bazar, 01 Oktyabr, 04:02

Baku Bakı 22°C

Havanın kəskin dəyişməsi bütün yaş qrupu insanların sağlamlığına mənfi təsir edir

icon 349 icon 15 may 2023 | 16:45 Havanın kəskin dəyişməsi bütün yaş qrupu insanların sağlamlığına mənfi təsir edir

Havanın kəskin dəyişməsi bütün yaş qrupu insanların sağlamlığına mənfi təsir edir. Xüsusilə, uşaqlar və xroniki xəstəlikdən əziyyət çəkən şəxslər bu tip havalara qarşı daha həssas olurlar.

Bunu AZƏRTAC-ın sorğusunu cavablandıran Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib. Onun sözlərinə görə, havaların kəskin dəyişməsi zamanı uşaqlarda respirator və yuxarı tənəffüs yolu infeksiyalarına yoluxmada artım müşahidə edilir.

Terapevt soyuq hava şəraiti zamanı valideynlərin uşaqlara daha ciddi nəzarət etməli olduğunu deyib: “Uşaqların geyiminə, sağlam qidalanmasına, düzgün yuxu rejiminə diqqət edilməlidir.

Ürək-damar sistemi, yüksək qan təzyiqi, xroniki xəstəlikdən əziyyət çəkən yaşlı insanlarda havanın kəskin dəyişməsi zamanı ağırlaşmalar ola bilər. Bu xəstəliklərdən əziyyət çəkən şəxslərin daha diqqətli olmağı və lazım olduqda mütəxəssisə müraciət etmələri tövsiyə olunur”.

Xatırladaq ki, mayın 14-dən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçir: yağış yağır, bəzi yerlərdə leysan xarakterli, intensiv olduğu qeydə alınıb, dağlıq ərazilərdə qar yağır. Mayın 14-də havanın temperaturu iqlim normasından 2.8° aşağı olub.