• bazar, 13 Oktyabr, 11:15
  • Baku Bakı 18°C

“İlk müqaviləni top atəşləri altında imzaladıq” - MÜSAHİBƏ

17.09.22 02:30 2510
“İlk müqaviləni top atəşləri altında imzaladıq” - MÜSAHİBƏ

Fuad Sadıqov: “2021-ci ildə 2020-ci illə müqayisədə aqrar sığorta bazarında 450 faizlik artım olub. 2022-ci ilin artıq 8 ayı tamamlanıb. 2021-ci illə nisbətdə yenə də 230 faizlik bazar artımı var. Artıq zərər ödənişlərini edirik. Başlıca hədəfimiz fermerlərimizə xidmətlərin əlçatanlığını təmin etməkdir. İndi fermerlərimiz istənilən vaxt telefonla 1651 qısa nömrəsinə müraciət edib, elektron sığorta müqaviləsi bağlaya bilərlər”. 

Azərbaycanda aqrar sığorta bazarı böyüməkdə davam edir. Kənd təsərrüfatının inkişaf etdirilməsini hədəfləyən aqrar sığorta sistemi qısa zaman ərzində sahibkarların illərlə qarşılaşdıqları problemləri həll edir, fermerlərin təsərrüfatını qoruyur. Ölkədə aqrar sığortanın tətbiqi, onun faydaları və digər məsələlərlə bağlı suallarımızı Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov cavablandırıb.

- Fuad müəllim, Aqrar Sığorta Fondu hansı zərurətdən yarandı?
- Qeyri Neft ÜDM-nin artırılması məqsədilə kənd təsərrüfatının inkişaf etdirilməsi başlıca hədəflərdən biri idi. Aqrar sahənin inkişafının əsas indikatorlarından biri, bu sahədə investorların kreditorların və fermerlərin özlərini rahat və təhlükəsiz investisiya mühitində hiss etmələridir. Yəni, yatırım etdikdə, o yatırımın hər hansı bir təbiət hadisəsi nəticəsində itirilməsindən qorxmamalıdırlar. Bu, başlıca şərt idi. Bu məqsədlə 2015-2016-cı illərdə aqrar sektorun inkişafına mane olan əsas problemlər araşdırılırdı. Bu sektorda investisiyaların təhlükəsizliyini təmin edən sığorta mexanizminin olmadığı müəyyən edildi. Bundan irəli gələrək iki fərqli strateji yol xəritəsində bu sistemin yaradılması şərti müəyyən olundu və bundan sonra ölkədə dayanıqlı və fermerlərə əlçatan aqrar sığorta sisteminin yaradılması üzrə işlərə başlanıldı.

“Sığorta şirkətləri xidmət göstərmirdi”

- Axı Azərbaycanda belə təcrübə var idi. Aqrar sığorta xidmətlərini özəl şirkətlər həyata keçirirdi. Bu sistem nə üçün işləmirdi?
- Bəli, bu işə başlayanda, ölkədə 2002-ci ildə qəbul edilmiş, “Kənd təsərrüfatı sığortasının stimullaşdırılması haqqında” Qanun qüvvədə idi. Bu qanuna əsasən, sığorta şirkətləri aqrar sığorta xidmətləri verirdi. Araşdırmalarımız nəticəsində məlum oldu ki, aqrar sahə sığortaçılar üçün kifayət qədər riskli olduğundan, özəl sığorta şirkətləri zərərli sayıla biləcək işin altına girmirlər. Azərbaycanda aqrar sığortanın inkişaf etməməsinin başlıca səbəbi bu işi kommersiya şirkətlərinin həyata keçirməsi idi. Sığorta şirkətləri gəlir götürmədikləri üçün xidmət göstərmirdi. Ölkədə 2016-cı ildə 24-25 sığorta şirkəti var idi, onlardan yalnız 3-ü aqrar sığorta xidmətləri göstərirdi. Onlar da yalnız öz holdinqlərinə məxsus olan əkin ərazilərini sığortalayırdılar. Yəni, hər hansı istehlakçı heç bir aqrar sığorta xidmətləri əldə edə bilmirdi.

“7 milyon manat sığorta yığımı etdik”

- Bəs sizin onlardan fərqiniz nədir?
- Dünyada sığorta risklərini idarə edilməsi üçün 2 fərqli model var. Biri kommersiya, digəri qeyri-kommersiyadır. Kommersiya sığortasının hədəfi mənfəət əldə etməkdirsə, qeyri-kommersiya sığortasının hədəfi vəsaitləri toplayıb katostrofik olan və sosial əhəmiyyət kəsb edən zərərləri aradan qaldırmaqdır. Biz qeyri-kommersiya modellərini təhlil etdik. Uğurlu və uğursuz təcrübələri öyrəndik. 2-3 il araşdırdıqdan sonra ölkənin sığorta sektorunda ilk dəfə Dövlət-Özəl əməkdaşlığı prinsipləri üzərində qeyri-kommersiya sığorta mexanizmi qurduq. Müstəqillik günündən 2020-ci ilə qədər ölkədə yalnız kommersiya əsaslı sığorta xidmətləri mövcud idi. 2020-ci ildə cəmi 6700 manatlıq sığorta müqavilələri bağlanmışdı. 2021-ci ildə isə biz 7 milyon manata yaxın sığorta yığımı etdik. Bu istiqamətdə kifayət qədər işlər görülür.

“Artıq zərər ödənişlərini edirik”

- Yəqin ki, bu nəticəyə gəlmək asan başa gəlməyib.
- Bəli. İnsanlar ümumiyyətlə, sığorta sektoruna inanmırdılar. Etibarı qazanmaq üçün çox işlər gördük. 2020-ci ilin yanvar ayından dövlət qeydiyyatından keçməyimizə baxmayaraq, koronavirus pandemiyasının məhdudiyyətləri ilə üzləşdik. Bununla yanaşı, Vətən müharibəsi başladı. Təsəvvür edin, ilk müqaviləni 2020-ci ilin oktyabr ayında Tərtərdə - işğaldan azad olunmuş ərazidə, top atəşləri altında imzaladıq. İlk ildə inamsızlıq var idi. Amma 2021-ci ildə bəhrəsini gördük. 2021-ci ildə 2020-ci illə müqayisədə aqrar sığorta bazarında 450 faizlik artım olub. 2022-ci ilin artıq 8 ayı tamamlanıb. 2021-ci illə nisbətdə yenə də 230 faizlik bazar artımı var. Artıq zərər ödənişlərini edirik. Başlıca hədəfimiz fermerlərimizə xidmətlərin əlçatanlığını təmin etməkdir. İndi fermerlərimiz istənilən vaxt telefonla 1651 qısa nömrəsinə müraciət edib, elektron sığorta müqaviləsi bağlaya bilərlər. 

“Fermerə 391 manat 66 qəpik qarşılığında 12 min manat ödədik”

- Fondun hədəflərindən biri fermerlərin həyat səviyyəsinin yüksəldilməsinə dəstək olmaqdır. Buna nail ola bilmisinizmi?
- Bunun qiymətləndirilməsi daha uzun vaxt tələb edir. Biz hamıya xidmət göstəririk. Bütün fermerlərimizin gəlirlərini və qazanclarını qoruyuruq ki, onlar növbəti il də məşğul olub, dayanıqlı fəaliyyət göstərsinlər. Əlbəttə ki, müsbət təsiri olacaq. Məsələn, biz bu günlərdə Neftçala üzrə ödənişlər etdik. Fermer 391.66 AZN sığorta haqqı ödəyərək arpasını sığortalamışdı. Məhsul su altında qaldığı üçün 12 min manat ödəniş aldı. Gərək fermerlər bu xidmətlərə inansın və faydalansın. Dövlət fermerləri subsidiyalarla davamlı şəkildə dəstəkləyir. Aqrar sığorta da bu dəstəyin davamıdır. Bu gün 41 bitkini sığortalayırıq və ölkə üzrə istehsalın 95 faizini xidmətlərlə əhatə edirik. Bu o deməkdir ki, 100 fermerdən 95-i bu xidməti ala bilər. İlk ilimizdə 45-50 min müqavilə imzaladıq, bu da özlüyündə xidmətlərin inkişafının göstəricisidir. Türkiyə təcrübəsində hər 100 fermerin yalnız 25-i aqrar sığorta xidmətlərdən istifadə edir. Bizim də hədəfimiz növbəti 5 ildə  əhatəmizi genişləndirərək 25 faiz fermerlərimizi xidmətlə təmin etməkdir.

“Və burada narazılıq başlayır”

- Sığortaçılarla müştərilərin arasında narazılıqlar tez-tez gündəmə gəlir. Bəs fermerlərlə necə? Fermerlər sığorta üçün müraciət edərkən hansı səhvlərə yol verirlər?
- Bu, bizim üçün həssas məqamdır. Kənddə yaşayan əhaliyə pay torpaqları verilib. Bəzən onlar öz aralarında razılaşaraq bir-birinin sahələrində əkin aparırlar. Sığorta müqaviləsində isə öz sahələrini göstərirlər. Hadisə baş verdikdə ekspertlərimiz sahə koordinatlarını götürərkən məlum olur ki, sənəd üzərində qeyd olunuş əraziyə deyil, qonşunun sahəsinə zərər dəyib. Və burada narazılıq başlayır. İkinci problem odur ki, fermerlər bəyanlarını düz etmirlər. Daha az sığorta haqqı ödəmək məqsədilə məhsuldarlığı aşağı göstərirlər, bu da öz növbəsində zərər ödənişlərinin məbləğinə ciddi təsir edir. Nəticədə isə tələbləri çox, aldıqları vəsaitlər az olur. İlk illərdə çox güzəştə gedirik. Qanuna uyğun olaraq, maksimum kömək edirik ki, fermerlər sığortanın faydasını və vacibliyini görsünlər. Çünki bəzən də məlumatsızlıqdan bu kimi səhvlərə yol verirlər.

Gəncədə bahadır, Şəkidə ucuz...

- Fuad müəllim, fermerlərin ödədiyi sığorta haqları necə hesablanır? Bölgələrə görə standartdırmı? 
- Fərqlidir. İqtisadi rayonlar üzrə spesifik risklərimiz var. Məsələn, Azərbaycanda yağan dolunun 51 faizi Gəncə, Daşkəsən ərazisinin payına düşüb. Bakıda dolunun yağma ehtimalı bu rayonlardakından azdırsa, bizim eyni vəsaiti almağımız haqsızlıqdır. Ona görə tarifləri bölmüşük. Üzümün sığortalanması dolu təminatı istəyirsə, Gəncədə, Qazaxda bahadır, Şəki, Zaqatalada nisbətən ucuz, Bakıda ondan daha da ucuzdur. Hər bölgənin, iqlim və bitki xüsusiyyətlərinə uyğun olaraq, tariflər dəyişir.

“Deyir “məhsulu neynirəm, onsuz da pulunu alacam”

- Olubmu ki, sığorta ödənişi etmək istədiyiniz halda, sahə məhsul verib?             
- Tovuzda və Ağstafada sığorta hadisəsi baş verdi. Fırtına, qasırğa oldu. Fermerlər aqrotexniki qulluğu vaxtında və düzgün etdiyinə görə, məhsul yenidən özünü bərpa etdi. Fermer qulluq üçün əlavə vəsait xərclədi, əmək verdi. Fermerin gözlədiyi məhsuldarlıq əldə olundu. Və buna görə də biz ödəniş etmədik. Ancaq burada fermerə haqsızlıq var. Məsələn, ikimiz də qonşuyuq və sığortalanmışıq. Külək ərazini məhv edir. Mən deyirəm ki, onsuz da sığortam var, narahat olmuram. Amma siz əziyyət çəkirsiniz, zəhmətiniz gedir, qoruyursunuz. Nəticədə siz əziyyət çəkib eyni məhsulu alırsınız, mən əziyyətsiz o pulu əldə edirəm. Biz mənfi tərəflərini öyrənəndə gördük ki, ölkələr sığorta sisteminin geniş tətbiq etdiyi ərazilərdə istehsalın aşağı düşməsi ilə rastlaşırlar. Camaat sığortalayır, hadisə baş verir, deyir “məhsulu neynirəm, onsuz da pulunu alacam”. Nəticədə istehsal azalır. Biz həmin fermerlər üçün qaydalarda dəyişiklik etmək istəyirik ki, sığorta hadisəsi baş verəndə fermer buna əlavə xərc çəkib, vaxt sərf edibsə, həmin fermerin çəkdiyi əziyyətin qarşılığında onun məsrəflərini ödəyək. Fermerin məqsədi sığortadan pul almaq deyil, məhsulunu əldə edib, satmaq olmalıdır. Ona görə də fermerlərə hərtərəfli dəstək olunmalıdır.

Fermerlərimizə çağırış edirik ki...

- Təsərrüfat sahiblərinə nə demək istərdiniz?
- Dövlət dəstəkli Aqrar Sığorta Prezident İlham Əliyevin fermerlərə xüsusi qayğısının bariz nümunəsidir.  Fermerlərə dəstək məqsədilə hesablanmış sığorta haqqının 50 faizi dövlət büdcəsi hesabına ödənilir. Buna görə də biz fermerlərə səslənirik ki, onlar bu xidmətdən faydalansınlar və öz məhsullarını qorusunlar. Artıq payızlıq əkinlərin dövrü başlayıb. Ölkədə 1 milyon 900 min hektar əkin ərazimiz var.  Onun 1 milyonu payızlıq əkinlərdir. Fermerlərimizə çağırış edirik ki, məhsullarını vaxtında sığortalasınlar ki, hadisə baş verdikdə zərərə məruz qalmasınlar.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər