• bazar, 24 Noyabr, 05:22
  • Baku Bakı 13°C

“Kosmosu yox, risklərini idarə edə bilərik” - MÜSAHİBƏ

15.04.23 05:30 2734
“Kosmosu yox, risklərini idarə edə bilərik” - MÜSAHİBƏ

“Peyklər olmasaydı qlobal səviyyədə televiziya olmazdı, naviqasiya sistemləri işləməzdi. Düzgün şəhərsalma sistemi çətinləşərdi. Müşahidə peykləri ekoloji problemlərin həllində də çox əhəmiyyətli yer tutur. Meteoroloji peyklər olmasaydı 2 həftə sonra havanın necə olacağını haradan biləcəkdik?” 

2013-cü ildə Azərbaycanın ilk peyki – Azerspace-1 orbitə buraxıldı. Ölkəmizin kosmik sənayesində yeni səhifə açıldı. Artıq 10 ildir ki, orbitdəyik. Hazırda 2 telekommunikasiya və 1 Yerin müşahidəsi peykimiz var. Bu peyklər ölkəmizə hansı üstünlükləri verir? Onların iqtisadi, strateji, sosial faydaları hansılardır? Müsahibimiz Azərbaycanın Kosmik Agentliyində (Azərkosmos) Strategiya və Biznesin inkişafı departamentinin rəhbəri Natavan Həsənovadır

Peyklərimiz yerli mütəxəssislər tərəfindən idarə olunur

- Natavan xanım, Azərbaycan hazırda kosmik fəzanı fəth edir. Ölkəmiz üçün bunun faydaları nədir? Peykin gətirdiyi gəlir xərclərini üstələyirmi?

- Gəlirdən əlavə, bu, ölkə üçün strateji əhəmiyyət daşıyır. 2 telekommunikasiya və 1 Yerin müşahidəsi peykinin faydaları çox olub. Bu gün milli TV və radio kanallarımız peyklərimiz üzərindən HD formatında yayımlanır. Bu, birbaşa informasiya təhlükəsizliyimizə töhfə deməkdir. Əlavə olaraq, kosmik arenada peyk ölkəsi kimi tanınırıq. Ölkəmiz bu il Beynəlxalq Astronavtika Konqresinə hazırlaşır. Peykin sosial-iqtisadi faydaları da çoxdur. Burada rol “Azersky” peykinin üzərinə düşür. Peyk təsvirlərini qurumlara təqdim edirik. Hazırda 4 strateji bitki məhsulunun proqnozlaşdırılmasında “Azersky”dan istifadə edilir. Peyk təsvirlərindən iqlim dəyişikliyi ilə bağlı mübarizədə - torpaqların şoranlaşması, meşə yanğınları, quraqlıq, su resurslarının ölçülməsində də yararlanırıq.

- Peykin istifadə olunmasında əvvəllər xarici mütəxəssislərin əməyindən istifadə edilirdi. Bizdə olan məlumata görə, son vaxtlar artıq bu işlər həmyerlilərimizə həvalə olunub. Bu proses necə baş verdi?

- Əvvəllər bizdə “peyk mühəndisliyi”, “peyk əməliyyatları mühəndisi” kimi peşələr yox idi. 2013-cü ildən sonra yarandı. Həmin dövrdə fəaliyyətimizə 30 əməkdaşla başlamışdıqsa, hazırda 200-dən çox əməkdaşımız var. Bu gün 42-dən çox ölkədə 200-dən çox şirkətlə əməkdaşlıq edirik. “Azərkosmos”un gəlirlərinin 90 faizindən çoxu ölkə xaricində formalaşır. Əvvəllər universitet məzunlarımızı Malayziyaya 6 aylıq kurslara göndərirdik. Ümumilikdə 25-ə yaxın mühəndis ezam edilmişdi. Onlar ölkəyə qayıtdılar və peyki idarə etməyə başladılar. O zamanlar bizə xarici ekspertlərin dəstəyi olurdu. İndi isə təlimləri öz mühəndislərimiz keçir və peyklərimiz yerli mütəxəssislər tərəfindən idarə olunur.

“44 günlük müharibədə hər gün təsvirlər çəkilirdi”

- Peyklərimiz 44 günlük Vətən müharibəsi zamanı da qələbəmiz üçün xeyli töhfələr verdi və dövlət başçısı da çıxışlarında bunu xüsusi vurğuladı. O günlər gördüyünüz işlər haqqında məlumat verə bilərsinizmi?

- Müharibədən əvvəlki illərdə də bununla bağlı töhfələr olub. 2019-cu ildə vaxtilə işğal altında olan torpaqlarımızda Ermənistan tərəfindən aparılan qeyri-qanuni fəaliyyətə dair BMT səviyyəsində qəbul edilən bir hesabat, qəsdən törədilən meşə yanğınları, faydalı yataqların istismarı, məskunlaşmalarla bağlı peyk təsvirlərindən sənədlər hazırladıq. Bu hesabatlarla qeyri-qanuni fəaliyyəti beynəlxalq səviyyədə göstərə bildik. Müharibə dövründə xüsusi işçi qrupu yaradıldı. Onlar 24 saat işləyirdi. Bu da təxribatların qarşısının alınmasına köməklik göstərirdi. Peyk bizim səmadan baxan gözümüz idi. 44 günlük müharibədə hər gün təsvirlər çəkilirdi. Hazırda böyük qayıdış çərçivəsində işlər görülür. 

Biz peykin həm pilotu, həm də cərrahıyıq

- Bəs bu peyklərə nəzarət necə həyata keçirilir? Nasazlıq və toqquşma riskləri ilə necə mübarizə aparılır? Həm milli peyklərimizə texniki xidmət, həm də bu sahə ilə bağlı beynəlxalq təcrübəyə dair suallarımızı isə Azərbaycanın Kosmik Agentliyində (Azərkosmos) çalışan peyk əməliyyatları mühəndisi Əsəd Həsənov cavablandırır: 

- Əsəd bəy, peyklərin istifadə sahələri haralardır?

- Əslində peykin missiyasını təyin edən onun istifadə sahələridir. Peyklər rabitə, yerin müşahidəsi, naviqasiya, elm, meteorologiya, texnoloji inkişaf, müdafiə, kosmos kəşfiyyatı, insanlı uçuş kimi bir neçə sahədə istifadə olunur. Kommersiya məqsədli peyklərə misal olaraq, telekommunikasiya sahəsində tətbiq olunan peykləri misal göstərmək olar. Yerin məsafədən müşahidəsi peykləri, naviqasiya peykləri də bu sahəyə aid edilə bilər.

“Peyklərin ömrü yanacağa görə təyin olunur”

- Peykin ömrü 15-20 il nəzərdə tutulub? Sonra onun aqibəti necə olur?

- Bu məsələdə texniki komandanın uçuş dinamikası qrupunun rolu xüsusi əhəmiyyət kəsb edir. Yəni, komanda qravitasiya prosesləri ilə işləməyi bacarırsa, o halda peykin ömrü uzanır. Peyklərin ömrü yanacağa görə təyin olunur. Yanacaq bitmək üzrə olarkən, təyin etdiyimiz rəqəmə çatdıqda, biz peykləri “kosmik tullantı” adlandırdığımız əraziyə göndəririk. Yəni onu orbitdən kənarlaşdırırıq. Çünki yanacağı qurtaran peyki hərəkət etdirmək mümkün deyil. Bu zaman qravitasiya onu özünə çəkməyə başlayır. Belə hal mövqe və orbitin itirilməsinə gətirib çıxarır ki, bu da facivəi nəticələrə səbəb ola bilər. Bu zaman orbitdə olan digər peyklərə toxuna, öz-özünə fırlanaraq, hansısa cisimlə toqquşa bilər. Ona görə də biz son yanacağı bitməmiş, onu kosmik tullantılar ərazisinə göndəririk. Ora çatanda da peyk söndürülür və ömrü bitir.

“Peykin geri qaytarılması əməliyyatı çətin prosesdir”

- Nə üçün peyk geri qaytarıla bilmir?

- Bunun bir çox aspektləri var. Peykin geri qaytarılması əməliyyatı çətin prosesdir. Məsələn, geri qaytardıq, onun orbitdə yanan hissələrini təmir edib, yenidən orbitə qaldıracaq raket düzəltməliyik. Bunu etmək iqtisadi baxımdan sərfəli deyil. Beynəlxalq Kosmik Stansiyada isə peyk ömrünü bitirdikdən sonra böyük bir əməliyyatla onun hissələrini ayırır və yerə endirirlər. Böyük cisimlərin orbitdə fırlanmağı arzuolunan deyil. Çünki kosmik tullantılar olan ərazidə də müəyyən qədər yer var ki, o yeri tuta bilməzsiniz. Amma digər peykləri geri qaytarmağın heç bir pozitiv tərəfi yoxdur.

Qiymətli metalların “basdırıldığı” qəbiristanlıq

- Əsəd bəy, “kosmos qəbiristanlığı” nədir? Onu necə təsvir edərsiniz?

- Kosmik tullantılar insanlar tərəfindən yaradılan, lakin artıq heç bir faydalı məqsədə xidmət etməyən Yer ətrafındakı orbitdə cisimlərin məcmusudur. İstifadəsi bitən peykləri bu əraziyə göndərirlər. Kosmos qəbiristanlığı hazırda çoxlu dəyərli metaldan ibarət yerdir.

- Bəs “kosmik qəbiristanlığ”ın limiti varmı? Nə vaxta kimi göndərmək mümkün olur?

- Bu hazırda kosmik sənayedə qlobal problemlərdən biridir. Kosmosun ekoloji təmizliyi barədə müzakirələr aparılır. Çünki artıq limitə az qalıb. Həmin ərazini təmizləmək üçün böyük kosmik agentliklər bu sahəyə investisiyalar ayırırlar. Bunlar könüllü tətbiq olunan investisiyalardır. Hədəf oranı təmizləməkdir. 

“Orbitdə istənilən peyk yad cisimlə toqquşa bilər”

- Dünyada minlərlə süni peyk kosmosa göndərilib. Bunların bir-biri ilə toqquşmaması necə idarə edilir? Ümumiyyətlə, göydən gələn yad cisimlərlə toqquşma ehtimalı varmı və bunun qarşısı necə alınır?

- Dünyada peyklərin toqquşma risklərinə nəzarət edən qurumlar fəaliyyət göstərir. Onların işləri beynəlxalq səviyyədə kosmik tullantılar və kosmik peykləri, orbitdəki bütün cisimləri izləməkdir. Bura hətta meteoritlər də daxildir. Onlar izləyir, Kosmik Agentliyə 1-2 həftə əvvəl məlumat göndərirlər ki, sizin peyklə cisim toqquşa bilər. O cisim haqqında da detallı məlumat verirlər. Bu məlumatlara əsasən, bizim uçuş komandası planlama hazırlayır. Biz də peyk əməliyyatları mütəxəssisləri olaraq onların hesablamalarına əsasən, peyki hərəkət etdiririk. Həmin toqquşma keçəndən sonra yenidən öz yerimizə qayıdırıq. Bu, beynəlxalq səviyyədə tənzimlənən prosesdir.

- Biz belə təhlükə ilə rastlaşmışıqmı?

- Orbitdə istənilən peyk, cisim nə iləsə toqquşa bilər. Biz də peyklərimizi 7-24 müşahidə edirik. O tip toqquşma məlumatları gələndə hazır olur, öncədən hazırladığımız plan üzrə təhlükəni aradan qaldırırıq.

- Peykin ömrünü yanacağı təyin edir dediniz. Peykə gedib yanacaq töküb geri qayıtmaq mümkündür? Peyklər hansı yanacaqla işləyir? Enerji təchizatı nədir və necə yenilənir?

- Peykin öz yanacaq tankı olur və o, əvvəlcədən əlavə edilir. Yanacağın da tipləri var. Cismin kütləsi artdıqca, kosmosa qalxanda xərci də artır. Siz 15 illik bir planlama edirsinizsə, 15 illik maye yanacaq istifadə edirsiniz. 20-25-50 illik planlama edirsinizsə, mühəndislər deyir ki, biz ion mühərriklərindən, elektroliz üsulundan istifadə edək. Bu da tamamilə sizin missiyanız və hədəfinizə görə dəyişir. Yəni peykə gedib yanacaq töküb geri qayıtmaq mümkün deyil. Çünki saniyədə təqribən 8 km sürətlə fırlanan cismə bərabərləşib, yanacaq töküb qayıtmaq olmaz.

“Kosmosu yox, risklərini idarə edə bilərik”

- Peykdə nasazlıq olma ehtimalı nə dərəcədədir və elə bir ehtimal olsa, necə təmir edilir?

- Bu ehtimal əvvəlcədən hesablanır. Peykə yerləşdirilən hər detalın ikinci, hətta bəzən üçüncü ehtiyat hissəsi olur. Bu, detalın əhəmiyyətlilik dərəcəsinə görə dəyişir. Biz kosmosu idarə edə bilmərik, amma risklərini idarə edə bilərik. Məsələn, günəşdə partlayış olur, meteorit gəlir, bunun qarşısını ala bilmərik, amma idarə edə bilərik.

- İnsanlıq tarixində kosmosa gedərək təmir edib qayıdan olubmu?

- Bəli. 1 dəfə olub. Cismə müdaxilə ediblər. Habl peyk teleskopu orbitə çıxanda onun linzasını düzgün test etməmişdilər. Linzada çat olduğu üçün kosmosu düzgün çəkə bilmirdi. Ona görə də Amerikada dövlət səviyyəsində senatlar astronavt komandası qurulub. Onlar gedib və linzanı dəyişib qayıdıblar. O kosmonavtlara medal da verdilər. 

“Səmadan o tərəfi təsvir edə bilməyəcəkdik”

- Peyklərin olmadığı dünyanı necə təsəvvür edərdiniz? Nələrə əlçatanlığımız olmazdı?

- Ən bəsiti odur ki, qlobal səviyyədə televiziya olmazdı. Əvvəllər Amerikadakı kanal ancaq orada yayımlanırdı. Digər tərəfdən, naviqasiya sistemləri olmayacaqdı. GPS-lər artıq həyatımızın bir parçasına çevrilib. Üçüncüsü, düzgün şəhərsalma sistemi çətinləşəcəkdi. Çünki müşahidə peykləri ekoloji problemlərin həllində çox əhəmiyyətli yer tutur. Düzgün metodologiyadan istifadələrdən qaçıla bilərdi. Meteoroloji peyklər olmasa idi, 2 həftə sonra havanın necə olacağını haradan biləcəkdik? Günəşi izləyən peyklər olmasaydı, günəşdəki partlayışları analiz edə bilməyəcəkdik. Digər cisimləri, fəaliyyətləri öyrənməkdə çətinlik çəkəcəkdik. Vizyonumuzun sərhədi olacaqdı. Sərhədimiz isə səmadır. Səmadan o tərəfi təsvir edə bilməyəcəkdik və inkişaf da olmayacaqdı.  

- Hər kəs peyk mühəndisi ola bilərmi?

- Əslində bu sahə hər gün dinamik şəkildə inkişaf edir. İşimiz fərqlidir. Biz peykin həm pilotu, həm də cərrahıyıq. İşə qəbul olarkən texniki bacarıqlar çox vacibdir. Bu sahədə texniki bilik və bacarıqlarla yanaşı, təmkinli olmaq da vacibdir. Bu xüsusiyyətləri olan insanlar ola bilər.

- Səmanı izləyəndən sonra yerə adaptasiya olmaq çətin deyil ki?

- Xeyr. O da maşın kimidir. Göydə də sürürük, yerdə də. Sadəcə qanunlar fərqlidir.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər