• cümə, 29 Mart, 05:27
  • Baku Bakı 7°C

Haqqın var yaşamağa... Fotolar

13.12.13 18:01 10555
Haqqın var yaşamağa... Fotolar
«Azərbaycanın Güneyindən, Quzeyindən, Doğu və Batı bölgələrindən ardı-arası kəsilməyən yazılar böyük şairə məhəbbət və ehtiramın təzahürü kimi «Kaspi»nin redaksiyasına axdı. İndiyəcən şairin yaradıcılığına müxtəlif aspektlərdən yanaşılaraq deyilməmiş, yazılmamış orijinal fikirlər toplusu Məmməd Araz poeziyasının dərya kimi dərinliyini və tükənməzliyini sübut etdi. Hər yeni fikirdəki təhlil və tədqiqat obyekti, fərqli rakursdan baxışlar demək idi». Bu fikirlər Məmməd Arazın 80 illik yubileyi ilə bağlı «Kaspi» qəzetinin keçirdiyi müsabiqənin yekununa və «Kaspi» qəzeti və Kaspi Təhsil Mərkəzinin layihəsi əsasında çap olunan «Haqqın var yaşamağa» kitabının təqdimatında səslənib.
Qeyd edək ki, nəşrdə «Kaspi» qəzetinin xalq şairi Məmməd Arazın 80 illik yubileyi ərəfəsində görkəmli şairin irsinin təhlilinə yönələn bədii-publisistik yazı müsabiqəsinə təqdim olunmuş yazılar yer alıb. Müsabiqəyə təqdim olunan yazılar münsiflər tərəfindən qiymətləndirildikdən sonra əvvəlcə «Kaspi» qəzetində dərc olunub, daha sonra isə kitaba daxil edilib.
«Kaspi» qəzetinin baş redaktoru Natiq Məmmədli qeyd edib ki, müsabiqəyə yazıların qəbulu 2013-cü ilin aprelindən sentyabr ayına kimi davam edib. Altı ay müddətində müsabiqəyə 80 məqalə təqdim olunub. Münsiflər heyəti tərəfindən dəyərləndirilən 60 məqalə kitabda daxil edilib. “Məqalələrdə ədibin irsi təhlil olunmaqla yanaşı, həmçinin publisistik fikirlər, şair barədə bir sıra arxiv materialları və xatirələr yer alıb”. N.Məmmədlinin sözlərinə görə, müsabiqənin mükafat fondu 10 min manat təşkil edib. Belə ki, layihənin gerçəkləşməsinə Kaspi Təhsil Mərkəzi maddi dəstək verib. «Müsabiqədə 1-ci yerin qalibi üçün 1000 manat, 2-ci yerin 2 qalibinin hər biri üçün 700 manat, üçüncü yerin 3 qalibinin hər biri üçün 500 manat müəyyənləşib. Müsabiqənin xüsusi mükafatı isə 26 nəfəri əhatə etməklə hər biri 200 manat təşkil edib”.
Sağlığında folklorlaşa bildi

«Məmməd Araz müsabiqəsinə təqdim olunan yazıların bir-birindən təsirli ifadələrindən həyəcanlanmamaq mümkünsüzdür. Tanınmış və ya ilk dəfə imzasını tanıdığımız şəxslərin yazılarını diqqətlə və heyranlıqla oxudum. İnsafən desək, heç vaxt tədqiqatlarına rast gəlmədiyim imzaların orijinallığı, məna dərinliyinə görə seçilən yazılar məni daha çox kövrəldir” - deyən «Kaspi» qəzetinin təsisçisi Sona Vəliyeva hər bir adamın içində Məmməd Araz sevgisinin olduğunu vurğulayıb: “Məqsəd Məmməd Araz haqqında dərc olunmamış yeni araşdırmaları, xatirələri, orijinal məlumatları toplamaq və onları Azərbaycan oxucularına bütöv bir kitab halında çatdırmaq idi. Müsabiqə yeni fikir, məlumat və fərqli düşüncələrin sərgisinə çevrildi”.
Məmməd Arazı əbədiyaşar şair adlandıran S.Vəliyeva azərbaycançılığın şairin Araz poeziyasının əsas qayəsi olduğunu vurğulayıb: «Heç bir şairin yaradıcılığında Azərbaycan haqqında bu qədər gözəl, dərin və düşündürücü ifadələr yoxdur. Məmməd Araz poeziyasının qidası bizim sonrakı ədəbiyyatımıza sirayət etməyə bilməz». Məmməd Arazın yaradıcı dil və üslubuna diqqət yönəldən S.Vəliyeva böyüdüyü mühitin şairin yaradıcılığında mühüm rol oynadığını qeyd edib: “Şair dağ rayonunun dağ kəndində doğulub. Elə bir kənddə dünyaya göz açıb ki, o kəndin hər bir tərəfi bir dastandır. Hər gülü, çiçəyi, daşı, qayası sanki danışır: «Məmməd Araz böyüdüyü ailədən, anasından danışır. Deyir ki, anam bir dastan idi. Bu cür ailədə dünyaya göz açmış bir insanın məntiqi təfəkkürünü inkişaf etdirən tapmacalar var idi. Məmməd Araz onları dinləmiş və öz məntiqini formalaşdırmışdı. Bayatılarla, laylalarla, dastanlarla bədii təfəkkürünü inkişaf etdirmişdi. Onun evi poeziya universiteti idi. O, Maksim Qorki adına Ədəbiyyat İnstitutundan əvvəl bu universiteti bitirmişdi. Sirr deyil ki, folklor ilk dəfə kənddə yaranıb. Əgər folklor insanın mənəviyyatında kök saldısa, gələcəkdə bədii təfəkküründə elə möcüzələr yaradır ki, insan onların qarşısında heyran qalmaya bilmir. Məmməd Araz da məhz belə yaradıcı şairlərimizdən idi. Onun dili sırf Tufarqanlı Abbas, Xəstə Qasım, Aşıq Ələsgər dili idi. Bu gün «Duman salamat qal, dağ salamat qal» şeirinin aşıqların ifasında oxunması, sözlərinin hətta orta məktəb təhsilli yaşlı qadınların dilində əzbər olması onu elə bil folklorlaşdırdı. O, yaradıcılıq ki, folklorlaşa bilmir, dilən-dilə keçmir nə yazıq ona! Amma Məmməd Araz sağlığında folklorlaşa bildi. Bu onun dilindən gələn böyüklüyü idi”.
Məmməd Arazı əbədiyaşar şairdir: «Əbədiyaşarlıq hər kəsə qismət olmur. O zirvəyə yüksələnlərin əksəriyyəti sağlığında mənəvi və maddi sıxıntıların imtahanından keçərək bu mərtəbəyə layiq olduqlarını sübut ediblər. Sağlığında da, dünyasını dəyişdikdən sonra da hər sözündə, kəlməsində Azərbaycan əzəmətdə görünən neçə şairimizi saya bilərik? Elə onlardan biri və birincisi kimi göz önündə Məmməd Araz dayanır». S.Vəliyeva görkəmli şairi sağlığında özünə heykəl ucaldan yaradıcı şəxs kimi dəyərləndirib: «Sağlığında sözü ilə özünə heykəl ucalda biləcək çox az şairlər var. Mən cəsarətlə deyirəm ki, Məmməd Araz məhz belə şairdir. Məmməd Araz tapşırığını İlahidən almışdı. Son günə qədər də bu missiyanı yerinə yetirdi. Səmimi poeziyası onu xalqa sevdirdi. Məhz səmimi şairlər xalqın yaddaşında qalır. Məmməd Araz Xalq şairi olandan çox-çox əvvəllər xalqın şairi oldu. Cavanikən, gəncikən müdrik ağsaqqala çevrildi. Min illərin zaman çərçivəsini aşaraq peyğəmbərlər kimi uzun bir ömrün irfan missiyasını qəbul etdi. Dünyanın varına-dövlətinə sahib olanlardan çox göz, könül toxluğu ilə yaşadı. Həyatı, havası, suyu, günəşi şəxsi istək və sevgisi Azərbaycan oldu. Elədiklərində və çəkdiklərində təmənnasız olan şairin həyat missiyası elə bundan ibarət idi. Ruhunun gücü, sağlamlığı zəkasının, istedadının parlaqlığı şeirlərinə köçdü, bu gün də yolumuza işıq salır”.
Başına gələnlərin, həyatında yaşadığı sarsıntıların şairin səhhətində izsiz ötüşmədiyini söyləyən S.Vəliyeva “İnsan gücündən artıq kədər və dərdlə yüklənəndə infarktlar, insultlar uçqunu yaranır, fiziki sağlamlığı itkiyə məruz qalır, bərpa olunmur. Məmməd Araz da Vətən, torpaq, millət taleyinin mücadiləsində sağlamlığını uçquna verdi” deyə qeyd edib: “ Onun ən gözəl tapıntısına belə qısqandılar. Milli qeyrətinə, təfəkkürünə həsəd aparıb onu başqa cür qələmə verdilər. İstedadlı adamlardan həmişə qorxublar. Gərək o qədər böyük adam, böyük ürək sahibi olasan ki, istedadlını önə çəkəsən. Ona qısqanclıqla yanaşırdılar ki, qabağa gedir. Amma bilmirdilər ki, İlahi özü onu bu qədər yazarın içindən seçərək gətirib qabağa qoyub. O, dərin düşüncəsi ilə, İlahinin ona bəxş etdiyi xəzinə ilə onsuz da öndə idi”.
S.Vəliyeva görkəmli şairə dövlət tərəfindən göstərilən qayğıya da diqqət çəkib: “Yaxşı şairlər xüsusi missiya ilə gəlir. Amma onlara dövlət dəstəyi də olmalıdır. Ulu öndər Heydər Əliyev Məmməd Arazın dövrün sənət zirvəsində durduğunu fəxrlə deyirdi. Ulu öndər Məmməd Araz haqqında çox dəyərli və gərəkli fikir söyləyərək: «Milli ruhun və şüurun dirçəlməsində, gənclərimizdə azadlıq, vətənpərvərlik hissinin oyanıb güclənməsində Xalq şairi Məmməd Arazın xidmətləri əvəzsizdir. Şairin istedadı müstəqil Azərbaycanın gələcəyi üçün daha gərəklidir”- deyə bildirib. Buna görə də ulu öndər onun müalicə olunmasına kömək etdi. Sonra bədii irsinin təbliğinə böyük ehtiyacın olmasını ön plana çəkdi. Daha sonra onun yubileyi ilə bağlı sərəncam və əsərlərinin latın qrafikası ilə çap olunması üçün göstəriş verdi. Məmməd Araz həm xalq, həm millət, həm də dövlət tərəfindən sevildi”.
S.Vəliyeva Məmməd Araz səmimiyyətinin min illər bundan sonra belə bütün ədəbi fikir adamlarına istedadlarını ifadə etməkdə örnək olacağına inamını gizlətməyb: «Mən inanıram ki, min illər keçəcək, Məmməd Araz poeziyası yaşayacaq. Hələ çox gənc tədqiqatçılar onun yaradıcılığına üz tutacaqlar”.
Məmməd Araz dili

«Dünyanın elə insanları var ki, onlar təkcə övladlarının atası, nəvələrinin babası deyillər, millətin, xalqın atasıdırlar. Çünki Məmməd Araz övladlarına, nəvələrinə verdiyindən min qat artığını xalqına, millətinə verib” deyən millət vəkili Aqil Abbas nə qədər Azərbaycan varsa, Azərbaycan poeziyasının yaşayacağını bildirib: “Bu xalq üçün kimlər yanıbsa Azərbaycan da onları yaşadacaq. Üzü Nizamidən, Füzulidən bəri, Hüseyn Caviddən bu yana, Məmməd Arazdan tutmuş xalqı üçün yanan şairlər yaşayacaq. Yalnız onlar ölən kimi bu millət də öləcək».
Tənqidçi Vaqif Yusifli qeyd edib ki, 20-ci əsr Azərbaycan poeziyasını Məmməd Araz poeziyası olmadan təsəvvür etmək mümkün deyil: “Gəlin, bir anlığa təsəvvür edək. Bir boşluq, çat əmələ gələr. Görərik ki, dərin sevgi şeirləri, Vətən şeirləri, dünya və təbiət şeirləri, milli özünüdərk barədə yazılan şeirlər ortada yoxdur. Nə yaxşı ki, Məmməd Araz var və bu gün də yaşayır. Çünki şairin vücudu torpağa gedir, özü və sözü qalır”. Tənqidçi «Məmməd Araz Azərbaycan poeziyasına nə verdi?» sualını incələyərək qeyd edib ki, şair təkrarsız Məmməd Araz üslubu yaradıb: «O, bizim poeziyamıza təkrarsız, bənzərsiz, kimsənin təqlid edə biləcəyi, ancaq çata bilməyəcəyi bir Məmməd Araz üslubu gətirdi. Üslub insandır, hər bir insan bir üslub deməkdir. Bir neçə şair bir neçə ideya ətrafında toplaşa bilər, ancaq o şairlərin hər birinin fərqli dəst-xətti, üslubu var. Məmməd Araz ilk şeirlərindən gətirdiyi bu fərdi üslubu ömrünün sonuna qədər davam etdirdi. Bu fərdi üslub nədə təzahür etdi? Onun dilində. Azərbaycan dilinin gözəlliklərini, incəliklərini, zərifliyini - dialekt sözləri ilə ədəbi dilin birləşməsindən yaranın Məmməd Araz dilini yaratdı. Azərbaycan mənəviyyatını, ekologiyasını, milli məişətini poeziyaya gətirdi. Məmməd Araz qədər torpağa, kəndə bağlı ikinci Azərbaycan şairi tanımıram».
V.Yusifli Məmməd Arazı milli poeziyamızda müstəqillik dövrü ədəbiyyatının banilərindən biri adlandıraraq diqqəti şairin 70-ci illərdən başlayan “Dünya silsilə şeirlərinə çəkib: “Məmməd Arazı filosov-şair kimi də səciyyələndirmək olar. Dünya obrazı, dünyaya müraciət son illərin poeziyasında daha sıx-sıx müşahidə olunur. Ancaq bu müraciətlər, çağırışlar heç də bütünlüklə poeziyada vahid bir mənzərə yaratmayıb. Dünya obrazı bu şeirlərdə öz harmoniyasını, bədii fəlsəfi tutumunu tapa bilməyib. Yalnız tək-tək şairlərdə bu obrazın müəyyən cizgiləri, konturları seçilə bilir. Məmməd Arazın poetik təsvirində Dünya təzadlarla dolu bir obraz səviyyəsində yüksəlir. Dünya əbədidir, daimidir. O, sənin, mənim və hamınındır, eyni zamanda o, nə mənim, nə sənin, nə də heç kimindir. Göründüyü kimi bu fikir dünya haqqında məşhur filosofların söylədiyi fikirlərin poetik variantıdır. Lakin poeziyanın qüdrəti bu məlum həqiqəti hətta min dəfə deyilsə də, sənət ecazında yenidən canlandırmaqdır. Məmməd Araz da buna nail olub».
«Məmməd Araz yaradıcılığına baxış keçirəndə o qədər zəngin olduğunu görürsən ki, ondan ayrılmaq olmur» - deyən KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, şairin yaradıcılığında insanı, təbiəti, dünyanı əhatə edən misralar var: «Məmməd Arazın şeirləri bu gün üçün yazılıb. Hər kəs üçün yazılıb. Elə sadə yazılıb ki, hər kəs onu başa düşə bilir».
Şairin qızı İradə Tuncay «Məmməd Arazın yubileyi ilə bağlı ölkə başçısının sərəncamı oldu. Yubileylər və müxtəlif xatirə tədbirləri keçirildi. Hər şey insanların yanaşmasından asılıdır. Bir rejissor işinə çox laqeyd yanaşa bilər. Aktyorlar şeiri öyrənmədən səhnəyə çıxa bilər. Yəni hər şey insanın şəxsi münasibətindən asılıdır»- deyə təqdimatın yüksək səviyyəsi ilə seçildiyini qeyd etdi. İ.Tuncay özünü Məmməd Arazın qızı deyil, hamı kimi böyük şairi sevən, sadəcə onu yaxından tanıyan, özünü onun əzablarını görən bir insan adlandırıb: «Məmməd Arazın çoxsaylı övladları var. Mən onun qızı deyiləm. Mən İbrahimov Məmməd İnfil oğlunun qızıyam. Məmməd Araz olaraq onun böyük adı, gurultusu mənə heç nə verməyib. O, bircə dəfə mənim yazımı redaktə etməyib, bircə dəfə mənim yazım üçün kiməsə ağız açmayıb. Məni işə düzəltməyib. Ona görə də «Təkcə sən Məmməd Arazın qızı deyilsən» fikirləri ilə razıyam”. İ.Tuncay Məmməd Arazın qəlblərdə yaşadığını vurğulayıb: “Məmməd Araz elə bir insandır ki, 5-6 adam bir yerə yığışırsa və ya xeyirdə, şərdə mütləq o, yada düşür, mütləq onun bir misrasını deyirlər. Demək, bu şair artıq xalqın qəlbindədir, onun haqqında çox böyük təbliğat vasitələri olmayıb. Xalq özü öz qəlbində seçir. Kimisə zorla ürəyə salmaq olmaz. Mən onu çox sevənlərin adından yazı yazan insanlara təşəkkür edirəm. Xalqın milli sərvətlərinə, dəyərinə hörmətlə yanaşan hər bir insana təşəkkür edirəm!»
Tədbirdə Məmməd Araz haqqında çəkilən sənədli filmin nümayişi keçirilib.
Sonda qaliblər mükafatlandırılıb. Müsabiqənin üç xüsusi mükafatı isə şairin ömür-gün yoldaşı Gülxanım Məlikməmmədovaya, qızı İradə Tuncaya və Kaspi Təhsil Mərkəzinin direktoru Elnur Əliyevə verilib.
Təranə MƏHƏRRƏMOVA

QALİBLƏR

I yer - Akif Əli – “Ağır daşlar altında” (patetik fantaziya)
II yer - 1. Flora Xəlilzadə - “Kürreyi-ərzin şairi”
2. Nizami Muradoğlu – “Məmməd Arazın poeziyasında Dünya obrazı”
III yer – 1. Telli Pənahqızı – “Su olur yandıran, su tapmır yanan...”
2. Şamil Vəliyev – “Poetik möcüzələr ustası”
3. Qan Turalı – “Məmməd getdi, Araz qaldı”
Xüsusi mükafatlar

1. Abid Tahirli – “Sirli, sehrli sətirlər”
2. Vaqif Yusifli – “Məmməd Araz : Filosof - şair”
3. Əlövsət Bəşirov - “Məmməd Araz: «Milli qürur, milli qeyrət, səninləyəm!»
4. Qərənfil Dünyamin qızı - “İnanmasanız da, bu bir həqiqətdir...”
5. Xanəli Kərimli – “Məmməd Araz yaradıcılığında azərbaycançılıq”
6. Tahir Aydınoğlu – “Poetik sözün Məmməd Araz möcüzəsi”
7. Nahid Hacızadə - “Yox ayrı dərmanım, dözümdən ayrı...”
8. Rafiq Səfərov – “Düşünüb-düşündürən, unudulmaz şairimiz – Məmməd Araz”
9. Zəkurə Quliyeva – “Məmməd Araz deyəndə ayağa dur ki…”
10. Ədil Ədilzadə - “Röyaların gerçək qəhrəmanı”
11. Aslan Quliyev – “Vəsiyyət”
12. Mehman Qaraxanoğlu - “Ev tapşırığı”nı başqa xətlə yazanlar”
13. Esmira Məhiqızı – “Atamın dostu”
14. Elçin Məmmədli - «Nişançı özümüz, hədəf özümüz»
15. Əsəd Əliyev - «İsti su» və bir mahnının yaranma tarixi…”
16. Fərid Hüseyn – “Bir axşamın balladası: konseptual şeirdə ayrılmaz misralar”
17. Hikmət Məlikzadə - “QOCA şair - UCA şair”
18. Rəhilə Elçin – “Hər zaman vardı, Məmməd Araz əbədi yaşardı…”
19. İbrahimxəlil – “Məmməd Arazın ortancıl oğlu” (ucqar havası)
20. Qardaşxan Əzizxanlı – “Məmməd Arazın son günləri, son saatları və sonrakı saatlar, sonrakı günlər”
21. Ziyadxan Əliyev – “Məmməd Arazın söz palitrası”
22. Mirzə Məmmədoğlu – “Onun Məmməd Araz dünyası”
23. Tofiq Abdin – “Bir inadın sevdasına”
24. Yaşar Qasımbəyli – “Minilliyin şeiri”
25. Əlirza Sayılov - “Ön söz əvəzi”
26. Gülayə - “Məmməd Araz dünyasından baxaq cahana”Fotolar"> Fotolar"> Fotolar"> Fotolar"> Fotolar"> Fotolar"> Fotolar">

banner

Oxşar Xəbərlər