• cümə axşamı, 28 mart, 19:05
  • Baku Bakı 13°C

İsmayıllıda hasara alınan tariximiz Araşdırma Fotolar

20.06.13 09:02 16072
İsmayıllıda hasara alınan tariximiz Araşdırma Fotolar
Yayda təbiətin füsunkar qoynunda, yamyaşıl dağların ətəyində, buz bulaqların kənarında istirahət etməyi kim istəməz? Keçən həftəsonu qəzetimizin kollektivi də bu məqsədlə İsmayıllı rayonuna yol aldı. Bölgəyə istirahət məqsədilə axışanların sayı-hesabının olmamasını gözə alıb qabaqcadan “bron” etdiyimiz istirahət mərkəzində yerləşdik. Vaxtımızı boşa vermək istəməyib elə həmin gün də rayonu səyahətə çıxdıq. Qəbələdə “Yeddi gözəl” şəlaləsinin əfsanələrlə dolu pillələrini qalxdıq, İsmayıllının sərin və sıx meşəli Buynuz kəndini gəzdik. Ta İvanovka kəndinə qədər gedib çıxdıq. İsmayıllı rayonu başdan-ayağa yayda istirahət üçün yaranıb. Yol boyunca hər addımda istirahət mərkəzləri ilə rastlaşmaq olur. Qiymətlər də fərqlidir, yəni hər cibə uyğun. Hətta bəzi yerlərdə pulsuz “özünəxidmət” mərkəzləri də fəaliyyət göstərir.
Təbii ki, iki günlük səfərimiz boyunca yaddaşımıza yazılan xoş anlarla bərabər, tamah məqsədilə təbiət guşələrinin qanunsuz zəbt olunmuş ərazilərini, daş hasarlara alınan meşə sahələrini, hətta dağları da ürək ağrısı ilə seyr etdik.
Qalaya çıxmaq arzusu
Səhəri gün rayonun Xanagah kəndində yerləşən və adını çoxdan eşitdiyimiz “Qız qalası” abidəsini ziyarət etmək istərkən sürprizlərlə qarşılaşdıq. Belə ki, «Qız qalası» istirahət mərkəzinin darvazasından keçib qoruq ərazisinə daxil olmaq istəyimizin qarşısını öncə mühafizəçilər kəsdi: «Bura özəl ərazidir, daxil olmaq qadağandır». Jurnalist olduğumuzu bilincə “Kim olursunuz-olun, fərqi yoxdur, əraziyə daxil olmaq olmaz. Bura yalnız gecələməyə və yemək yeməyə gələnlər daxil ola bilər” fikirləri də kobudluqla səsləndi. Sonra da bildirdilər ki, qoruq ərazisinə daxil olmaq üçün istirahət mərkəzinin sahibindən icazə alınmalıdır. Hərçənd özəl istirahət mərkəzinin sahibinin dövlət qoruğuna icazə sənədini necə və hansı haqla verə biləcəyi bizdə maraq doğursa da, mühafizəçinin “kiməsə” zəngi problemi yerindəcə həll etdi. 4-5 dəqiqəlik telefon danışığından sonra 14 nəfərlik jurnalist heyətinin qoruğun ərazisinə daxil olmasına icazə verildi.
Məlumat üçün qeyd edim ki, qala “İsmayıllı” dövlət yasaqlığının ərazisində yerləşir. Yamyaşıl ağaclarla örtülən qalanın əzəməti uzaqdan görünür. Bu, Ax-ox çayının sağ sahilində sərt yamaclar və sıldırım qayalarla əhatələnmiş dağın üstündə tikilmiş, sahəsi 1,5 ha müdafiə istehkamıdır. Qala haqqında internetdən əldə etdiyimiz materiallara görə, qülləli qalanın digər qız qalaları kimi müdafiə-gözətçi məqsədi ilə tikildiyi güman edilir. Qalanın nə zaman tikildiyi isə bəlli deyil. Bununla belə, qalanın XI-XII əsrlərə aid olduğu ehtimal edilir. Qalaya giriş yolunun üstündəki dərənin boğazında uzunluğu 26,6 m, eni 1,3 m, hündürlüyü isə 7,7 m olan sədd vardır. Divarları daşdandır. Bəzi yerləri kərpiclə üzlənib. Abidənin şimal hissəsində sahəsi 300 m2 olan terrasda “içqalası”ından Talıstan kəndi yaxınlığında yerləşən “Cavanşir” qalasına yeraltı yolun olduğu güman edilir.
Qalaya gedən yolun üstündə “Qız qalası” istirahət mərkəzi yerləşir ki, oraya qədər avtomobil yolu var. Həmin mərkəzdən qalaya qədər gedən yolun son 1 km-ni piyada çıxmaq lazımdır.
Təəssüf ki, həmin məsafəni qət etsək də, bizim qala haqqında bilgilərimiz bu çərçivədən kənara çıxa bilmədi. Çünki qalaya çıxmaq arzumuz ürəyimizdə qaldı. Səbəbi...
Çayın mənbəyindəki istirahət yeri
“Qız qalası” İstirahət Mərkəzi hektarlarla sahəni əhatə edir və düz Ax-ox çayının mənbəyində salınıb. Çayın axarından süni surətdə ayrılan qolların yaratdığı yeni çay məhz turistlərə ekzotik anlar yaşatmaq üçündür. Vaxtilə boş olan və insanların çadır qurub dincəldikləri ərazilər də istirahət mərkəzinin ərazisinə qatılıb. Əvvəllər burda istirahət edən sadə insanlar indi həmin ərazilərə yalnız hasarın o biri tayından həsrətlə baxa bilərlər. Onların bu ərazilərdə istirahət etməyə ciblərinin imkanının çatmaması da öz yerində. Elə təkcə ərazidə gəzişən insanların ədalı görünüşlərindən, ətrafdakı bahalı avtomobillərdən istirahət mərkəzinin müvəqqəti sakinlərinin sosial statusunu təxmin etmək olur. Ətrafda qalanın qədim adı və tarixi ilə heç də uyuşmayan müasir tipli istirahət evləri yer alıb. İnsanların istirahəti, daha doğrusu pul qazanmaq üçün hər şey düşünülüb. İstirahət mərkəzinin ərazisi qalanın söykəndiyi sıldırım qayaların sonunda bitir.
Tarixi qalanı istirahət mərkəzindən ayıran çayın sahilində dayanıb o taya keçmək üçün ətrafa boylanır və çıxış yolu axtarırıq. Qalaya aparan yeganə taxta körpü sökülüb və göy rəngli nazik su borusu ilə əvəzlənib. Ərazidə istirahət edənlər istəsələr belə qalanı ziyarət etmək üçün çayın o biri sahilinə keçə bilməzlər. Elə hamı qalaya boylana-boylana baxır. Adama elə gəlir ki, qala bu ərazidə sanki görüntü xətrinə yerləşib. Yəni, yetər ki, əraziyə istirahətə gəlsinlər, qalanı ziyarət etməsələr də, haqqında məlumatlı olmasalar da olar. Əsas olan qalanın tarixi adının istirahət mərkəzinə qazandırdığı müştərilərdir.
Deyilənə görə, qalaya aparan və istirahət mərkəzinə aidiyyatı olmayan ayrıca bir yol da var. Amma bununla bağlı magistral yolda heç bir işarə vurulmayıb. Maraqlıdır, bəs qalanı görmək istəyənlər onun varlığından və abidəyə gedən yollardan necə xəbər tutmalıdır? Bir də qalaya aparan asan bir yolun olduğu halda, insanlar niyə alpinistlər kimi dağa-daşa dırmanmalıdırlar? Və ya doğurdanmı istirahət mərkəzinə giriş yolunu dəyişmək qalaya gedən yolu dəyişməkdən daha çətindir?
Yerli sakinlər də qalaya tərəf getməkdə çətinlik çəkdiklərini söylədilər: «Qalaya gedən əsas və kəsə yol «Qız qalası» istirahət mərkəzindən keçir. Buradan da içəri keçməyə qoymurlar. Qalanı görmək istəyənlər elə uzaqdan boylanır».
Tarixi zəbt
Heç şübhəsiz, turizm infrastrukturu qurmaq təkcə hansısa istirahət mərkəzini yaradıb insanları ora cəlb etmək, yeməklərini və yatacaq yerlərini təmin etmək və bunların müqabilində pul qazanmaq deyil. Turizm həm də istər xarici, istərsə, yerli turistlərin və ya sadə insanların istirahətlə bərabər seçəcəkləri bölgənin tarixi və mədəniyyəti ilə bələdçilikdir. Hərçənd nazirlikdən lisenziya alıb bu mərkəzləri işlədənlərin qarşısına bu cür şərtlərin qoyulub-qoyulmamasını bilmirəm, amma göz önündə olan tarixi abidələrin ərazisini zəbt edib orada turizm obyektlərinin salınmasının qanunsuzluğudur. Ən azından, beynəlxalq və yerli abidələrin ətrafı insanların ziyarəti üçün sərbəst saxlanmalıdır. O da qaldı qoruq ərazisi ola. Fakt göz qabağındadır ki, adına «Qız qalası» deyib, tarixlə səsləşən adı mənimsəməklə istirahət mərkəzi yaratmaq hələ tarixi abidəni qorumaq və insanlara tanıtmaq deyil. Əksinə, ərazinin bu cür zəbti abidə ilə tanışlığa sədd çəkir. Nəticədə tarixi abidə “özəlləşdirilərək” istirahət mərkəzinin ərazisi kimi təqdim olunur.
Daş hasarlar...
Tarixi abidənin ərazisinin zəbt olunmasına və abidəyə gedən yolun sökülməsinə münasibəti Mədəniyyət və Turizm Nazirliyindən öyrənmək istədik. Qurumun mədəni irs şöbəsinin məsləhətçisi Günay Məhərrəmova bildirdi ki, nazirliyin tabeliyinə yalnız Lahıcdakı qoruq daxildir: «Əgər sizin dediyiniz həqiqətən qoruqdursa, o, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindədir. Bizim tabeliyimizə yalnız tarix və mədəniyyət qoruqları daxildir”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi də qoruqdan xəbərsiz olduğunu bildirdi. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ümumiyyətlə, belə bir qoruğun ETSN-ə aidiyyəti olmadığını və nazirliyin tarixi abidələrə deyil, xüsusi mühafizə olunan ərazilərə nəzarət etdiyini bildirdi: “Biz qalanı yox, onun ərazisindəki meşəni qoruyuruq. Ola bilər ki, hansısa tarixi abidə həmin xüsusi mühafizə olunan əraziyə daxil olsun. Əgər ərazidə tarixi abidə varsa belə, biz abidəni yox, onun yerləşdiyi meşəni mühafizə edirik».
İsmayıllıdakı meşə fondu ərazilərinin qanunsuz hasara alınmasına münasibət də eyni oldu: “Heç bir halda meşə fondu əraziləri daş hasara alına bilməz. Əgər hasara alınıbsa o, bələdiyyə ərazisidir. Olsun ki, bəzi ərazilər dəmir tora alınıb. Onlar da mal-qaradan qorunmaq üçündür”.
Məsələ ilə bağlı İsmayıllı rayon İcra Hakimiyyətinin rəsmi saytına ünvanladığımız suala da gün ərzində cavab gəlmədi. Yəni sualımız cavabsız qaldı. İsmayıllıdakı “Qız qalası” abidəsi hansı nazirliyin tabeçiliyindədir? Belə çıxır ki, qalaya yiyə duran yoxdur. Nə Mədəniyyət və Turizm Nazirliyi, nə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi qalaya sahibliyi boynuna çəkir. “Bizə aidiyyatı yoxdur” deyə hər iki qurum qaladan imtina edir. Nəticədə yaşı yüzillərlə ölçülən qədim qalanın ərazisi kimlərinsə gəlir meydanına çevrilir. Bəli, fakt budur ki, tarixi abidənin ərazisi zəbt olunub. İnsanlara da əraziyə daxil olmağa hələm-hələm icazə verilmir. Bu sualın cavabını isə hələ ki, heç bir rəsmi orqandan almaq mümkün deyil...
Təranə Məhərrəmova
Bakı-İsmayıllı-Bakı

banner

Oxşar Xəbərlər