cümə, 12 Avqust, 07:02

Baku Bakı 22°C

Dövlət dəstəyinə ehtiyac duyan bazar 

icon 701 icon 09 iyul 2022 | 03:00 Dövlət dəstəyinə ehtiyac duyan bazar 

“Səhm bazarının yaranması və inkişafı üçün tələb olunan infrastruktur elementləri mövcuddur, yoxsa yox? Son 20 ildə Azərbaycanda qiymətli kağızlar bazarının bütün əsas elementləri, yəni fond birjası, depozitar, investisiya şirkətləri, nəzarət orqanı, normativ-hüquqi baza yaradılıb və inkişaf etdirilir. Beləliklə...” 

Son dövrlərdə “Azərbaycan şirkəti səhmdarlarına dividend ödəyəcək” başlıqlı xəbərlərlə tez-tez rastlaşırıq. İqtisadiyyatın inkişafında güclü təsirə malik olan səhm bazarında işartılar görünsə də, hələ ki, istənilən səviyyədə deyil. Bəs nə üçün Azərbaycanda səhm bazarını formalaşdıra bilmirik? Niyə bizdə böyük müəssisənin səhmdarı olub illik qazanc sahibi olanlar barmaqla sayılacaq qədər azdır? Problem nədir və hansı addımlar atılmalıdır?

“Səhmdar cəmiyyətlər daha çox inkişaf edərsə...” 

Millət vəkili Vüqar Bayramlı da “Kaspi”yə açıqlamasında təsdiqləyir ki, ölkədə qiymətli kağızlar bazarı son zamanlar zəif inkişaf edən sahələrdəndir: “Bu bazarın inkişafı ilə bağlı həm Mərkəzi Bank, həm də digər qurumlar tərəfindən işlər görülsə də, Azərbaycan iqtisadiyyatındakı payı yüksək deyil. Çünki Azərbaycanda səhmdar cəmiyyətləri müəssisələrin digər formaları ilə müqayisədə daha zəif inkişaf edib. Xüsusən də, özəlləşmə prosesindən sonra səhmdar cəmiyyəti kimi yaranan yeni müəssisələr sonradan firma kimi formalaşmağa başladı. Səhm bazarının inkişafı səhmdar cəmiyyətlərinin inkişaf səviyyəsindən birbaşa asılıdır. Əgər səhmdar cəmiyyətlər daha çox inkişaf edərsə və şirkətlər səhmdar cəmiyyət formasında fəaliyyət göstərməyə üstünlük verərsə, bu bazar da inkişaf edər. Bu istiqamətdə dövlət dəstəyinin gücləndirilməsinə ehtiyac var”. 

“Son iki ildə aktivlik var”

Daxili və xarici bazarlarda ticarət bölməsi üzrə mütəxəssis Elçin Məmmədov deyir ki, hazırda respublikada 2000-dən çox səhmdar cəmiyyətlər mövcuddur və bu cəmiyyətlərdən bir hissəsinin səhmləri Bakı Fond Birjasında tədavüldədir: “Onların arasında mənfəətlə çalışan, stabil dividend ödəyən şirkətlər də var. İnvestorların bu şirkətlərin səhmlərinə maraq göstərməsi, onlarla ticarətin nisbətən daha aktiv aparılmasının əsas səbəblərindəndir. 2021-ci ildə Azərbaycanda səhmlərlə ilkin bazarda 211 milyon, təkrar bazarda isə təxminən 67 milyon manat həcmində alqı-satqı əqdi bağlanıb. Bu göstəricilər qiymətli kağızlar bazarının ümumi həcmi ilə müqayisədə kiçik görünsə də, ölkəmizdə səhm bazarının yox olmasını deməyə əsas vermir. Son 10 il ərzində ölkəmizdə səhm və ümumilikdə qiymətli kağızlar bazarının inkişafı üçün mühüm tədbirlər görülüb. Bazarın effektiv fəaliyyəti üçün bazar infrastrukturunun bütün elementləri artıq yaradılıb və aktiv fəaliyyət göstərir. İnvestorların hüquqlarının müdafiəsi, qiymətli kağızların buraxılışı və tədavülü, bazarın peşəkar iştirakçılarının lisenziyalaşdırılması, fəaliyyəti və digər aidiyyəti məsələləri tənzimləyən qanunvericilik bazası yaradılıb. Son iki ildə bu sahədə aktivlik var. Ümid edirəm ki, biz yerli bazarda aktiv istiqraz buraxılışı ilə yanaşı, səhm buraxılışı vasitəsi ilə də kapital cəlb edilməsinə maraq göstərən şirkətlərin sayında artım görəcəyik”.

İki əsas problem var

Ekspertin sözlərinə görə, bu sahədə iki əsas problem var: “İlk problem infrastrukturdur. Səhm bazarının yaranması və inkişafı üçün tələb olunan infrastruktur elementləri mövcuddur, yoxsa yox? Son 20 ildə Azərbaycanda qiymətli kağızlar bazarının bütün əsas elementləri, yəni fond birjası, depozitar, investisiya şirkətləri, nəzarət orqanı, normativ-hüquqi baza yaradılıb və inkişaf etdirilir. Beləliklə, infrastruktur baxımından səhm bazarının inkişafı qarşısında hazırda maneə durmur. İkinci problem səhmlərin tələb-təklif problemidir. Yəni səhm buraxmaq yolu ilə qiymətli kağızlar bazarından kapital cəlb etmək niyyətində olan şirkətlərin və vəsaitlərini bu səhmlərə yatırım etmək niyyətində olan investorların mövcudluğu müzakirə mövzusuna çevrilir. Əgər biz bu gün yerli şirkətlərin səhmlərinə investisiya edən və etmək istəyən şəxslər tapa biliriksə, səhm buraxaraq kapital cəlb etmək istəyən şirkət tapmaq çox çətindir. Fikrimcə, bunun əsas səbəbi biznes sahiblərinin də yaratdıqları şirkətlərdə mülkiyyət paylarının səhm satışı vasitəsi ilə kənar şəxslərə ötürülməsinə tərəddüdlə yanaşmasıdır. Bu cür yanaşmanı tək bizim ölkədə yox, bir çox kontinental Avropa ölkələrində də müşahidə etmək olar. Misal üçün, Avropanın ən böyük ölkələrindən və dünyanın aparıcı iqtisadiyyatlarından biri olan Almaniyada da bir çox nəhəng şirkətlər səhmdar cəmiyyəti formasında təsis olunsa da, səhmləri birjada ticarət edilmir. Fikrimcə, kapital bazarının daha çox istiqraz yönümlü və ya səhm yönümlü olmasını ölkənin inkişaf səviyyəsi ilə yox, həmin ölkədə bərqərar olunmuş iqtisadi münasibətlər mədəniyyəti ilə daha çox əlaqələndirmək olar”.

“Əhalinin maliyyə savadlılığı artırılmalıdır”

Mütəxəssis vurğulayır ki, bu sahəyə marağı artırmaq üçün əhalinin maliyyə savadlılığı artırılmalıdır: “Həmçinin kapital bazarında mövcud investisiya alətlərinin çeşidi artırılmalıdır. Maliyyə savadlılığının artırılması tədbirləri ilə dövlət qurumları, təhsil ocaqları və sözsüz ki, bazarın peşəkar iştirakçıları məşğuldur. Bazarda mövcud investisiya alətlərinin genişləndirilməsi isə ilk növbədə peşəkar iştirakçıları olan investisiya şirkətlərindən asılıdır. Onlar qısa müddətdə kapital bazarında təcrübəsi olmayan sıravi vətəndaşlardan aktiv investor kütləsi formalaşdırmaq potensialına malikdir. Misal üçün, əhali arasında yaxşı tanınan şirkətin istiqraz və xüsusilə də səhmlərinin kütləvi təklif üsulu ilə bazara buraxılması və prosesin KİV-lərdə geniş təbliğ edilməsi vətəndaşların marağını bu investisiya alətinə çəkə bilər. Nəticədə bir dəfə qiymətli kağıza investisiya etmiş şəxsin ikinci dəfə də digər alətə investisiya etmək ehtimalı artır ki, bu da öz növbəsində həmin şəxsin aktiv investor təbəqəsinə daxil olmasına şərait yaradır”.

Aygün ƏZİZ