• cümə, 27 Dekabr, 06:55
  • Baku Bakı 10°C

“Güclüyəm, amma şiddətə meyilli deyiləm”

08.03.24 05:33 7340
“Güclüyəm, amma şiddətə meyilli deyiləm”

Sevilə Muradova: “İnsan həyatda hər şeyi etməyə qadirdir. Heç bir qadın zəif deyil. Zəiflik, zəriflik onun həyat seçimidir, xüsusiyyəti deyil”.

Qadınlar özlərini sübut etmək üçün tez-tez “qadın zəif deyil, zərifdir” misalını çəkmək məcburiyyətində qalırlar. Çünki əksər insanlar, xüsusilə də qarşı cinsin nümayəndələri qadının zəif olduğunu əsas götürərək, üzərində hökmranlıq etməyə çalışırlar. Budəfəki müsahibimiz bu düşüncələri alt-üst edir. O, “qadın zəifdir”, “kişi qadından güclüdür” sözlərinə inad bütün kişilərə meydan oxuyub. Müsahibimiz vaxtilə Azərbaycanı yarışlarda təmsil edərək bayrağımızı dalğalandıran, sambo yarışlarında müxtəlif titullara sahib olan Sevilə Muradovadır.

Həyətdə dava edərkən kəşf edilib

Bakıda anadan olub. Atası gəmi kapitanı, anası evdar qadındır, üç bacının ortancılıdır. Deyir ki, uşaqlıqdan bütün idman növlərinə marağı olub: “Tennis, voleybol, gimnastika ilə məşğul olurdum. İdmanla tanışlığım beş yaşımdan başlayıb. 6-cı sinifdən peşəkar şəkildə cüdo ilə məşğul oldum. Ondan sonra idman mənim həyat tərzimə çevrildi”.

Sevilə xanım deyir ki, həyətdə uşaqlarla dava edərkən cüdo məşqçisi onu görüb və istedadını kəşf edib: “Çox dəcəl, davakar uşaq idim. Özümdən böyük yaşda olan oğlanlarla dalaşır və həmişə də qalib gəlirdim. Yadımdadır, bir dəfə atam mənə izah etdi ki, əgər sənə qarşı kimsə səhv hərəkət edirsə, şiddətə baş vurma, valideynlərinə şikayət et. Bir dəfə atamın dediyini etdim, uşağın anası mənə dedi ki, “oğlum nə edibsə, əcəb edib”. Mən də bundan sonra çarəm qalmadığını görüb dalaşdım. O vaxt həyətdən təsadüfən cüdo məşqçisi keçirmiş. Bu vaxt məni görüb, müşahidə edib. Çağırıb soruşdu ki, idmana gəlmək, peşəkar şəkildə məşğul olmaq istəyirəm? Düşünmədən “hə” dedim və peşəkar idman həyatım başladı”.

"O qədər zəif kişilər var ki..."

Sevilə xanım demokratik ailədə böyüdüyü üçün özünü xoşbəxt hiss edir. Deyir ki, ailəsi ona heç vaxt “sən qızsan, qız kimi hərəkət et” sözünü deməyib, onun karyerasına mane olmayıb: “Qadının qarşısına qadın olduğu üçün baryerlərin qoyulması acınacaqlıdır”.

Həmsöhbətimiz cinsiyyətin görülən işlərlə əlaqəsi olmadığını düşünür. Deyir ki, zəif qadın olduğu kimi, zəif kişilər də var: “Hər bir insan zəif də ola bilər, güclü də. O qədər zəif kişilər var ki... Məsələn, kişilər mənimlə yarışmağa çəkiniblər. Ona görə də “kişidirsə güclüdür, qadındırsa zəif” fikirlərini qəbul etmirəm. O qədər qorxaq kişilər görmüşəm ki... Bu, niyə ancaq qadına aid edilir?”

“Azərbaycan çempionatlarında 17 birinciliyim var”

Sevilə xanımın ən böyük pərəstişkarları da ata-anası olub. Məhz bu motivasiya ilə yarışlarda dərəcələr əldə edib, Avropa, dünya çempionluğunu qazanıb: “İdmanda ilk uğurum uşaqlar arasında keçirilən yarışda Bakı üzrə üçüncü yeri tutmaq idi. 11 yaşım vardı. Uduzmağı sevmirdim və bu hiss məni daha da gücləndirirdi. Ondan sonra Bakı birincisi, Azərbaycan birincisi oldum. Cüdo və sambo ilə məşğul olurdum. Azərbaycan çempionatlarında 17 birinciliyim var. Daha sonra sambo üzrə həm dünya çempionu, həm də Avropa çempionu oldum. Müəyyən dövrdən sonra zədələr səbəbindən karyeramı sonlandırmaq məcburiyyətində qaldım”.

“Heç kim mənim həyatımı yaşaya bilməz”

Sevilə xanım deyir ki, karyerası ilə bağlı ətrafın fikirləri ona heç vaxt maraqlı olmayıb. Düşünür ki, ona həyat bir dəfə verilib, onu istədiyi kimi yaşaya bilər: “Heç kimi qınamıram, yaxud seçdiyi yola təəccüblənmirəm. Mənə həyat bir dəfə verilib və bunu yaşayacağam. Heç kim mənim həyatımı yaşaya bilməz”.

“Özünə hörmət edən idmançı zəifi əzməz”

Güc deyəndə bir çox insan vurmaq, döymək, şiddət başa düşür. Hətta bəzi insanlar idmançı dostları ilə qürrələnirlər. Müsahibimiz deyir ki, zəifə güc tətbiq etmək, şiddət göstərmək onun ailəsində qadağan olunan və heç vaxt rastlaşmadığı hərəkət olub: “Atamın da idmanda dərəcələri var idi. Amma ailəmizdə heç vaxt əl qaldırmaq, uşaq döymək, yaxud kişinin öz gücünü qadının üzərində tətbiq etməsi olmayıb. Biz ümumiyyətlə, bunların nə demək olduğunu bilməmişik. Mən güclüyəm, amma şiddətə meyilli deyiləm. Sən güclüsən deyə, bu haqqı sənə heç kim verməyib ki, zəifə şiddət göstərəsən. Danışaraq çözülə bilməyən heç nə yoxdur. Özünə hörmət edən idmançı özündən zəifi əzməyə çalışmaz”.

"Ailə deyib ki, sən ərə getməlisən..."

Seviləni heyfisləndirən ən böyük nüans isə vaxtilə idmanda kifayət qədər uğurlar qazana biləcək olan qadınların ailələri tərəfindən əngəllənməsi olub: “Mən də qadınların karyeralarının ailələri tərəfindən əngəllənməsinin şahidi olmuşam. Qadınlar var idi ki, bununla mübarizə aparırdı, amma “ailəmin üzünə qayıda bilmərəm”, - deyib taleyi ilə barışanlar da az olmayıb. O qədər qızlar var ki, bu gün ən uğurlu xanımlardan ola bilərdilər. Amma ailə deyib ki, sən ərə getməlisən. 18 yaşında məcbur ərə verilən qızlar görmüşəm və çox təəssüflənmişəm. Təsəvvür edirsiniz, insan karyerasının zirvəsində məcbur ərə verilib”.

Seviləni qadınlarla bağlı ən çox narahat edən məsələ isə güclü qadının “kişi kimi qadın” deyə təqdim edilməsidir: “Mən güclüyəm, amma kişi kimi olmağıma ehtiyac yoxdur, qadın kimi güclüyəm”. 

"Qadının daxilindəki güc kişilərdəkindən də çoxdur"

Sevilə xanım həm də 8 Mart Beynəlxalq Qadınlar Günündə dünyaya gəlib. Məhz bu gün öz həmcinslərinə səslənir, deyir ki, qadının daxilindəki güc kişilərdəkindən də çoxdur: “Qadınlara demək istəyirəm ki, güclü olsunlar. Fiziki güclü olmasalar belə, mənəvi güclü olsunlar. O güc hər bir qadının içində var və kişilərdən də çoxdur. Heç bir qadın zəif deyil. Zəiflik, zəriflik onun həyat seçimidir, xüsusiyyəti deyil”.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər