• şənbə, 20 Aprel, 07:11
  • Baku Bakı 14°C

İngiltərədə aparılan araşdırma metabolik xəstəliklərin müalicəsinə işıq salıb

18.03.23 18:30 1742
İngiltərədə aparılan araşdırma metabolik xəstəliklərin müalicəsinə işıq salıb

İngiltərədə türk alim Mine Köprülünün rəhbərlik etdiyi qrup tərəfindən tapılan yüzlərlə yeni zülal diabet, dağınıq skleroz kimi bir çox metabolik xəstəliklərin yeni müalicə üsulları və dərmanlarının hazırlanmasında ümid işığına çevrilib.

Kembric Universitetinin doktorantı Mine Köprülünün rəhbərlik etdiyi elmi araşdırmalar nəticəsində tapılan yüzlərlə zülaldan metabolik xəstəliklərin yeni müalicə üsullarının hazırlanmasında istifadə olunacaq.

AZƏRTAC Anadolu Agentliyinə istinadla bildirir ki, M.Körpülü daha əvvəl yüz minlərlə insanın genetik məlumatlarını əhatə edən bir çox tədqiqatda iştirak edib.

Qeyd edib ki, bu son araşdırmanı digərlərindən fərqləndirən amil insanların qan nümunələrindəki 3 min zülal səviyyəsinin ölçülməsidir: “Tədqiqatda paralel olaraq, dünyada ilk dəfə inkişaf etdirilən yeni bir texnologiyadan istifadə olunub. Biz həmin nəticələri araşdırmamıza inteqrasiya etdik".

Tədqiqatçı cəmiyyətdə kifayət qədər tez-tez rast gəlinən diabet, qan təzyiqi, ürək və böyrək xəstəlikləri kimi bir çox metabolik problemin bioloji mexanizminin yaxşı tədqiq olunmadığına diqqət çəkib: “Məhz bu problemi həll etmək üçün qandakı 3 min zülalın səviyyəsini, DNT-dəki dəyişiklikləri, genetik kodumuzu və yüzlərlə xəstəliyin yaranma riskini statistik şəkildə təhlil etdik".

Araşdırmanın məqsədinin xəstəliklərə qarşı daha təsirli dərman və müalicə üsullarının tapılmasına işıq salmaq olduğunu bildirən gənc alim deyib: “Qeyd etdiyim analizlərin nəticələrinə əsasən 500-dən çox gen dəyişikliyi və xəstəlik riski tapdıq. Ümid edirik ki, bu, yüzlərlə xəstəlik üçün daha təkmil müalicə üsullarını tapmaq yolunda ilk addım olacaq".

M.Köprülü bildirib ki, “GRP” adlı hormonun yüksək miqdarda olması şəkərli diabet xəstəliyinin yaranma riskini azaldır. Eyni zamanda yeni kəşf edilən “DKKL1” adlı zülalla dağınıq skleroz xəstəliyinin arasında müəyyən əlaqələrin olduğu aşkar edilib.

Xəstəliklərin müalicəsində yeni üsulların və dərmanların hazırlanmasında zülalların vacibliyini qeyd edən gənc alim: "Biz bu araşdırmada yüzlərlə zülal müəyyən etdik. Həmin zülallar diabet, dağınıq skleroz, ürək-damar problemləri, qan təzyiqi kimi əhali arasında çox yayılan xəstəliklərin daha effektiv, təhlükəsiz və təsirli müalicələrin inkişafında ilk addımdır. Bu araşdırma əslində yüzlərlə yeni müalicəyə işıq salır, lakin burada etdiyimiz kəşflərin dərman və ya müalicə üsullarının inkişafının ilkin mərhələ olduğunu vurğulamaq istərdim. İnsan orqanizmi kifayət qədər mürəkkəbdir. Dərman növlərinin hazırlanmasında hüceyrə modellərindən başlayaraq, heyvan, sonda isə insanlar üzərində aparılan klinik sınaqlar da daxil olmaqla bir çox mərhələ var”, - deyə bildirib.

İnkişaf etdirilən yeni texnologiyalar vasitəsilə elmi araşdırmaların daha yüksək səviyyəyə çatdırıla biləcəyini bildirən M.Köprülü deyib: “Hazırda 3 min zülaldan istifadə edərək apardığımız araşdırmanı gələcəkdə 20 min zülala qədər çatdırmağı hədəfləyirik. Bu isə xəstəliklərin bioloji mexanizmlərini daha əhatəli şəkildə təhlil etmək, diaqnostika və müalicə variantlarını genişləndirmək deməkdir”.

banner

Oxşar Xəbərlər