• şənbə, 15 Mart, 16:52
  • Baku Bakı 20°C

Yeni strategiya nələri dəyişəcək?

15.03.25 01:51 149
Yeni strategiya nələri dəyişəcək?

Strategiyada nəzərdə tutulan hədəflər könüllü əməletməyə şəraitin yaradılmasına imkan verəcək. Tam elektronlaşma və vergi kargüzarlığında ən yeni texnologiyaların,  rəqəmsallaşmaların tətbiqi vergi münasibətlərində əlçatanlığı yüksək səviyyədə təmin edəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) 2025-2028-ci illər üzrə Strategiyası hazırlanıb. Xidmətin rəisi Orxan Nəzərli mətbuata bildirib ki, strategiya dürüstlük, peşəkarlıq, innovativlik, təşəbbüskarlıq və əməkdaşlıq kimi dəyərlərə söykənir. Dövlət Vergi Xidməti insan mərkəzli və innovativ xidmətlərlə könüllü əməletməni sadə və əlçatan edən etibarlı tərəfdaş olmağı hədəfləyir.
Strategiya əsasən hansı məqamları əhatə etməlidir? Növbəti illər üçün vergi sistemində nələr dəyişməlidir? Bu suallarla mütəxəssislərə müraciət etdik.

Vergi münasibətlərinə könüllü əməletmə

Auditorlar Palatasının üzvü, auditor Mehdi Babayev “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, DVX tərəfindən əsas istiqamətlər kimi müəyyən edilən güclü insan kapitalının formalaşdırılması, vergi hesablama və ödəmələrinə könüllü əməletmənin təbliği, vergidən yayınmaya qarşı mübarizə və dayanıqlı inkişafı təmin etmək üçün hazırda bütün imkanlar səfərbər edilib: “Xüsusilə, vergi münasibətlərinə könüllü əməletmənin səviyyəsinin artırılması daha mühüm hesab edilməlidir. Vergi ödəyiciləri tərəfindən könüllü əməletmə dedikdə, vergilərin vaxtında hesablanması və ödənilməsi, vergi bəyannamələrinin vaxtında göndərilməsi və ümumiyyətlə könüllü olaraq vergilərin düzgün hesablanması başa düşülə bilər. Lakin ən vacib olanı vergilərin riyazi olaraq düzgün hesablanması deyil, hesablamaların söykəndiyi məlumatların reallığı necə əks etdirməsidir. Başqa cür desək, könüllü əməletmə - sahibkarın fəaliyyətində baş verən bütün təsərrüfat əməliyyatlarının özü tərəfindən könüllü olaraq rəsmi qeydiyyatını aparmaqla, gəlir və xərc dövriyyələrinə aid olan bütün əməliyyatları qanunla müəyyən olunan elektron sənəd formalarında könüllü şəkildə düzgün, həqiqətə tam uyğun rəsmiləşdirməklə həyata keçirməsidir. Məqsəd şəffaflığa ən yüksək səviyyədə çatmaqdır. Strategiyada nəzərdə tutulan hədəflər könüllü əməletməyə mühitin, şəraitin yaradılmasına imkan verəcək. Tam elektronlaşma və vergi kargüzarlığında ən yeni texnologiyaların,  rəqəmsallaşmaların tətbiqi vergi münasibətlərində əlçatanlığı yüksək səviyyədə təmin edəcək”.

Emosional vəziyyəti yaradan incə məqamlar

Auditor bildirir ki, sahibkarlarla vergi orqanları arasındakı münasibətlərin normallaşdırılması prosesində emosional vəziyyəti yaradan incə məqamlar var: “Məsələn, vergi orqanı tərəfindən bu quruma təqdim edilən bütün hesabatların, məlumatların maksimum düzgün emal edilməsi, vergi ödəyicisinin sorğularının daha sürətli cavablandırılması, vergi orqanının üzərinə düşən müddət öhdəliklərinin qısaldılması, vergi hesablamalarında aşkar edilən uyğunsuzluqlarla bağlı sorğuların asanlaşdırılması və mükəmməlləşdirilməsi kimi məsələlər vergi ödəyicilərinin fəaliyyətinə və DVX-sahibkar münasibətlərinə adekvat olmalıdır. Hesab edirəm ki, güclü insan kapitalının formalaşdırılması istiqaməti olan strategiya çərçivəsində bacarıqlı, bilikli, dinamik, müasir çağırışlara uyğunlaşa bilən və iqtisadiyyatın spesifik sektorları üçün ixtisaslaşmış vergi əməkdaşlarının əməyi ilə vurğuladığım məqamların həll olunması mümkündür”. 

Hansı texniki xidmətlərə ehtiyac var?

Mütəxəssisin sözlərinə görə, vergilərlə bağlı iş yükü nə qədər az olsa, həmçinin sadələşdirilsə, belə vəziyyət vergi ödəyicilərinin vergi münasibətlərindəki fəallığını artırar: “Xüsusilə KOB-lar üçün daha əlverişli vergi rejimi yaradılması, aşağı gəlirli vətəndaşlar üçün isə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması vacibdir. Texniki istiqamətdə vergi orqanı tərəfindən vergi bəyannamələrindəki məlumatların düzgünlüyünün yoxlanılmasının keyfiyyətinin və dürüstlüyünün artırılması, uyğunsuzluq məqamlarının dürüstləşdirilməsi, kağız daşıyıcısında sənədləşdirmə yükünün və tələbinin sıfıra endirilməsi, rəqəmsal nəzarətin artırılması, vergi bəyannamələrinin, hesabatların və ödənişlərin tam avtomatlaşdırılması, sürətləndirilməsi, beynəlxalq və yerli e-ticarət əməliyyatlarına nəzarət edən xüsusi vergi nəzarət sistemlərinin yaradılmasına da ciddi ehtiyac var”.

Vergi Məcəlləsi başadüşülən olmalıdır

Vergi üzrə ekspert Mahmud Abasquliyev deyir ki, Vergi Məcəlləsinin daha da asan, başadüşülən olması, investorların cəlbi və vahid elektron portalın daha da təkmilləşdirilməsi vacibdir: “2025-2028-ci illəri əhatə edən vergi strategiyasının əsas prinsipi güclü insan kapitalının formalaşdırılması, könüllü əməletmənin təbliği, vergidən yayınma ilə inamlı mübarizə, davamlı və dayanıqlı inkişafın hədəflənməsindən ibarətdir. Bunun üçün Vergi Məcəlləsinin daha da asan, başadüşülən olması, investorların cəlbi və vahid elektron portalın daha da təkmilləşdirilməsi vacibdir. Artıq vergi ödəyiciləri üçün bütün əməliyyatların vahid platforma üzərindən aparılması təmin edilir və bu platformanın təkmilləşdirilməsi istiqamətində işlər gedir. Bu gediş gələcəkdə bizə hətta yoxlamaların elektron audit üzərindən uzaqdan idarə edilməsinə kömək edəcək. İqtisadiyyatın şaxələndirilməsi və investisiyaların cəlb olunmasında vergi siyasətinin tənzimləyici rolu davam etdiriləcək, "kölgə iqtisadiyyatı" ilə sistemli mübarizənin aparılması yenə də əsas prioritet olacaq. Vergi inzibatçılığının keyfiyyətinin artması şəraitində qarşıda duran fiskal öhdəliklər üzrə proqnozların icra edilməsi, vergi ödəyicilərinə xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması, risk əsaslı nəzarət sisteminin genişləndirilməsi, ortamüddətli perspektiv üçün vergi siyasəti üzrə hədəflərin həyata keçirilməsi əsas istiqamətlərdir”.

Strategiyanın əsas hədəfi...

M.Abasquliyev bildirir ki, əsas hədəf ölkəmizdə sahibkarlığın inkişafı və tərəqqisinə xidmət etməkdir ki, strategiya üzrə bu işlər aparılır: “Vergi xidmətinin insan resursları müvafiq rəqəmsal alətlərə malik olmalıdır ki, vergi ödəyicilərinin fəaliyyətini nəzarətdə saxlamaq, vergidənyayınma hallarının qarşısını almaq mümkün olsun. Bu baxımdan vergi xidmətinin rəqəmsallaşma səviyyəsi və dərinliyi artırılacaq. Əsas hədəf ölkəmizdə sahibkarlığın inkişafı və tərəqqisinə xidmət etməkdir”.

Aygün Əziz

banner

Oxşar Xəbərlər