• cümə, 29 Mart, 00:03
  • Baku Bakı 7°C

Küçələrdə batan məhsul

18.06.22 04:30 2703
Küçələrdə batan məhsul

Bir çoxları hesab edirlər ki, yol kənarında bitən ağacların barı toplanmalı və istehsala yönəlməlidir. Ancaq ekspertlər bu fikirlə razılaşmırlar. Onlar iddia edirlər ki, o ağacların məhsulu ekoloji cəhətdən yararlı deyil. Üstəlik... 

Meyvə mövsümündə paytaxt Bakıda və regionlarda yolun kənarında xeyli sayda və müxtəlif növ meyvə ağaclarına rast gəlmək olar. Bu meyvələrdən yol kənarından keçən və ərazidə yaşayan sakinlər istifadə edirlər. Xüsusilə, uşaqlar bu meyvələri toplayıb yeməkdə daha çox maraqlı olurlar. Amma yol kənarındakı tut, ərik, qoz, fındıq və digər bu kimi ağacların meyvələri əksər hallarda tökülüb yerlə bir olur və demək olar ki, israf olunur. Maraqlıdır, küçələrdə batıb gedən bu məhsuldan yararlanmaq olmazmı? Xarici təcrübə necədir? Axı xarici ölkələrdə də küçə boyu bar verən ağaclar çoxdur.  Onlarda da bu məhsul israf olunur, yoxsa... Ola bilsin ki, xarici ölkələrdə yol kənarında bitən bu ağacların meyvələri toplanaraq istehsala yönləndirir. Azərbaycanda isə yalnız zeytun yığımı mövsümündə buna rast gəlirik. İnsanlar zeytunu toplayıb istehsal müəssisələrinə təhvil verirlər. Ancaq misal üçün, tuta yiyə çıxan yoxdur. Bakının küçələrində isə tut ağacları bəs deyincə. Bol məhsulu da olur. Amma təəssüf ki, bu məhsul ancaq küçələri çirkləndirir. Bir də tək-tük insanlar ağızlarına bir-iki tut atıb damaq dadını dəyişirlər, vəssalam. Ancaq tut istehsala yönəldilsə, ondan nə hazırlamaq olmaz ki... Bəhməz, mürəbbə, tut qurusu və s. 

Faydalı və təhlükəli tərəfləri 

Bəlkə, ümumiyyətlə səhv düşünürük, küçələrdəki ağacların meyvələri ekoloji cəhətdən yararlı deyil? Bir çox mütəxəssislər yabanı halda bitən meyvələrin insan orqanizminə ziyan olduğunu deyirlər. Onların fikrincə, faydalı aktiv maddələr yol kənarında bitən ağacların meyvələrində yox səviyyəsindədir. Meyvənin yetişməsi üçün becərilməsi və suvarılması önəmli hesab olunur. Küçələrdəki ağaclarda isə meyvə kortəbii yolla yetişir. Üstəlik, avtomobillərlə yaxın təmasda olduğundan, ekoloji cəhətdən də faydalı hesab olunmur. Lakin faktiki olaraq, göz görə-görə hər il tonlarla məhsul küçələrdə batıb gedir. Bəs görəsən, ekspertlər bu məhsuldan istifadəni məqbul hesab edirlərmi? Küçələrdə yetişən meyvələrin insan orqanizmi üçün hansı faydalı və təhlükəli tərəfləri var? Ümumiyyətlə, bu məsələ meyvəçilikdə hansı əhəmiyyəti kəsb edir? Bütün bu suallara mütəxəssislərdən cavab aldıq.

“Gigiyenik cəhətdən düzgün deyil”

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov bildirdi ki, yol kənarında yetişən meyvələrin toplanıb istehsala göndərilməsi mümkün deyil: “Təbii ki, bu, bütün meyvələrə şamil olunmur. Misal üçün, indi mövsümə uyğun olaraq tutun toplanması və ondan nə isə hazırlamaq gigiyenik cəhətdən düzgün deyil. Çünki avtomobillərdən havaya buraxılan dəm qazları bu meyvələrin üzərinə oturur və bu səbəbdən də yol kənarında bitən tutun yeyilməsi məsləhət deyil. Tutdan fərqli olaraq qoz, fındıq kimi meyvələr istehsala yönəldilə bilər. Çünki bu meyvələr qabıqlıdır və heç bir təhlükə yoxdur”.

“Emalın həcmi çox kiçikdir”

Kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli bildirdi ki, yol kənarlarında olan məhsullar ciddi iqtisadi potensiala sahib deyil. Çünki yol kənarında bitən meyvələrin növü müxtəliflik təşkil etmir, əsasən, ənənəvi ağaclar olur. Bundan da əksər hallarda ərazidə yaşayan sakinlər istifadə edir. Həmin sakinlər, ola bilər ki, qeyd etdiyiniz tut, ərik, qoz və digər meyvələrdən bəhrələnsinlər. Eyni zamanda da sakinlər həmin meyvələri kustar üsulla emal edirlər. Bu emalın da həcminin çox kiçik  olduğu qənaətindəyəm”.

C.İbrahimli vurğuladı ki, ümumilikdə ölkədə meyvə və giləmeyvə istehsalına marağın artırılması və itkilərin minimum səviyyəyə salınması üçün regionların potensialına uyğun emal müəssisələrinin yaradılması vacibdir: “Bunun üçün də lazımi addımlar atılmalıdır. Bir daha qeyd edim ki, yol kənarındakı meyvələrin məhsuldarlıq potensialı çox aşağıdır və bu, bir o qədər əhəmiyyət kəsb etmir”.

Bəxtiyar Məmmədli 
   

banner

Oxşar Xəbərlər