• cümə axşamı, 05 dekabr, 08:34
  • Baku Bakı 6°C

Ovuc içindəki nağıl - REPORTAJ

28.09.24 03:25 2476
Ovuc içindəki nağıl - REPORTAJ

Şuşa qonaqlarını yeniləşən və dirçələn siması ilə qarşılayır. 30 il ərzində yorulduğu əsirlikdən, cana doyduğu müharibədən indi nəfəs alan kimidir. Sürətlə bərpa olunur, quruculuq işləri gedir.

Şuşaya gedirik... İşğaldan azad olunan torpaqları bir-bir geridə qoyub Zəfər yolu ilə yuxarı qalxdıqca sıldırım qayaların üzərində əzəmətlə qərar tutan qala şəhərin məğrur duruşu ziyarətçiləri uzaqdan heyran edir. “Ermənilər bu illər ərzində Şuşanı təsadüfən əsirlikdə saxlamayıblar”, - deyə səfər yoldaşlarımızla dərindən köksümüzü ötürürük. İrəlilədikcə yolumuzu kəsən duman qatılaşır. “Buraların havasını bilmək olmur, gah tutulur, gah açılır, gah qəfil yağış yağır, gah külək əsir. Hələ qarını, şaxtasını görəsən... Dağlarının dumanı isə həmişə var. Təbiəti də Şuşa kimi sirli və əsrarəngizdir”, - deyə avtobusdakı qonaqlardan hansısa dillənir.

Qonaqlarına gülümsəyən şəhər

Şuşa ovuc içində nağıla bənzəyir. Şəhər hər gələn qonağını yeniləşən və dirçələn siması ilə qarşılayır. 30 il ərzində yorulduğu əsirlikdən, cana doyduğu müharibədən indi nəfəs alan kimidir. Sürətlə bərpa olunur, quruculuq işləri gedir. Erməni vandallarının vəhşiliklə işğal etdiyi şəhərdə uzun illərdən sonra yeni həyatın necə doğulduğuna heyranlıq və qürurla tamaşa edirik. Bu, insanı təsirləndirən unikal bir mənzərədir. 

Şuşa qonaqlarının üzünə gülümsəyir. Şəhərə ayaq basan hər kəs kimi biz də Cıdır düzünün füsunkar və əzəmətli mənzərəsini, Şuşa fatehlərinin sıldırım qayalarına dırmandığı dağlarını seyr etməyə, İsa bulağına enib buz kimi suyundan içməyə, güllələnmiş heykəllərin - Üzeyir bəyin, Xan qızı Natəvanın, Bülbülün nəhayət, yurdunda azad nəfəs alan büstləri yanında şəkilləri əbədiləşdirməyə tələsirik. Sonra ayaq götürüb Şirin su hamamına, Şuşa qala divarlarına, Gəncə qapısına, Mehmandarovların mülkünə, Xan qızının daşı daş üstə qalmayan malikanəsinə tərəf yollanırıq. Qənbər daş döşənmiş yollardan enib Yuxarı Gövhər Ağa Məscidinə çatırıq. Şəhərin yarı dağıdılan, yarı sağ qalan tarixi binalarına baxmağın ayrı bir kədəri var. Tikililərin divarlarındakı güllə izlərini ürək ağrısıyla izləyirik... 

Şuşalıların sevinci

Şuşada hər tərəf baxılıb-görülməli, ziyarət olunmalıdır. Şuşalılar təkcə şəhərin son 30 illik tarixini deyil, xanlıq dövrünü da yaxşı bilir, gələn qonaqlara həvəslə danışırlar. 

Şuşadan olan məcburi köçkünlərin doğma şəhərə qayıdışı artıq may ayından başlayıb. Onlar yeni tikilmiş, müasir binalarda mənzillərlə təmin olunublar. İndi bu evlər insana gülümsəyən kimi görünür. Şuşalılar dədə-baba yurdlarına qovuşmalarını böyük sevinc hissi ilə qarşılayır, şəhərin bərpasına və yenidən qurulmasına görə ölkə başçısına minnətdarlıq, şəhidlərimizin ruhuna dua edirlər. Doğma torpaqlarına mərhələli şəkildə köçlərini gözləyən şuşalılar isə ayları, günləri sayırlar....

Dini məsələlərlə bağlı həssas məqamlar

Şuşa başdan-ayağa poeziya, musiqi, ürəyə toxunan hisslər şəhəridir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədovun “Sizi Dövlət Komitəsinin sədri kimi deyil, həm də 30 il öncə bu möhtəşəm şəhərdə uşaqlığını itirmiş Şuşa sakini kimi salamlayıram”, - deyə qurumun təşkil etdiyi seminara bu cür sentimental başlanğıc verməsi də elə bu torpağın ruhundan qaynaqlanır.
DQİDK-nin və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda təşkil olunan seminarın məhz Şuşada keçirilməsi də təsadüfi deyil. ”Bu torpaqlarda Azərbaycan xalqına məxsus yüzlərlə dini və tarixi abidə məhv edilib. Məscidlərimiz təhqir olunub, dini məbədlərimizin tarixinin saxtalaşdırılmasına cəhd edilib. Ancaq bu gün dövlətimiz tərəfindən dini və mədəniyyət abidələrimiz bərpa olunur”, - deyə R.Məmmədov qeyd etdi:

“Media nümayəndələri üçün xəbərin, informasiyanın nə qədər mühüm əhəmiyyət kəsb etdiyi məlumdur. Eyni zamanda, ideoloji təhlükəsizliklə jurnalistin peşəkar fəaliyyəti arasında sərhədlər haqqında da aydın təsəvvür olmalıdır. Məsələnin mürəkkəbliyi də burasındadır ki, ideologiya da informasiya istehsalı qədər geniş bir sahədir və burada sərhədləri müəyyən etmək olduqca çətindir. Xüsusilə dinin müxtəlif kontekstlərdə əsas ideoloji təsir alətlərindən birinə çevrildiyi indiki dövrdə”. Bu fikirlər ikigünlük seminarda qızğın müzakirələrə, təkliflərə yol açdı. Dövlət orqanlarının rəsmiləri, media və ictimaiyyət nümayəndələri, ziyalıların iştirak etdiyi seminar “Dini etiqad azadlığı və azad media: sərhədlər haradan başlayır?”, “Dini radikalizmlə mübarizə və media” mövzusunda sessiyalarla və panel müzakirələri ilə davam etdi. Dini məsələlərlə bağlı həssas məqamlar haqqında jurnalistlərin biliklərinin artırılması, ölkədə dövlət-din münasibətləri modeli barədə ictimaiyyətin daha geniş məlumatlandırılmasının təmin edilməsi, cəmiyyətin dini məsələlərlə bağlı maariflənmısində medianın rolu, media savadlılığının artırılması və s. məsələlər müzakirə olundu. 

Xankəndinə və Ağdama doğru

Seminar çərçivəsində Şuşadan 20 dəqiqəlik məsafədə - Xankəndi şəhərində fəaliyyətə başlayan Qarabağ Universitetinin rəhbərliyi ilə görüş, dərslərin başladığı auditoriyalarla tanışlıq tarixin əhəmiyyətli bir səhifəsi ilə tanışlıq kimi yaddaşımıza yazıldı. 

Ağdam rayonuna səfərimiz isə erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrini, dağıdılmış evləri yaxından izləməyə yol açdı. “Qarabağın dini memarlığının monumental örnəklərindən olan Ağdam Cümə məscidi şəhərdə tam dağıdılmayan tək tikilidir. Burada mal-qara və donuzlar saxlanıb və divarı qraffiti ilə vandalizmə məruz qoyulub. Bərpa layihəsi çərçivəsində məscid əvvəlki görkəminə qaytarılıb”, - deyə məlumat verildi.  

Tədbir iştirakçıları yenicə açılan İmarət Kompleksinin ilk ziyarətçilərindən oldular. İnteraktiv muzey kompleksində müxtəlif zamanlarda Cavanşirlər sülaləsinə həsr olunmuş məlumatlar, türbələr, Qarabağ xanlığı haqqında tarixi faktlar, Xurşidbanu Natəvanın əl işlərinə və poemalarına həsr olunmuş audiovizual təqdimat, fotomateriallar nümayiş olunur.

Təranə Məhərrəmova
Şuşa-Bakı

 

banner

Oxşar Xəbərlər