• cümə axşamı, 20 mart, 18:24
  • Baku Bakı 7°C

Makrona zəng, sərhəddə atəş səsləri

20.03.25 04:20 139
Makrona zəng, sərhəddə atəş səsləri

Erməni baş nazir Nikol Paşinyan əldə edilən sülh razılaşmasının məntiqi sonluqla yekunlaşması əvəzinə, yenidən köhnə ampluasına qayıdıb. Nikol Paşinyan bir neçə gün ərzində yenidən telefona sarılaraq, ardıcıl şəkildə Rusiya, İran və Fransa prezidentlərinə zəng edib.

Azərbaycan və Ermənistan arasında uzun sürən danışıqlardan sonra sülh sazişi mətninin bütün maddələri üzrə razılıq əldə olundu. Təbii ki, bu məsələdə Bakının israrlı mövqeyi və tələbləri fonunda razılaşdırılan maddələr bölgədə davamlı sülh və sabitliyin təminini hədəfləyir. Lakin bu, iki ölkə arasında bütün problemlərin həlli və sülhə mövcud təhdidlərin tam aradan qaldırılması anlamına da gəlmir. İndi İrəvanın atacağı daha mühüm addımlar var: ölkəmizə qarşı ərazi iddialarının təsbit edildiyi konstitusiyanın dəyişdirilməsi və artıq mövcudluğu heç bir əhəmiyyət kəsb etməyən Minsk Qrupunun buraxılmasını təmin etmək. Bu iki məqam Ermənistan rəhbərliyi, xüsusilə də baş nazir Nikol Paşinyandan siyasi iradə və qətiyyət tələb edir. 

Telefon marafonu

Təəssüf ki, erməni baş nazir əldə edilən bu razılaşmanın məntiqi sonluqla yekunlaşması əvəzinə, yenidən köhnə ampluasına qayıdıb. Paşinyan bir neçə gün ərzində telefona sarılaraq ardıcıl şəkildə Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Məsud Pezeşkian və Fransa prezidenti Emmanuel Makrona zəng edib. Sözdə bu danışıqlarda sülh sazişi ilə bağlı yekun qərarın müzakirə edildiyi bildirilir. Lakin siyahıya nəzər salmaq kifayətdir ki, Paşinyanın hər üç ölkədən başqa istəklərinin olduğunu iddia edək. Ən azından, Moskva, Tehran və Parisin iki ölkə arasında sülhün əldə olunması ilə bağlı yaşanan prosesə müdaxilələrini xatırlatmaq kifayətdir. Hansı ki, hər belə müdaxilə sülh prosesini aylarla çıxmaza sürükləyirdi. 

Belə görünür ki, indi də Paşinyanın məqsədi köhnə havadarlarından yardım alaraq, prosesi öz xeyrinə dəyişmək cəhdidir. Nikol özlüyündə Bakını “fakt” qarşısında qoymaqla Rusiya və İranın timsalında regional, Fransanın timsalında isə Avropanın dəstəyini arxasına almaqla sülh yolunda başlıca maneə sayılan konstitusiya dəyişikliyi məsələsini arxa plana keçirmək istəyir. 

Paşinyanın unutduğu məqamlar

Amma Paşinyanın unutduğu bir neçə məqam var ki, xatırlatmaq yerinə düşər. Bu gün zəng edib dəstək axtardığı heç bir dövlət İrəvanın arxasında dayanmaq və ya bu prosesə yetərincə zaman ayırmaq imkanında və istəyində deyil. Hər birinin gündəmini kifayət qədər məşğul edən ciddi problemlərin olduğunu nəzərə alsaq, Paşinyanın dönüb-dolaşıb üz tutacağı ünvan yenə də Bakı olacaq.  
İkincisi, İrəvan bir neçə dəfə sülh danışıqları prosesini fərqli platformalara çıxartmaqla hansısa üstünlük əldə etməyə cəhd göstərsə də, bütün bunlar tam iflasla nəticələndi. Moskva, Brüssel və Vaşinqton formatları bunun əyani sübutudur. Yeri gəlmişkən, bu formatların iki əsas oyunçusu məhz erməni baş nazirin indi əlaqə saxladığı dövlətlərdir. 

Üçüncüsü, bu zamana qədər sülh danışıqlarında əldə olunmuş bütün nailiyyətlər, həmçinin yekun sülh sazişinin mətni də Bakının irəli sürdüyü və İrəvanın razılaşmaqdan başqa çarəsinin qalmadığı ikili danışıqlar formatının nəticəsidir. 

Makrona zəng, sərhəddə atəş səsləri

O zaman sual olunur: Paşinyanın ardıcıl zənglərinin və Bakının əsas iki tələbinin yerinə yetirilməsində tərəddüdünün səbəbi nədir? Erməni baş nazir nədən narahatdır? Bu, bir tərəfdən erməni baş nazirin iqtidarına qarşı ölkə daxilində artan narazılıqlarla bağlıdırsa, əsas məqam yenə də dəyişməz olaraq qalır: erməni xisləti. Rəsmi Bakı açıq şəkildə bəyan edir ki, İrəvana olan etimad sıfıra bərabərdir. Bu bəyanat səbəbsiz də deyil. Sülh mətninin razılaşdırılmasından üç gün keçməmiş şərti sərhəddə bir gündə üç dəfə mövqelərimiz atəşə tutulur. Qarşı tərəfdə hərbi postlarda yenidən hərəkətlilik qeydə alınır. Vurğulamaq yerinə düşər ki, son razılaşdırılan maddələrdən biri sərhəddə üçüncü dövlətlərin nümayəndələrinin olmaması ilə bağlıdır. Göründüyü kimi, Paşinyanın Makrona və digərlərinə zəngindən sonra sərhədimizə göndərilən Avropa casuslarından ibarət müşahidə missiyası üçün yenidən fəaliyyət dairəsi formalaşdırılır. Belə bir məqamda əldə olunan razılaşmanın mürəkkəbi qurumamış erməni xisləti yenidən özünün əsl simasını göstərir.

“Sülhməramlı missioner” obrazı

Bu səbəbdən, Paşinyanın “sülhməramlı missioner” obrazı real faktlar qarşısında bir daha uğursuzluğa məhkumdur. Son günlərdə yaşananlar bir daha Bakının konstitusiya dəyişikliyi və ərazi iddialarına birbaşa son qoyulması ilə bağlı tələblərinin nə dərəcədə əsaslı olduğunu göstərir. Yarımçıq sülh ona başlıca əngəl yaradan və 30 illik münaqişəyə rəvac verən əsas səbəb ortadan qaldırılmadan adi kağız parçasından başqa bir şey deyil. Orada erməni baş nazirin imzası olsa belə. Çünki sülh şəxslər yox, dövlətlər arasında imzalanır. Bu gün erməni baş nazir Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və heç bir iddiasının olmadığını bəyan etsə də, ölkəsinin əsas qanunu bunun əksini diktə edir. Məhz bu səbəbdəndir ki, sülh sazişinin imzalanması üçün öncə ona davamlı və dönməz mahiyyət verəcək şərait formalaşmalıdır. Bu şəraitin yaradılması isə Bakıdan yox, İrəvandan asılıdır. Bölgə üçün bu cür həssas bir məqamda telefon diplomatiyasındansa real addımlar atmaq Paşinyanı (əgər həqiqətən istəyirsə - red.) yekun sülhə daha çox yaxınlaşdıracaq. Bunun yolu isə Bakı ilə ikitərəfli danışıqlar formatı çərçivəsində, heç bir kənar müdaxilə olmadan dialoqu davam etdirməkdir. 

Azad Əliyev

banner

Oxşar Xəbərlər