SOCAR-dan Bakı-Supsa ilə bağlı təklif

Rüfət Qəmbərov bildirib ki, Bakı-Supsa kəməri gələcəkdə neft istehsalı və ticarətində aktiv iştirak edən ticarətçilər, daşıyıcı şirkətlər və tərəfdaşlar üçün cəlbedici imkanlar təklif edə bilər. SOCAR isə bu potensialdan istifadə yollarını müvafiq tərəfdaşlarla birlikdə araşdırır.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı-Supsa neft kəmərindən istifadə imkanlarını tərəfdaşlarla birgə qiymətləndirir. “Report” xəbər verir ki, bu barədə “SOCAR Midstream Operations”un biznesin inkişafı bölməsinin rəhbəri Rüfət Qəmbərov Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Nəqliyyatı Forumu”nda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, hazırda Bakı-Supsa neft kəməri vasitəsilə nəql prosesi dayandırılıb: “Bir vaxtlar “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən neft bu marşrutla nəql olunurdu. Hazırda kəmər üzrə əməliyyatlar dayandırılıb. Lakin onun ötürücülük gücü gündəlik 100 min bareldən bir qədər çoxdur və bu, region üçün strateji əhəmiyyət daşıyan dayanıqlı infrastruktur sayılır”.
R.Qəmbərov əlavə edib ki, Bakı-Supsa kəməri gələcəkdə neft istehsalı və ticarətində aktiv iştirak edən ticarətçilər, daşıyıcı şirkətlər və tərəfdaşlar üçün cəlbedici imkanlar təklif edə bilər: “SOCAR isə bu potensialdan istifadə yollarını müvafiq tərəfdaşlarla birlikdə araşdırır”.
Socar rəsmisi deyib ki, Bakı-Supsa boru kəməri xüsusiyyətlərinə görə Qara dəniz sahilində yerləşən neft emalı zavodlarında emal üçün ən uyğun olan neftə malik şirkətlər üçün mühüm rəqabət üstünlüklərinə sahibdir.
R.Qəmbərov kəmərin 1999-cu il aprelin 17-də istismara verildiyini xatırladıb. "Marşrut neft istehsalçıları və treyderlər üçün cəlbediciliyini qoruyur. Çünki Bolqarıstan və Rumıniyada NEZ-in təchizatı üçün yararlıdır", - R.Qəmbərov qeyd edib.
Onun sözlərinə görə, neftin kimyəvi tərkibini və Qara dənizdə müvafiq infrastrukturun mövcudluğunu nəzərə alaraq, Bakı-Supsa uzunmüddətli perspektivdə strateji əhəmiyyətini qoruyur.
"Əminik ki, zamanla boru kəmərinin işinin dayandırılmasına təsir edən şərtlər dəyişəcək. “SOCAR Midstream” SOCAR-ın bir hissəsi olaraq və dövlətin maraqları naminə onun gələcək istifadəsi ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır", - deyə şöbə müdiri əlavə edib.
