• cümə axşamı, 19 dekabr, 13:08
  • Baku Bakı 6°C

Gələcəkdə yaxşı gəlirli sahə ola bilər 

08.10.22 04:30 1977
Gələcəkdə yaxşı gəlirli sahə ola bilər 

Azərbaycan artıq zeytun yağı ixracına başlayır. Mütəxəssislər deyirlər ki, bu sahədə böyük gəlir imkanları var. Amma daxili bazarın tələbatını tam yerli istehsal hesabına ödəmək də mümkün deyil. Çünki tələbat çox, zeytun əkini üçün uyğun ərazilərimiz isə məhduddur.  

Azərbaycanın zeytun yağı istehsalçısı olan şirkətlərindən biri bu ilin iyul ayında Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iri distribütor şirkətləri ilə sızma zeytun yağının ixracı üzrə müqavilələr imzalayıb. Bu, əslində, Azərbaycan iqtisadiyyatı üçün yaxşı xəbərdir. Maraqlıdır, xaricə zeytun yağı ixracını artırmaq, ümumiyyətlə, bu sahəni bir qədər də inkişaf etdirmək üçün daha hansı addımlar atılmalıdır?

Zeytunçuluq üçün çox böyük imkanlar var

İqtisadçı Pərviz Heydərov “Kaspi”yə açıqlamasında dedi ki, əvvəllər Azərbaycanda zeytunçuluq ənənəsi daha güclü idi: “Zeytun mülayim iqlim şəraitini xoşlayır. Bu iqlim də, əsasən, Abşeron rayonundadır. Abşeronun zeytunçuluq üçün çox böyük imkanları var. Sovet dövründə Abşeronda zeytun plantasiyalarının sayı kifayət qədər çox idi. Müstəqillik illərində zeytun bağları dağıdıldı, zeytun ağaclarının sayı xeyli azaldı. Amma 1993-cü ildən sonra Azərbaycanda sabitlik bərpa olunub, iqtisadiyyat özünə gəlməyə başlayanda zeytunçuluq da sahibkarların diqqətini cəlb etməyə başladı. İndi elə sahibkarlar var ki, dövlətdən kredit alıb zeytun plantasiyaları salır, gəlir əldə edirlər”.

Yerli tələbatı tam ödəmək imkanına sahib deyilik

Ekspert bildirdi ki, Azərbaycan bazarında xarici məhsullara tələbat böyükdür: “Bazarlarda daha çox xarici zeytun yağlarının olmasının səbəbi idxalla əlaqədardır. İdxal olunan zeytun yağları həm qiymət cəhətdən münasibdir, həm də geniş çeşidə malikdir. Biz isə bu sahədə yeni addım atmağa başlamışıq. Məhsullarımızın qiyməti hələ əlverişli deyil, maya dəyəri yüksəkdir. Amma əgər zeytun yağımızı Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrə ixrac edə biliriksə, deməli, keyfiyyət pis deyil. Sadəcə, hələ ki kəmiyyət baxımından yerli tələbatı tam ödəmək imkanına sahib deyilik. Ümumiyyətlə, təkcə zeytunçuluq sahəsində deyil, əksər qida məhsulları üzrə daxili bazarda daha çox idxal məhsullarına rast gəlirik”.

Sahə yenicə dirçəldiyi halda artıq ixraca başlamışıqsa...

P.Heydərovun fikrincə, gələcəkdə diqqət ayrılarsa, bu sahə çox gəlirli ola bilər: “Hazırda bizim bu sahədəki potensialımız digər ixtisaslaşmış ölkələr kimi deyil. Amma sahə təzə-təzə dirçəldiyi vaxtda artıq ixraca başlamışıqsa, deməli, gələcəkdə öz daxili tələbatımızı da ödəyə bilərik. Yerli məhsulumuz bazarda digər ölkələrin məhsulları ilə rəqabət apara biləcək imkana malikdir. Dövlət səviyyəsində bu sahəyə müvafiq maliyyə dəstəyi göstərilərsə, diqqət ayrılarsa, daha geniş çeşiddə məhsullar istehsal edə bilərik. Bu məhsulların xaricdə satışı və ixracı nəticəsində həm sahibkarlarımız, həm də dövlət büdcəmiz xeyli gəlir götürə bilər”.

Zeytunçuluqla bağlı dövlət proqramına ehtiyac var 

İqtisadçının sözlərinə görə, bu sahəyə maraq göstərən sahibkarları stimullaşdırıb saylarını daha da artırmaq lazımdır: “Çox müsbət hadisədir ki, sahibkarların bu sahəyə marağı var. Bu sahəyə pul qoyanlar işə bələddirlər və necə gəlir götürəcəklərini bilirlər. Ona görə riskin altına girib addımlar atırlar. Dövlətin də vəzifəsi sahibkarları stimullaşdırıb saylarını artırmaqdır. Abşeron rayonunda zeytunçuluğun inkişafı üçün ağacların artırılmasına da xüsusi diqqət ayrılmalıdır. Çox təqdirəlayiq olardı ki, zeytunçuluğun inkişafı ilə bağlı müvafiq dövlət proqramı qəbul edilsin. Bu proqramın icrası ilə əlaqədar büdcədən stimullaşdırıcı maliyyə dəstəyi göstərilsə, yaxşı olar”.

60-70 ton çox görünə bilər, amma...

Ekspert Eldəniz Əmirov isə dedi ki, hələlik zeytun yağı  istehsalımız daxili tələbatı ödəmək gücündə deyil: “Zeytunçuluğun inkişafında müəyyən problemlər yaşandı. Sovet dövrü başa çatdıqdan sonra mövcud zeytun sahələrinin müxtəlif inzibati ərazi vahidlərinə düşməsi, müəyyən hissəsinin fərqli qurumlara verilməsi, Bakıətrafı kəndlərdə fərqli-fərqli təyinatlarla istifadə olunması istehsalda ciddi azalmaya səbəb oldu. Bir neçə il bundan öncə Azərbaycanda təxminən 60-70 ton zeytun yağı istehsal olunurdu. 60-70 ton çox görünə bilər, amma Sovet dövrü ilə müqayisədə 4-5 dəfə azdır. Eyni zamanda, daxili bazarın tələbatını ödəmək gücündə deyil”.

Daxili bazarın tələbatı çox, torpaq ərazilərimiz isə...

E.Əmirovun fikrincə, əgər salınan zeytun bağlarına normal qulluq olunarsa, daha çox mənfəət əldə etmək mümkündür: “Zeytun bağlarının bir hissəsi Cəmşid Naxçıvanski adına hərbi liseyin ərazisinə düşdü. Digər zeytun sahələri Bakının Buzovna, Kürdəxanı, Qala, Zığ, Hövsan, Bilgəh kəndlərinin ərazisindədir. Adekvat davranılmadığından, qulluq göstərilmədiyindən bağların ümumi sahəsi azalıb. Yeni zeytun bağlarının salınması üçün hazırkı hesablamalara görə 36 kvadratmetr ərazi üçün təxminən 4500 manat vəsait tələb olunur. Belə bağlar, əsasən, 2-3 illik tinglərlə salınır. Normal qulluq olunarsa, hər hektardan 100 sentnerə qədər məhsul almaq mümkündür. Alınarsa, 36 kvadrat sahədən 2 min manata qədər mənfəət əldə etmək olur. Amma bütün hallarda daxili bazarın tələbatını ödəyə bilməyəcəyik. Çünki daxili bazarın tələbatı çox, zeytun əkini üçün ərazilərimiz isə məhduddur”.  

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər