Хосаlıdan Xocalıya...

Bu gün Xocalı sakinləri doğma yurdlarında təhlükəsiz, sabaha böyük inamla yaşayırlar, yaradırlar. Çünki Azərbaycanın hər bir qarışı kimi, and yerimiz olan Xocalını da bu gün qalib Azərbaycan Ordusunun nəfərləri qoruyur.
Erməni işğalının ən ağır səhifələrindən biri - Xocalı soyqırımının 33-cü ili tamam olur. Rusiyaya məxsus 366-cı alayın yardımı ilə daşnak və digər erməni terror təşkilatlarının həyata keçirdiyi bu qətliam “Əsrin faciəsi” adlandırılır. Çoxsaylı şahid ifadələri, erməni cinayətkarlarının özlərinin etirafları, toplanmış fakt və sübutlar bu vəhşətin bəşəriyyət əleyhinə ən qanlı hərbi cinayətlərdən biri olduğunu təsdiqləyib.
Soyqırımında başlıca hədəf
1992-ci il 26 fevralda həyata keçirilən Xocalı soyqırımında başlıca məqsəd Azərbaycanın suveren və tarixi əraziləri olan Dağlıq Qarabağ bölgəsində etnik təmizləmə, ordumuzun, xalqımızın döyüş ruhunu, əzmini qırmaq idi. Xocalının strateji əhəmiyyəti, burada həmin dövr üçün yeganə hava limanının olması da dinc sakinləri erməni faşistlərinin əsas hədəflərindən biri edirdi.
Qeyd edək ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb.
Soyqırımından 33 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı bu dəhşəti, erməni cinayətkarlarının bəşəri cinayətini əsla unutmur və unutmayacaq. Hər il “Xoacılaya ədalət” kampaniyası çərçivəsində dünya dövlətlərinə Xocalı həqiqətləri çatdırılır, soyqırımına hüquqi qiymətin verilməsi, parlamentlər tərəfindən tanınması istiqamətində əməli addımlar atılır. Artıq dünyanın onlarla qanunverici orqanı Xocalı faciəsini soyqırımı olaraq təsdiqləyib.
Soyqırımı qurbanlarının ruhları şaddır
2023-cü ilin sentyabr ayında həyata keçirilən anti-terror tədbirləri nəticəsində Xocalı da, digər yaşayış məntəqələrimiz kimi işğaldan tamamilə azad edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin iştirakı ilə 30 ildən artıq müddətdə qanayan yaramız olan Xocalıda Azərbaycan bayrağı qaldırıldı, həm də əbədi olaraq. Artıq Xocalı yenidən qurulur, vaxtilə silah zoru ilə, soyqırımına məruz qalaraq doğma evlərini tərk etmək məcburiyyətində qalan Xocalı sakinləri öz yurdlarına dönürlər. Xocalıda həyat yenidən başlayıb. Soyqırımı qurbanlarının ruhları şaddır. Çünki artıq Xocalı qalib Azərbaycanın nəzarətindədir, and yeridir.
Ədalət məhkəməsi qarşısında cavab verirlər
Bu gün Xocalı soyqırımında birbaşa iştirak edənlərin əhatə dairəsinin müəyyənləşdirilməsi, məsuliyyətə cəlb olunması istiqamətində də Bakı əməli addımlar atır. Hazırda Azərbaycan dövlətinə, xalqına qarşı bəşəri və hərbi cinayətlərdə ittiham olunan, həmçinin Xocalı soyqırımında birbaşa iştirak etdiyi güman edilən ermənilər ədalət məhkəməsi qarşısında cavab verirlər. Lakin bu siyahı da hələlik tam deyil. Çünki soyqırımına birbaşa rəhbərlik etmiş Robert Koçaryan, Serjik Sarqsyan, Seyran Ohanyan kimi canilər bu gün azadlıqdadırlar. Lakin zaman göstərdi ki, ədalət sonda mütləq öz yerini tapır. 30 il işğal olunmuş ərazilərdə havadarlarına arxalanaraq Xocalı soyqırımını törətmələri ilə bağlı öyünənlərin əksəriyyəti 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində layiq olduqları cavabı alıblar. Sağ qalanlar isə bu gün ədalət divanında cavab verirlər. Digərlərinin də məsuliyyətə cəlb ediləcəyi gün elə də uzaqda deyil.
Xatırladaq ki, Avropa İnsan Haqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını "müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər" kimi müəyyən edib.
Zəfərə inamımız heç bir zaman sarsılmayıb
Hər il işğal zamanı biz xalq olaraq Xocalı qurbanlarını Bakıda, “Ana harayı” abidə kompleksinin önündə anırdıq. Lakin bu gün onları azad Xocalıda yad edirik. Keçən il Prezident İlham Əliyevin iştirakı ilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməli qoyulub. Dövlət başçısının həmin mərasimdə səsləndirdiyi fikirlər Azərbaycan xalqının öz tarixi Vətənlərindən, Xocalıdan əsla vaz keçmədiyini, hər gün, hər dəqiqə ədalətin gec-tez zəfər çalacağına inandığını bir daha dünyaya göstərdi: “Onu bildirməliyəm ki, bu layihə çoxdan hazır idi, yer də seçilmişdi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdir. Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq”.
Bəli, bu gün Xocalı azaddır. Soyqırımı qurbanlarının yaxınları, övladları, doğma yurdlarından zor gücünə qovulan xocalılıların evlərinə qayıdışı davam edir. Bu gün Xocalı sakinləri doğma yurdlarında təhlükəsiz, sabaha böyük inamla yaşayırlar, yaradırlar. Çünki Azərbaycanın hər bir qarışı kimi, and yerimiz olan Xocalını da bu gün qalib Azərbaycan Ordusunun nəfərləri qoruyur. Soyqırımı qurbanlarının ruhlarının keşiyini bu gün müzəffər Azərbaycan əsgəri çəkir.
Azad Əliyev
