• şənbə, 15 Mart, 15:32
  • Baku Bakı 20°C

“Köhnə” və “Yeni dünya”nın savaşı

15.03.25 04:46 149
“Köhnə” və “Yeni dünya”nın savaşı

Donald Trampın prezidentliyi dünyaya sürprizlər yaşatmaqda davam edir. Vaşinqtonun Avropadan uzaqlaşmaq xətti götürdüyünü iddia edənlərin sayı da artmaqdadır. Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaşanan gərginlik bu münasibətlərə xüsusi çalar gətirib.

ABŞ ilə Avropa arasında münasibətlər xaotik, nizamsız halda inkişaf edir. Elə gün olmur ki, həm ABŞ-dən, həm də Avropadan bu istiqamətdə ağlasığmaz ideya və təşəbbüslər ortaya atılmasın. Görünür ki, Donald Trampın prezidentliyi dünyaya sürprizlər yaşatmaqda davam edəcək. Vaşinqtonun Avropadan uzaqlaşmaq xətti götürdüyünü iddia edənlərin sayı da artmaqdadır. Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaşanan gərginlik bu münasibətlərə xüsusi çalar gətirib. Müsbət olan odur ki, Tramp-Zelenski görüşündən sonra Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması ilə bağlı danışıqlar start götürüb. Hətta Ukraynanın müvəqqəti atəşkəsə razılıq verdiyi barədə xəbərlər də yayılıb. 

Ukraynada müharibə başa çatır?

Kiyev və Vaşinqtonun Səudiyyə Ərəbistanında martın 11-də keçirilən danışıqlarında davamlı sülhü bərpa etmək üçün addımlar atması ümidlərə yol açıb. Doqquz saat davam edən danışıqlarda qeyd olunub ki, Kiyev kəşfiyyat məlumatlarının mübadiləsi də daxil olmaqla, ABŞ yardımının bərpası müqabilində 30 günlük atəşkəsə razılıq verib. Volodimir Zelenski deyib ki, atəşkəs təklifi, əvvəllər təklif olunduğu kimi, təkcə hava və dənizə deyil, cəbhə xəttinə də şamil edilir. Tərəflər həmçinin nadir torpaq metalları ilə bağlı sazışin mümkün qədər tez əldə olunması barədə razılığa gəliblər. ABŞ dövlət katibi Marko Rubio Rusiyanın ən yaxın zamanda atəşkəsə razılaşacağına ümid etdiyini bildirib: "Ümid edirik ki, ruslar mümkün qədər tez "hə" deyəcəklər və biz sonsuz dialoqlar deyil, real danışıqlardan ibarət ikinci mərhələyə keçə biləcəyik". ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts Ukrayna ilə danışıqların nəticələrini və atəşkəsi müzakirə etmək üçün yaxın vaxtlarda Rusiya nümayəndələri ilə görüşmək niyyətində olduğunu bildirib. 

Yeni yardım paketini Macarıstan bloklaya bilər

Ekspertlər hesab edir ki, Ukrayna ABŞ-nin Ciddə danışıqları zamanı irəli sürdüyü 30 günlük müvəqqəti atəşkəsin dərhal tətbiq edilməsinə razılıq verməyə hazır olduğunu bildirməklə Rusiyanı çətin vəziyyətə saldı. Əgər Kreml atəşkəsə razılaşmasa, bu, ABŞ-də narazılıq yaradacaq. Qeyd olunur ki, Tramp Putinin Ukrayna ilə bağlı əsas tələblərini qəbul edib. Bu tələblər aşağıdakılardır - Ukrayna NATO üzvü olmayacaq. Krım və Ukraynanın şərq bölgələri Rusiyanın nəzarətində qalacaq. 

Avropa mediasının gözləntilərinə görə, Avropa İttifaqı liderləri "Ukrayna haqqında Ukraynasız heç nə" prinsipini təsdiqləyəcək, ölkənin suverenliyi və ərazi bütövlüyünə sadiqliklərini vurğulayacaqlar. Bu yanaşma Rusiyanın tələbləri və ABŞ-nin ərazilərin güzəştə gedilməsi çağırışı ilə ziddiyyət təşkil edir. Eyni zamanda, blokun bütün dövlətləri Ukraynaya daha çox dəstəklə razı deyil. Yeni yardım paketini Macarıstan bloklaya bilər.

Avropa Müdafiə İttifaqı ideyası

Ukrayna ilə bağlı danışıqların tam vüsət aldığı məqamda özünü kənarda hiss edən Avropa ciddi narahatdır. Belə ki, ABŞ-nin NATO-dan da çıxa biləcəyi ehtimalı var. Avropada isə Avropa Müdafiə İttifaqından danışılır. Bəs bunlar baş verərsə, vəziyyət necə olacaq? Avropanın təhlükəsizliyinin qarantı kim olacaq? Bu təminatı Fransa və Böyük Britaniyanın verə biləcəyi ehtimal edilsə də, onların Avropada nə gücü, nə də siyasi nüfuzu yetərli deyil. Eyni zamanda, Almaniya da bu məsələdə istəksiz görünür. 

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ-nin Avropaya qarşı davam edən bəyanatlarına cavab olaraq bildirib ki, Avropa sülh içində yaşamaq istəyir, lakin onun təhlükəsizlik nizamı sarsılır və bir çox illüziyalar dağılır. Buna görə də qitədə sülhü təmin edəcək Avropa Müdafiə İttifaqını qurmağın vaxtı gəlib. Çünki Avropa təhlükəsizlik böhranı ilə üzləşib. Onun sözlərinə görə, Aİ-nin son təcili sammitində tərəflər Avropa müdafiəsi üzrə yüksək konsensus nümayiş etdiriblər. "Soyuq müharibə”nin bitməsindən sonra bəziləri düşünürdülər ki, Rusiyanı Avropanın iqtisadi və müdafiə arxitekturasına inteqrasiya etmək olar. Digərləri ümid edirdilər ki, biz sonsuz olaraq Amerikanın tam müdafiəsinə güvənə bilərik. Buna görə də biz sayıqlığımızı zəiflətdik. Biz müdafiə xərclərimizi adi 3,5%-in də yarısından az səviyyəyə endirdik. Biz sülh dividendlərindən faydalandığımızı düşünürdük. Lakin reallıqda biz sadəcə təhlükəsizlik kəsiri yığırdıq", - deyə AK-nin rəhbəri bildirib. Onun sözlərinə görə, milli büdcələr səfərbər edilməlidir. "Bu gün biz ÜDM-nin 2%-dən az hissəsini müdafiəyə xərcləyirik. Bütün təhlillər göstərir ki, 3%-dən yuxarı göstəriciyə doğru irəliləmək lazımdır", - deyə fon der Lyayen bildirib. Əlavə edib ki, bu istiqamətdə 650 milyard avroya qədər vəsait səfərbər edə bilərlər. Onunla həmfikir olan digər Aİ rəhbərləri də hesab edirlər ki, qitədə birlik və güc vasitəsilə sülhü təmin edəcək Avropa Müdafiə İttifaqını qurmaq vaxtı gəlib.

ABŞ-yə qarşı 18 milyard avroluq cavab tədbirləri

Vaşinqton-Brüssel gərginliyi tək hərbi və təhlükəsizlik yox, iqtisadi sahədə də davam edir. Avropa Komissiyası ABŞ-nin ixracına qarşı yeni əks-tədbirlər paketi irəli sürəcək. Onlar aprelin ortalarına qədər qüvvəyə minməlidir. Cavab tədbirləri 18 milyard avro məbləğində mallara təsir edəcək.

Azər Nuriyev 

banner

Oxşar Xəbərlər