Xüsusi və nümunəvi qonşuluq

Azərbaycan Gürcüstan xalqının seçimini, müstəqil siyasət yürütmək kursunu tam olaraq dəstəkləyir. Çünki Bakının da istənilən dövlət və ya təşkilatla ikitərəfli münasibətlərində tələb etdiyi başlıca prinsip məhz bərabərhüquqluluq, qarşılıqlı hörmət və daxili işlərə müdaxilənin yolverilməzliyidir.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili fəaliyyətə başladıqdan sonra ilk xarici səfərini Azərbaycana etdi. O, Bakıda Prezident İlham Əliyev, həmçinin digər rəsmilərlə görüşlər keçirib, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı müzakirələr aparıb. Dövlət başçıları mətbuata birgə bəyanatla da çıxış ediblər.
Həyata keçirilən birgə layihələr
Prezident İlham Əliyev bildirib ki, Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz, xalqlarımız, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır: “Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir”.
“Sözümüzün dəyərini bilirik”
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili isə deyib ki, iki ölkənin dostluğu qarşılıqlı hörmətə və milli maraqların nəzərə alınmasına əsaslanır: “Biz münasibətlərdə güvənməyin nə qədər vacib olduğunu başa düşürük və sözümüzün dəyərini bilirik. Bizi xilas edən və bu günə çatdıran bir sıra yazılmamış qanunlarımız, dəyərlərimiz var. Ona görə də Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı bu qədər xüsusi və nümunəvidir”.
Səfərin əhəmiyyətini artıran məqam
Qeyd edək ki, Mixeil Kavelaşvilinin Bakı səfəri bir sıra mühüm məqamları ilə diqqət çəkib. Səfər ərəfəsində son həftələrdə həm Azərbaycanı, həm də ümumilikdə bölgəmizi yaxından maraqlandıran siyasi və geoiqtisadi proseslər yaşanır. Bu proseslərin mərkəzindəki əsas qüvvə, mühərrik rolunu oynayan Bakıdır. Bununla belə, qeyd etdiyimiz proseslərin digər iştirakçılarının səsləndirdiyi müəyyən bəyanatlar Azərbaycan-Gürcüstan müzakirələrinin aktuallığını daha da artırır.
Söhbət aprelin 4-də Özbəkistanın Səmərqənd şəhərində Avropa İttifaqı-Mərkəzi Asiya sammitində Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Transxəzər və Orta Dəhliz nəqliyyat layihələri ilə bağlı səsləndirdiyi fikirlərdən gedir. O, bu layihələrin Avropa üçün mühüm strateji əhəmiyyət daşıdığını qeyd etsə də, Gürcüstanın yox, Ermənistanın əsas tranzit ölkə olmasını istədiklərini açıq şəkildə bəyan edib. Təbii ki, bu yanaşma Azərbaycan üçün yeni deyil. Əvvəlki illərdə Bakı-İrəvan danışıqlarında vasitəçilik edən Brüsselin əsl mahiyyətinin nədən ibarət olduğunu təcrübədə Azərbaycan çox gözəl bilir.
Orta Dəhliz mesajı
Avropa İttifaqının Mərkəzi Asiya ilə strateji müttəfiqlik planlarının Bakının iştirakı olmadan, maraqları nəzərə alınmadan reallaşmayacağını Brüsseldə də çox yaxşı anlayırlar. Bununla belə, yenə də əslində Cənubi Qafqazda regional inteqrasiya, iqtisadi inkişaf istiqamətində başlıca əngəl sayılan Ermənistanı sülh əldə edilmədən nəyin bahasına olursa-olsun xilas etməyə çalışırlar. Lakin Bakının mövqeyi qətidir. Azərbaycan hər bir məsələdə öncə öz milli maraqlarını əsas tutur və heç bir qüvvə bu məsələdə rəsmi Bakının iradəsinə təsir göstərə bilməz.
Prezident İlham Əliyev gürcü həmkarı ilə mətbuata birgə açıqlamasında bu məsələyə də son nöqtəni qoyub. Dövlət başçısı bildirib ki, nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaradıb və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib: “Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir”.
“Regionun təhlükəsizliyini və sabitliyini təmin edirik”
Bəs uzun illər Tbilisini bölgədə özünün “ən yaxın strateji müttəfiqi” adlandıran Avropa İttifaqının mövqeyindəki kəskin dəyişikliyin səbəbi nədir? Brüsselin Gürcüstanı özünün planlarından kənarlaşdırmaq cəhdlərinin arxasında dayanan əsas niyyət nədir? Bu sualların cavabını elə Gürcüstan Prezidenti özü verir: “Təəssüf ki, son vaxtlar ölkələrimiz dəfələrlə ikili standartların və xarici qüvvələrin daxili işlərə müdaxiləsinin obyektinə çevrilib. Çoxsaylı səylərə baxmayaraq, biz bu təhlükələri qətiyyətlə aradan qaldırırıq, regionun təhlükəsizliyini və sabitliyini təmin edirik.
Heç bir üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin yaxşı olduğunu bizdən yaxşı bilməsi mümkün deyil. Şadam ki, Azərbaycan ilə Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlıq intensivləşib və cənab Prezident, buna görə Sizə bir daha təşəkkür edirəm”.
Bu bəyanatdan da göründüyü kimi, Azərbaycan Gürcüstan xalqının seçimini, müstəqil siyasət yürütmək kursunu tam olaraq dəstəkləyir. Çünki Bakının da istənilən dövlət və ya təşkilatla ikitərəfli münasibətlərində tələb etdiyi başlıca prinsip məhz bərabərhüquqluluq, qarşılıqlı hörmət və daxili işlərə müdaxilənin yolverilməzliyidir. İndi Gürcüstan da özünə münasibətdə Bakının diktə etdiyi bu prinsiplərin reallaşmasına çalışır. Təbii ki, strateji müttəfiqi, mehriban qonşusu və sülh, inkişaf, inteqrasiyanı özünün prioriteti elan edən Azərbaycanın dəstəyi ilə...
Azad Əliyev
