Xarici diplomatlar Xankəndi və Şuşada

Xankəndi, Ağdərə, Xocalıya 30 milyon manat investisiya qoyulub. Bu ərazilərdə 3 mindən artıq şəxs il sonuna kimi işlə təmin olunacaq. Eyni zamanda, Xankəndi Hava Limanının inşası davam edir.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri (səfirlər və müşavirlər) Xankəndi və Şuşaya səfər ediblər. Səfər çərçivəsində onlar Qarabağ Universiteti, Xankəndi şəhərinin mərkəzi, Şuşa şəhərində Qarabağ küçəsi, Aşağı Gövhər Ağa məscidi və birinci yaşayış kompleksini ziyarət ediblər.
Beynəlxalq hüququn ciddi şəkildə pozulduğu məkan
Xankəndiyə səfər çərçivəsində diplomatik korpus nümayəndələri Qarabağ Universitetində yaradılan şəraitlə tanış olublar.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunda yeni status-kvo yaradıb. O, Xankəndi barədə danışaraq qeyd edib ki, adı “Xanın kəndi” mənasını verən bu şəhər Azərbaycan tarixinin qədim və əhəmiyyətli yaşayış məntəqələrindən biridir: "1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasından sonra şəhər onilliklər boyunca Stepanakert adlandırılıb. 1980-ci illərin sonlarında isə Xankəndi separatizmin, terrorizmin və terror fəaliyyətlərinin mərkəzinə çevrildi, bu da Azərbaycanda və daha geniş regionda uzun sürən faciəli münaqişənin əsasını qoydu”.
H.Hacıyev vurğulayıb ki, həmin dövrdə şəhər beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulduğu bir yerə çevrilib. "Burada azərbaycanlı mülki şəxslərin və hərbi qulluqçuların əsir və girov kimi saxlanılması, işgəncəyə məruz qalması halları baş verib. Bir növ bu şəhər azərbaycanlı əsirlər üçün düşərgə rolunu oynayıb. "Soyuq müharibə"dən sonra beynəlxalq ictimaiyyət sülh və əməkdaşlıq əsasında yeni dünya nizamı qurmağa çalışdığı bir zamanda bu şəhər, təəssüf ki, həmin prinsiplərin pozulmasının simvoluna çevrilib”, - deyə H.Hacıyev vurğulayıb. Prezidentin köməkçisi əlavə edib ki, Xankəndi beynəlxalq hüququn məhv edildiyi bir məkan olub: “Bu gün Azərbaycan regionda yeni status-kvo yaradaraq bu şəhəri həyata qaytarır”.
“Onlar Bakıda qanun qarşısında cavab verir”
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan qətiyyətli addımlar və məsuliyyətli dövlət idarəçiliyi ilə münaqişəyə özü son qoyub. Azərbaycanın yanaşması yalnız münaqişəni sonlandırmayıb, həm də Cənubi Qafqazda uzunmüddətli barışığın və sülhün təməlini qoyub: “Keçid ədaləti hər post-münaqişə vəziyyətində olduqca vacibdir. Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin, o cümlədən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərin icraçıları artıq qanun qarşısında cavab verirlər. Hazırda məhkəmə prosesləri Azərbaycanda davam edir. Ümid edirik ki, şəffaf və açıq məhkəmə araşdırmaları nəticəsində ədalət bərqərar olacaq. Bu, hər bir münaqişədən sonrakı prosesin əsas tərkib hissəsidir. Azərbaycan Cənubi Qafqaz regionunda beynəlxalq hüquq və ərazi bütövlüyü prinsiplərinə əsaslanan yeni status-kvo yaradıb”.
Prezidentin köməkçisi vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri yenidənqurma, transformasiya və bərpa mərhələsinə qədəm qoyur.
Ermənistan təbii sərvətlərimizi talan edib
Xocalı və Ağdərə rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diqqətə çatdırıb ki, Ermənistan işğal dövründə Azərbaycanın təbii sərvətlərini talan edib. O qeyd edib ki, Ermənistan 30 il ərzində Azərbaycana qarşı ciddi müharibə cinayətləri törədib: “Həmin dövrdə mövcud infrastruktur baxımsız qalıb, meşələr qırılıb, sular çirkləndirilib, təbii sərvətlər talan edilib. Azərbaycan xalqına məxsus dini-mədəni abidələr dağıdılıb, tarixi abidələrimiz saxtalaşdırılıb, qəbirlər dağıdılıb”.
Xüsusi nümayəndə vurğulayıb ki, Azərbaycan əraziləri işğaldan azad etdikdən sonra burada qalan Ermənistan vətəndaşlarının bütün ehtiyaclarını qarşılamağa səy göstərib: “İşğal dövründə Xankəndinin memarlıq üslubuna ciddi xələl gətirilib. Burada müasir şəhər həyatının tələblərinə cavab verən heç bir sistem quraşdırılmayıb”.
E.Yusubov Azərbaycan ərazilərində işğaldan sonrakı bərpa prosesi zamanı Birinci Qarabağ müharibəsi dövründə öldürülən azərbaycanlıların qəbirlərinin aşkarlandığını diqqətə çatdırıb: "Öldürülən azərbaycanlılar kütləvi şəkildə basdırılıb”.
30 milyon manat investisiya qoyulub
Xüsusi nümayəndə qeyd edib ki, Xankəndi, Ağdərə, Xocalıya 439 sahibkarlıq subyekti 30 milyon manat investisiya qoyub. Hazırda bölgədə yerli və xarici investorlar üçün münbit şərait yaradılır: "Bu ərazilərdə 3 mindən artıq şəxs il sonuna kimi işlə təmin olunacaq".
Xüsusi nümayəndə əlavə edib ki, eyni zamanda, Xankəndi Hava Limanının inşası davam edir: "Həmçinin, burada yeni müasir avtomobil, dəmiryolu çəkilir, müasir SES istismara verilir, yaşıl enerji prinsipi əsas götürülərək alternativ enerjidən istifadə genişləndirilir, işğal dövründə qırılmış meşələrin bərpası istiqamətində işlər aparılır".
O əlavə edib ki, Xankəndinin yeni baş planı da hazırlanır.
