çərşənbə axşamı, 05 iyul, 23:10

Baku Bakı 30°C

Kriminal və şou-biznes hesabına itən auditoriyalar

icon 1932 icon 18 may 2013 | 09:02 Kriminal və şou-biznes hesabına itən auditoriyalar

Azərbaycan qəzetlərinin saytlarında və İnternet portallarında vəziyyət “ruscadır”. Dünən Azərbaycanın ən çox tanınan və ən çox oxunan 10-a yaxın saytında apardığımız kiçik bir araşdırma bu qənaətə gəlməyimizə səbəb oldu. Saytlarda yazıların reytinqini “ölçən” “top-beşliy”ə və “top onluğ”a baxdıq ki, görək Azərbaycan oxucusunun marağına səbəb olan xəbərlər hansılardır. Azərbaycan oxucusu daha çox hansı mövzuları oxuyur, yaxud da Azərbaycanın İnternet saytları daha çox hansı yazılara üstünlük verir və hansı yazıları ilə oxucuları cəlb edirlər. Amma nəticə heç də ürəkaçan deyil. Məlum oldu ki, tanınmış qəzet saytları və İnternet portallarının 99 faizində kriminal xəbərlər reytinqdə 1-ci yerdədir. Özü də əgər qətlə yetirmə varsa, kriminal xəbərlərin başlığında mütləq “dəhşətli qətl” sözü olmalıdır. Bir də kriminal xəbərlər arasında kiçik yaşlı uşaqların, məktəblilərin zorlanması xüsusi yer tutur. Kriminal xəbərlərin “top-10-luq”da birinci olması ilə yanaşı, reytinqdəki xəbərlərin tam olaraq yarısını da bu tip informasiyalar təşkil edir. Sonrakı yerləri isə şou-biznes, sağlamlıq, astroloji və intim həyatla bağlı xəbərlər tutur.
“Elə bilirlər jurnalistika ilə məşğuldurlar”
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) rəhbəri Azər Həsrət bizimlə söhbətində bildirdi ki, sensasion, qeyri-adi xəbərlər ona görə oxucuların diqqətini cəlb edir ki, bunlar alışılmamış, baş verməməsi lazım olan olaylardır: “Hər gün rastlaşdığımız hadisələr, problemlər var ki, sensasion olaylardan qat-qat faydalıdır, amma saytlar bu cür hadisələr haqqında xəbərləri az verirlər. Təəssüflər olsun ki, bu, bir reallıqdır ki, oxucular hansısa müğənninin geyimi, insan öldürülməsi ilə bağlı xəbərləri daha çox oxuyurlar. Bu marağın inkişaf etməsində biz jurnalistlərin böyük rolu var. Çünki biz özümüz də çox zaman oxucunu, tamaşaçını cəlb etmək üçün sensasiya ardınca qaçırıq. Nəticə etibarilə bundan cəmiyyət itirir”.
A.Həsrətin fikrincə, bu cür xəbərlərə marağın çox olmasının səbəbi təkcə oxucunun sensasion xəbərlərə qaçması deyil: “Bu gün maraqlı araşdırmalar, reportajlar saytlarda yer almır. Çünki sözügedən janrlar peşəkarlıq tələb edən sahələrdir. Təəssüflər olsun ki, bu gün jurnalistikada jurnalistikanın əlifbasından belə xəbəri olmayan çoxlu sayda insan çalışmaqdadır. Həmin adamlar hansısa müğənninin rəsmini çəkib internet saytında yerləşdirməklə, yaxud hansısa polis orqanından əldə etdiyi xəbəri sayta verməklə elə bilirlər ki, jurnalistika ilə məşğuldurlar. Bir tərəfdən, toplumun özünün əxlaqının, tərbiyəsinin pozulması bunda rol oynayırsa, digər tərəfdən dediyim kimi, jurnalistikada gerçək jurnalistikadan xəbəri olmayanların işləməsi faktoru var”. Amerika və aparıcı Avropa mətbuatından misal çəkən CASCFEN rəhbəri dedi ki, orada xəbərlər arasında sərhəd var: “Qeyri-adi, sensasion xəbərlərə üstünlük verən, xüsusilə şou-ulduzlarla bağlı reportajlar hazırlayan, xəbərlər yayan KİV-lər birmənalı şəkildə sarı mətbuat kateqoriyasına aid edilir və hamı bilir ki, bu, sarı mətbuatdır, qeyri-ciddidir. Məsələn, “New-York Times” kimi nüfuzlu bir qəzet bizdəki kimi ölüm xəbərini sensasion şəkildə deyil, quru bir xəbər kimi təqdim edir. Bizdə isə, əksinə, insanların duyğularına, hisslərinə xitab edəcək şəkildə xəbəri “dəhşətli qətl hadisəsi” başlığı ilə verirlər. Yəni qətl hadisəsinin qarşısına mütləq “dəhşətli” sözünü də əlavə edirlər. Halbuki normal, ciddi mediada “dəhşətli” sözünü yazıb təəccübə səbəb olmaq, insanların hissini istismar etmək yolverilməzdir. Dünya mətbuatında bu sərhədlər cızılıb. Azərbaycanda isə təəssüflər olsun ki, çox zaman ciddi saydığımız qəzetlərdə belə sarı mətbuatın elementləri üstünlük təşkil edir. Bu da ümumilikdə oxucuların səviyyəsinin aşağı düşməsinə səbəb olur”.
Bizdə qarışıq sistemdir
Azərbaycan Jurnalist Həmkarları İttifaqının sədri Müşfiq Ələsgərli isə bildirdi ki, hər bir xəbərin, hər bir yazının özünün auditoriyası var: “Amma təəssüflər olsun ki, bizim redaksiyalar ucuz xəbərlərin və perspektivi olmayan gəlirin arxasınca qaçırlar. Doğrudur, o cür şou-xəbərlər müəyyən mənada gəlirli olur. Amma nəzərə almaq lazımdır ki, onun hesabına digər auditoriyalar itirilir. Bu, hesablama olmadan, menecment işi yaxşı qurulmadan, bazar yaxşı öyrənilmədən atılmış addımlardır. Bu da sonda məlum fəsadlara gətirib çıxarır. İnkişaf etmiş ölkələrdə mətbuat sahələri fərqlənir. Şou-xəbərlərə, ara xəbərlərinə yer verən KİV-lər başqa, ciddi mətbuat isə başqa olur. Adamlar hansı növ xəbəri harada tapacaqlarını bilməlidirlər. İctimai-siyasi mühitdən yazan redaksiyalar isə kriminalla, şou-bizneslə oxucu sayı artırmalı deyil, ictimai-siyasi mühitin incəliklərinə qədər materiallar verərək öz oxucularını cəlb etməlidirlər. Bizdə bir az qarışıq sistemdir. Bəzən ictimai-siyasi qəzet adıyla nəşr olunan KİV sarı mətbuat kimi, daha bayağı çıxır. Bir sözlə, ölkəmizdə KİV-in təsnifatı yaxşı aparılmayıb. KİV redaksiyaları ümumi şəkildə fəaliyyət göstərirlər. Hansı ki, kriminal, şou-biznes qəzetləri ayrı olmalıdır. Amma bizdə bazarın arxasınca qaçıb belə mövzulara yer verirlər. Nə qədər ki, bizdə qarışıq sistemdir, məncə bu, davam edəcək”.
Lalə Musaqızı