• şənbə, 20 Aprel, 09:08
  • Baku Bakı 14°C

Hazırda ölkədə hər hansı kəskin dərman qıtlığı yoxdur - Teymur Musayev

20.01.23 10:07 450
Hazırda ölkədə hər hansı kəskin dərman qıtlığı yoxdur - Teymur Musayev

Hazırda ölkədə hər hansı kəskin dərman qıtlığı yoxdur.

Trend-in məlumatına görə, bunu bu gün Şəhidlər Xiyabanında jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, dünyada baş verən son hadisələr səbəbindən dərman istehsalında istifadə olunan xammalın qiymətinin artırılmasına gətirib çıxarıb:

"Bu da müəyyən dərmanların qiymətində nisbətən artıma səbəb olur. Vəziyyət daim nəzarət altındadır. Lazımi tədarüklər görülüb, ehtiyac həcmləri təmin edilib. Dərmanların qiymətini Tarif Şurası müəyyən edir. Strateji baxımdan vacib olan dərmanların qiyməti nəzarət altındadır və bu tənzimlənir".

Qeyd edək ki, Azərbaycanda əhalinin dərmanla təchizatı əsasən idxal hesabına ödənilir. Bu baxımdan ölkəmizdə dərman istehsalının təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Belə ki, əczaçılıq sənayesinin inkişafı üçün dövlət tərəfindən zəruri infrastruktura (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) malik Pirallahı Sənaye Parkı yaradılıb. Artıq 5 sahibkarlıq subyekti ixtisaslaşmış Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

Artıq bir şirkət tərəfindən göbələk əleyhinə, şəkərli diabet, qan-damar sistemi və digər xəstəliklərin müalicəsində istifadə olunan 11 dərman vasitəsinin (“Fungipar”, “Diasmet”, “Rosapar” və s.) istehsalına başlanıb və hazırda həmin dərman vasitələri satışdadır. Digər istehsalçı tərəfindən isə şəkərli diabet xəstəliyində istifadə olunan “Diabeton MR” dərman vasitəsinin istehsalına başlanılmış və çeşidinin genişləndirilməsi, yeni istehsal sahələrinin təşkili ilə əlaqədar işlər aparılır.

Ümumilikdə dərman vasitələrinin istehsalının təşkili uzun müddət və maliyyə vəsaiti tələb edən mürəkkəb texnoloji prosesdir. İstehsalın təşkili bu sahədə ixtisaslaşdırılmış şirkətlər tərəfindən həyata keçirilməlidir.

Hazırda yerli dərman istehsalının təşviqi və investorların cəlb edilməsi istiqamətində mütəmadi olaraq danışıqlar aparılır.

banner

Oxşar Xəbərlər