ərazidə minalar basdırılmışdı. Buna görə də, Xorvatiyanın bu sahədə təcrübəsi Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Hazırda Xorvatiyanın  minalardan təmizləmə üzrə avadanlıqlarının Azərbaycana idxal olunması ilə bağlı əməkdaşlıq davam edir. Xorvatiya bu onilliklər ərzində minalardan təmizlənmə üzrə texnologiyaların təkmilləşdirilməsi üçün də çalışır. Bu əməkdaşlıq çərçivəsində məşhur DOK-İNG şirkətinin mina təmizləmə üzrə 15-ə yaxın maşınını Qarabağda görmək mümkündür. Eyni zamanda, oxşar adlı DOK-İNG Minalardan Təmizləmə şirkəti minaların axtarılması üçün xüsusi təlim keçmiş itlər göndərir. Bir neçə başqa Xorvatiya şirkəti də Azərbaycana köməklik göstərir. 

Tələbə mübadiləsini artırmaq

- Hazırda azərbaycanlı gənclər Avropanın qabaqcıl universitetlərində oxumağa maraqlıdırlar. Bu ali məktəblər arasında Xorvatiya universitetlərinin adına rast gəlinmir. Bu baxımdan, təhsil, elm və texnologiya sahələrində yeni müqavilələrin hazırlanması üzərində danışıqlar aparılırmı? Hər hansı təqaüd proqramları nəzərdə tutulurmu?

- Səfirlik olaraq universitetlər arasında memorandumların imzalanmasına təşəbbüs göstəririk. Məsələn, Azərbaycan Dillər Universiteti ilə Zaqreb Universitetini arasında memorandum imzalanıb və bəzi mübadilələr həyata keçirilib. Səfirlik ADA universiteti ilə Zaqreb İqtisadiyyat Məktəbi arasında anlaşma imzalanmasında köməklik göstərib və bunun sayəsində tələbə mübadiləsi həyata keçirilir. Belə anlaşmaların imzalanması fakültələr və ümumilikdə universitetlər arasında tələbə mübadiləsinin daha da sürətlənməsinə kömək edəcək. Həmçinin ADA Universiteti ilə Xorvatiyanın Varajdin şəhərində yerləşən fakültə arasında IT və kompyuter elmləri sahəsi üzrə tələbə mübadiləsinin həyata keçirilməsi üçün də addımlar atılır. Xorvatiya universitetləri IT üzrə olduqca yüksək yerlərdə qərarlaşıblar. Ötən həftə səfirlik Zaqreb Tibb Məktəbinə əməkdaşlıq çərçivəsində azərbaycanlı tələbələrə təklif olunacaq proqramın hazırlanması üçün məktub göndərib. Bu da azərbaycanlı tələbələrə gələcəkdə təhsil proqramlarını qurmaqda kömək edəcək. Tibb sahəsi Xorvatiyada çox inkişaf edib və Avropada da yüksək qiymətləndirilir. Təəssüf ki, biz təhsil sahəsində başqa Şərqi Avropa ölkələri ilə rəqabət apara bilmirik. Burda bir növ sovet dövründən qalma ənənələr də rol oynayır. Gənclər rus dilini bildikləri üçün daha çox bu dildə danışılan ölkələrə üz tuturlar. Digər məsələ isə Xorvatiyanın rəqabəti gücləndirmək üçün tələbələrə dəstək olmaq, təqaüd yardımları vermək və s. kimi xüsusi maliyyə planının olmamasıdır. Səfirlik təhsil sahəsində əməkdaşlığın vacibliyini nəzərə alaraq memorandumların sayını artırmağa çalışır. Bu əməkdaşlıq əsasında təhsil alan və məzun olan tələbələr bir növ iki ölkə arasında körpü rolunu oynayır. Bu baxımdan, gələcəkdə səfirlik üçün ən önəmli prioritetlərdən biri də tələbə mübadiləsini artırmaq olacaq.

Turistlərin artımını gözləyirik

-  Bu yaxınlarda Bakıda Xorvatiya turizminin təqdimatı keçirildi. Paytaxtımızda Xorvatiyanın turizm mərkəzinin də açılması planlaşdırılır. Ümumiyyətlə, turist mübadiləsi hansı səviyyədədir?

- Pandemiya səbəbindən bir qədər gec olsa da, biz, nəhayət, Xorvatiya turizm potensialının Azərbaycanda təqdimatına nail olduq. Bu təqdimat azərbaycanlı jurnalist, bloqer və influenserlər üçün keçirildi. Biz artıq bunun ilkin  bəhrəsini görə bilirik. Artıq viza üçün daha çox vətəndaş müraciət etməyə başlayıb. Hər il  təxminən 2000-ə yaxın Azərbaycan vətəndaşı Xorvatiyaya səyahət edir. Biz təqdimatdan sonra bu rəqəmlərin artmasını gözləyirik. Yalnız çarter reyslərinin təqdimatından sonra iki ölkə arasında turistik əlaqələrin daha da genişlənməsini gözləmək mümkündür. Xorvatiyanın Bakıdakı Səfirliyi və Xorvatiyanın turistik ofisinin çarter reyslərinin təşkili ilə bağlı təklifinin gələn ildən həyata keçirilməsi gözlənilir. Həmçinin xorvatiyalı turistlərin də Bakıya gəlişində artım yaranıb. Nəzərə almaq lazımdır ki, Qarabağda artıq müharibə başa çatıb və Xorvatiya sakinləri Azərbaycan təbiəti, paytaxt şəhərinin gözəlliyi haqda daha çox məlumatlara sahibdirlər. Bu da səyahətçilərin artmasına kömək göstərir. Biz turizmi təkcə iqtisadiyyatın bir qolu deyil, xalqlararası ünsiyyət vasitəsi, iki ölkənin qarşılıqlı əlaqələrinin hər bir sahədə inkişafı üçün vacib hesab edirik.  

Viza prosesinin uzanması

- Hazırda Azərbaycan vətəndaşlarına Şengen zonasına daxil olan bir sıra ölkələrin səfirlikləri tərəfindən viza verilməsində bəzi çətinliklər yaşanır. Xorvatiya Səfirliyinin bu kontekstdə mövqeyi necədir?

- Təəssüf ki, viza verilməsi ilə bağlı  dediklərinizdə həqiqət var. Xorvatiya 2023-ci  yanvarın 1-dən Şengen zonasına daxil olub. Bunun nəticəsində əvvəllər olduğu kimi proses sadə başa gəlmir. Bundan əvvəlki illərdə Xorvatiya Səfirliyi bir və ya iki günə vizalar hazırlaya bilirdi. Amma Şengen zonasına daxil olmaq üçün şərtlər və qaydalar bir qədər fərqlidir. Çünki Şengen zonasına aid olan digər ölkələrdə də müraciətçinin müraciəti təsdiqlənməlidir. Bu da bir növ prosesin uzanmasına gətirib çıxarır. Eyni zamanda, Xorvatiya Şengen zonasına daxil olandan sonra müraciətçilərin sayında artım müşahidə olunur. Bununla yanaşı, Azərbaycandan iş üçün müraciət edənlərin sayında da artım var. Prosesin uzanmasına dünyanın hazırda üzləşdiyi miqrant problemi də təsir edir. Amma biz hesab edirik ki, bu, müvəqqəti xarakter daşıyır. Ümid edirəm ki, yaxın gələcəkdə problem aradan qalxacaq və Azərbaycan vətəndaşları bir ay və daha artıq gözləməli olmayacaqlar.

- Cənab səfir, Azərbaycanda çalışdığnız müddətdə ölkəmizin turizm potensialına nə qədər bələd olmuşunuz?

- Demək olar ki, Azərbaycanın hər yerində olmuşam. Təkcə Azərbaycanın işğaldan azad olan ərazilərinə 6 dəfə səyahət etmişəm. Azərbaycanın bir-birindən gözəl yerləri var. Əlbəttə, ilk növbədə Şuşanı və Qarabağ regionunu, daha sonra Şəki-Zaqatala bölgəsini fərqləndirərdim. Lənkəran da çox gözəldir.       

Təranə Məhərrəmova

Fotolar: Rüfət Mikayılov/Global Media Group

banner

Oxşar Xəbərlər